Əliağa Vahidi püxtələşdirən, bolşeviklərin qəzəbinə uğrayan “Məclisi-üns” – Salyandan REPORTAJ
Ötən əsrin əvvəllərində Muğan bölgəsində yaradıcı insanları bir araya gətirən “Məclisi-üns” ədəbi məclisi bu gün də sayğı ilə anılır.
“Report”un Aran bürosunun məlumatına görə, XIX-XX əsrlərdə Şuşada, Şamaxıda, Bakıda olduğu kimi, Salyanda da “Məclisi-üns” ədəbi məclisi fəaliyyət göstərib. XX əsrin əvvəllərində yaradılan bu məclis Azərbaycan bolşevik işğalına məruz qalanadək mövcud olub.
Tarixçi-tədqiqatçı Sahib Həsənovun sözlərinə görə, o zaman bölgənin şair və musiqiçiləri müntəzəm olaraq Salyanın Babazanan adlanan Şirvan tayında təhsilli, ərəb və rus dilini mükəmməl bilən, şeirə, sənətə hörmətlə yanaşan, imkanlı şəxs olan Mustafa Mir Yəhya oğlunun evində toplaşıblar. Onun atası Mir Yəhya varlı mülkədar olmaqla bərabər, dindar və səxavətli bir şəxs idi. Mir Mustafanın babası da adlı-sanlı seyidlərdən sayılan Hacı Mir Nağı sayılıb-seçilən insanlardan biri olub.
Mir Mustafanın yaşadığı mülk on otaqdan ibarət hündür, görkəmli bir bina idi. Gözəl memarlıq üslubunda tikilmiş binada şərq memarlığının elementlərindən məharətlə istifadə edilib. Binanın xonça qapısı, şəbəkəli pəncərələri, oyma naxışları və hündür tavanı göz oxşayıb. Evin bəzəldilmiş bir salonuna giriş qapısı ayrı olub. Şairlər və musiqiçilər məhz həmin salonda bir araya gəliblər.
Mir Mustafa Mir Yəhya oğlu (Nağıyev) Azərbaycanda məşhur “Qafqaz və Merkuri” şirkətində çalışıb. Xəzərdə gəmiçilik işləri ilə məşğul olan bu səhmdar cəmiyyət 1858-ci ildə qurulub. Cəmiyyətin bir üzən doku (təmir edən üzən gəmi), 62 üzən körpüsü,150-dən çox gəmisi olub. Xəzər dənizi limanlarına müxtəlif yüklər və sərnişin daşımasını həyata keçirən Cəmiyyət daha sonralar sahibkar təşkilatına çevrilib. Cəmiyyət Qərbi Avropaya, İrana və Amerikaya tranzit yüklərin daşınması, onların saxlanılması ilə də məşğul olub.
“Mir Mustafa Mir Yəhya oğlunun təşkil etdiyi ədəbi məclisdə məşhur qəzəlxan Əbülhəsən Vaqif Səlyani, o vaxt hələ gənc olan qəzəlxan Əliağa Vahid, məşhur yazıçı Nəcəf bəy Vəzirovun oğlu Rəşid bəy Vəzirov, digər şair və ziyalılar iştirak ediblər. Yeri gəlmişkən, Əliağa Vahid Əbülhəsən Vaqif Səlyanini həmişə özünün müəllimi hesab edib, ondan çox şey öyrənib. Aralarında yaş fərqi böyük olsa da, bu iki məşhur qəzəlxan yaxın dost olublar”, – tarixçi-tədqiqatçı Sahib Həsənov danışır.
