Dünyanın ilk uçan mikroçipi
Amerikalı alimlər dünyanın ən kiçik və ilk uçan mikroçipini icad ediblər. Toxumların külək vasitəsilə yayılmasından ilham aldıqlarını dilə gətirən mütəxəssislər mikroçipin sensor, antenalar və gizli bir yaddaşa sahib olduğunu söyləyirlər. Mikroçipin COVID-19 kimi hava ilə yayılan yoluxucu xəstəliklərin aşkarlanması, suyun çirkliliyinin ölçülməsində istifadə ediləcəyi nəzərdə tutulur.
ABŞ-ın Northwestern Universitetinin mühəndisləri küləklə yayılan toxumları təqlid edən dünyanın ən kiçik və uça bilən mikroçipini yaradıblar. Mütəxəssislər mikroçipin geniş bir əraziyə yayılaraq havada keçirdiyi müddətdə və aşağı enərkən viruslarla qarşılıqlı əlaqədə olduğunu qeyd ediblər.
Qum dənəsi ölçüsündə olan mikroçipə, havadakı çirkliliyi ölçmək, müxtəlif dalğa uzunluğunda günəş radiasiyasını öyrənmək və suyun keyfiyyətini təyin etmək üçün PH sensoru quraşdırılmışdır. Cihaz həmçinin sensorlar, müxtəlif enerji təchizatı, simsiz əlaqə üçün antenalar və məlumatların saxlanılması üçün yaddaş sisteminə malikdir.
Elm adamları cihazın ərsəyə gəlməsi üçün bir neçə bitkinin toxumlarının aerodinamikasını öyrəndiklərini və ulduzşəkilli tristellateiya bitkisinin toxumlarından ilham aldıqlarını söyləyiblər. Alimlər hazırladıqları çipi qanadları olan bu toxumlara bənzədiblər.
“Cihazı hazırlamaqda məqsədimiz hava çirkliliyinin monitorinqini və yoluxucu xəstəliklərin izlənməsini təmin etməkdir” – deyə bioelektronika mühəndisi, çipin ixtiraçısı John Rogers bildirib.
Rogers və komandası cihazı laboratoriya şəraitində müxtəlif metodlardan istifadə edərək sınaqdan keçiriblər.
İnformasiyanı “SciTechDaily” veb saytı yayıb.
respublika-news.az