ELMİ ANONSLAR

Emin Əmrullayev: Təhsil getdikcə mürəkkəbləşir

Təhsil artıq şagirdlərə tək yazı-pozunu öyrətməklə yekunlaşmır, çünki hazırki dövrdə təhsil prosesi olduqca mürəkkəbdir.

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində “Böyük Qayıdış: Çağırışlar və imkanlar” adlı I panel sessiyasında deyib.

Onun sözlərinə görə, universitetə qəbul planının sayı artanda vətəndaşlar dərhal iş tapıb- tapmayacağı ilə maraqlanır:

“Amma əsas məqsədin təhsil olduğuna fokuslanmaq lazımdır. Hazırda Azərbaycanda 60 min nəfərin ali təhsil ala bilmək imkanı var. Bu göstərici ötən illərlə müqayisədə 3 dəfəyədək artıb. Ən çox verilən suallardan biri odur ki, bakalavr səviyyəsi üzrə təhsil almaq istəyənlər üçün plan yerlərinin sayını artırmaqla onların hamısı iş tapa biləcəkmi?! Biz də cavabında deyirik ki, bəs təhsil almayanlar iş tapa biləcəkmi? Odur ki, ilkin məqsəd təhsil almaqdır”.

Emin Əmrullayev həmçinin əlavə edib: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq. Həyat çox sürətlə dəyişir və bu dəyişikliklərə uyğun ali təhsilin də hər kəs üçün əlçatan olması vacibdir. Bu, elitar bir anlayış deyil. Təbii ki, xüsusi bacarıqlar tələb edən ixtisaslar istisnadır. Amma kim ali təhsil almaq istəyirsə və ödənişini edə bilirsə, bu hüquqdan istifadə etməlidir”.

Nazir xatırladıb ki, Azərbaycanda bir həkimin hazırlanmasına dövlət tərəfindən hər il təxminən 40-50 min ABŞ dolları ayrılır:

“Avropa ölkələrində isə bu rəqəm 120 min dollara qədər yüksəlir. Əsas məsələ təhsilin məzmununun keyfiyyəti və əmək bazarına lazım olan bacarıqlara malik kadrların hazırlanmasıdır”.

Mənbə: Report.Az