Onun araşdırmalarına görə, 1845-ci ildə Salyanda anadan olan Əbülhəsən Vaqif Səlyani kasıb həyat keçirib, uzun müddət Bakıda yaşayıb, yazıb-yaradıb. Onun qəzəllərində Füzuli poeziyasının təsiri güclüdür. Salyanda ədəbi məclisdə oxuduğu qəzəllər böyük rəğbətlə qarşılanıb. Ə.Vaqif Səlyani Füzuli qəzəllərinə təxmislər də yazıb. Bu təxmislər Füzuli qəzəllərinin misraları ilə forma və məzmun baxımından o qədər həmahəngdir ki, qəzəlin təxmis olduğunu müəyyənləşdirmək çətindir. O, Füzuli misralarına layiq obrazlar, ifadələr seçməyə müvəffəq olub. Zamanında ədəbi mühitin nüfuzlu simalarından biri sayılsa da, Əbülhəsən Vaqif Səlyaninin zəngin ədəbi irsi elmi cəhətdən hələ ki tədqiq olunmayıb.
“Ədəbi məclisdə Salyanda və ətraf qəzalarda “tarçı Yüzbaşı” adı ilə məşhur olan Yüzbaşı Quluzadə müxtəlif muğamları yüksək məharətlə ifa edib. Məşhur tarzən Şirin Axundovun da bu məclisin iştirakçılarından olduğu deyilir. Tarçı Yüzbaşının oğlu Mirzağa isə gənc yaşlarında aşıq kimi ad çıxarsa da, sonra təhsilə yönəlib. Nizami adına Ədəbiyyat İnstitutunun direktorluğuna qədər yüksələn professor Mirzağa Quluzadənin formalaşmasında həmin ədəbi məclisin əhəmiyyətli təsiri olub”, – S.Həsənov deyir.
Mir Mustafa Mir Yəhya oğlunun həyat yoldaşı Balabəyim Zahid bəy qızı Gəncə xanlarının nəslindəndir. Ziyad xanın vəfatından sonra onun övladları arasında narazılıqlar yaranıb. Balabəyimin babası Lütfəli bəy övladları ilə birlikdə Salyanın Muğan ərazisinə köçüb və burada Muğan Gəncəli adlanan yurd yeri salıb.
“Mir Mustafanın evində fəaliyyət göstərən ədəbi məclis Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra fəaliyyətini dayandırıb. Mir Mustafa Nağıyev ailəsi ilə birlikdə Bakıya köçüb. Onun evi isə 1973-cü ildə dövlətin xeyrinə müsadirə edilib, binada əvvəl səkkizillik, sonra isə onillik olan məktəb açılıb. O vaxta qədər Kürün Şirvan tayında məktəb olmayıb. Əvvəllər səkkizillik, sonra isə on illik məktəb kimi istifadə edilib.
Babazanlıda yeni, müasir tipli məktəb binası inşa ediləndə əvvəlki tikili sökülüb, ərazisi bələdiyyə tərəfindən vətəndaşlara paylanılıb. Bununla da vaxtilə Salyanın ədəbi-mədəni həyatının göstəricisi sayılan bina tarixdən silinib”, – tədqiqatçı təəssüflə bildirib.
Qeyd edək ki, Mir Mustafa Mir Yəhya oğlu Nağıyev 1934-cü il martın 11-də dünyasının dəyişib və Bakının Yasamal qəbiristanlığında dəfn edilib. Mir Mustafa Nağıyevin Hüseynağa, Badamxanım, Bəyim və Cənnət adlı dörd övladı olub. Respublika Əliyazmaları İnstitutunda çalışan Cənnət Nağıyeva Azərbaycanın elm aləmində tanınmış tədqiqatçılardan olub. Filologiya elmləri doktoru, professor Cənnət Nağıyeva Heyran xanım və Əlişir Nəvainin ədəbi fəaliyyətini dərindən araşdırıb, sanballı elmi-tədqiqat işləri aparıb, çox sayda kitabı nəşr edilib.
Mir Mustafa Mir Yəhya oğlunun təşkil etdiyi “Məclisi-üns” ədəbi məclisi Salyanda ədəbiyyat və incəsənətə böyük rəğbətin ilk carçısı olaraq, bu gündə sayğı ilə xatırlanır.