Əlyazmalar İnstitutunda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
Elminf.az science.gov.az-a istinadən xəbər verir ki, tədbiri giriş nitqi ilə açan institutun Mülki Müdafiə qərargahının rəisi Nasim Məmmədov builki tədbirin “İnnovasiya texnologiyaları Mülki Müdafiənin xidmətində” mövzusunda təşkil olunduğunu vurğulayıb. O, çıxışında mülki müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəladə hallara (FH) qarşı necə hazırlıqlı olmağın yollarından bəhs edib.
Qərargah rəisi, həmçinin Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkişaf yolu, Azərbaycanın bu təşkilatda rolu barədə ətraflı məlumat verib, “İnnovativ mülki müdafiə” anlayışının üç əsas tərkib hissəsini (əhalinin, ərazilərin, maddi və mədəni dəyərlərin qorunması üçün yaranməş təhlükə və çağırışları aradan qaldıran müasir üsulların mövcudluğu; ən yeni qorunma və xilasetmə texnologiyalarından istifadə; yüksəkixtisaslı, səlahiyyətli kadrların hazırlanması sisteminin mövcudluğu) tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə insanlara ürəyin qapalı masajının və qanaxma zamanı ilk yardımın qaydaları, müharibə, təbii fəlakətlər baş verdiyi zaman necə qorunmalı və digər bu kimi fövqəladə hallarda xilasetmə işlərinə aid məsələlərə aydınlıq gətirilib, mövzuya uyğun videoçarxlar nümayiş olunub.
Sonda iştirakçılar institutun foyesində mövzuya uyğun nümayiş olunan “Fövqəladə hallar zamanı davranış qaydaları” adlı posterlərlə, eyni zamanda Mülki Müdafiə sahəsində istifadə olunan inventarlardan ibarət sərgi ilə tanış olublar.