DTX əməliyyat keçirdi: Azərbaycanda terror aktları planlaşdıran şəxs həbs edildi VİDEO
Azərbaycanda terror aktları planlaşdıran şəxs həbs edilib.
Elminfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb.
Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.
Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.
Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluğa hazırlıq) maddələri ilə Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda müəyyənləşdirilib ki, Bəhruz Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırıb, lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib.
Hazırda cinayət işi üzrə bütün xüsusatların araşdırılması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.