ANALİTİK MƏQALƏLƏR

Ermənilərin Nemesis terroru

V Yazı

Tarixə “Nemesis terroru” kimi düşmüş irimiqyaslı qətl kompaniyası Türkiyə və Azərbaycan siyasi xadimləri və diplomatlarının öldürülməsini nəzərdə tutan terror aksiyalarıdır.

Nəsib bəy Yusifbəyli

Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli (Usubbəyov) 5 iyul 1881-ci ildə Yelizavetpolda (Gəncə) şəhərində doğulmuşdur. Orta təhsilini Gəncə gimnaziyasında almışdır. 1902-ci ildə Odessa şəhərindəki İmperator Novorosiysk Universiteti hüquq fakültəsinə daxil olmuş, amma universiteti bitirə bilməmişdir. Universitetdə təhsil alarkən orada oxuyan Azərbaycandan olan tələbələrlə birlikdə Yerlilər Cəmiyyətinin yaradılmasında iştirak edib.Tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti universiteti müvəqqəti bağladıqdan sonra Nəsib bəy təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam etdirmək istəsə də, buranı da yarımçıq atmalı olmuş, təhsilini tamamlamadan Krımda yerləşən Bağçasaray şəhərinə getmək məcburiyyətində qalmışdır. O, burada İsmayıl Qaspiralının əsasını qoyduğu “Tərcüman” qəzetində fəaliyyət göstərmişdir. Nəsib bəy Bağçasarayda olarkən İsmayıl Qaspiralının qızı Şəfiqə Qaspiralı ilə tanış olur və daha sonra onunla ailə həyatı qurur. Nəsib bəy Yusifbəyli həmin illərdə Azərbaycan dramaturqlarının əsərlərini Bağçasarayda tamaşaya qoyub, özü də əsas rollarda çıxış edir. “Tərcüman” qəzetinin 13 yanvar 1907-ci il tarixli nömrəsində Bağçasay şəhər teatr həvəskarları tərəfindən Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” faciəsinin tamaşaya qoyulduğu Nəcəf bəy rolunu Nəsib bəyin oynadığı xəbər verilir. Həmin qəzetdə verilən məlumatlardan aydın olur ki, Nəsib bəy Yusifbəyli o illərdə Azərbaycan ədəbiyyatşünası Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” və Hüseyn Əfəndi Qayıbovun “Azərbaycanda məşhur olan şüaranın əşarına məcmuədir” adlı əsərlərinin Bağçasay şəhərində çap olunması üçün çox çalışıb. Lakin nəməlum səbəblər üzündən bu məsələ baş tutmayıb.

Nəsib bəy Siyasi düşüncə və fəaliyyətlərinə görə çar hökuməti tərəfindən təqib olunduğu üçün daha sonra İstanbula köçür. Nəsib bəy burada Türk Dərnəyi Cəmiyyəti ilə təmasda olub. 1909-cu ildə İstanbuldan Gəncəyə geri dönən Nəsib bəy burada Gəncə Şəhər Dumasında fəaliyyət göstərir.1911-ci ildə “Molla Nəsirəddin” jurnalına və qəzetlərə məqalələr göndərmiş, Müsəlman xeyriyyə cəmiyyəti, Müsəlmanların maariflənməsi cəmiyyəti, Aktyorlar cəmiyyətinin fəaliyyətlərində yaxından iştirak etmişdir.Bu zaman o, Məmməd Əmin Rəsulzadə ilə tanış olmuş və ictimai siyasi fəaliyyətə başlamışdır.Bununla yanaşı, müəllim olaraq da çalışan Nəsib bəy maarifçilik işlərini də davam etdirmişdir.

Fevral inqilabından sonra 1917-ci ilin martında Gəncədə Nəsib bəy Yusifbəylinin rəhbərliyində Türk Ədəmi-Mərkəziyyət Firqəsinin əsası qoyulur. Firqə daha sonra “Müsavat”la birləşmişdir və Nəsib bəy birləşmiş partiyanın Gəncə şöbəsinin sədri seçilmişdir.

1917-ci ilin aprelində Bakıda çağrılan Qafqaz müsəlmanlarının qurultayındakı çıxışında Nəsib bəy Yusifbəyli Rusiyanın tərkibində Azərbaycana muxtariyyət verilməsini qəti şəkildə tələb etmişdir. Həmin ilin may ayında isə Nəsib bəy Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayının iştirakçısı olmuşdur.

Ümumrusiya Müəssislər Məclisinə keçirilmiş seçkilər nəticəsində Nəsib bəy namizəd olduğu Zaqafqaziya seçki dairəsindən 10 nömrəli siyahı üzrə (Müsəlman Milli Komitəsi və “Müsavat” partiyası) parlament üzvü seçildi. Qurucu Məclisin təsis olunduğu gün bolşeviklər tərəfindən dağıdılması bolşevik hökuməti altında Rusiyada parlament sisteminin qurulması ehtimalı ilə bağlı şübhələrə son verdi.Bu hadisədən sonra Cənubi Qafqazdan olan deputatlar bolşeviklərin gücünün tanımadığını və özlərinin regional güclərinin-Zaqafqaziya Seyminin yaradılmasını elan etməyə məcbur etdi.

Beləliklə, Nəsib bəy 1918-ci ilin 23 fevralından sonra yaranan Zaqafqaziya Seyminə seçilir. Seymdə Cənubi Qafqazın müsəlmanlarını təmsil edən 44 nümayəndə Zaqafqaziya Seyminin Müsəlman fraksiyası adlı fraksiyanı təşkil etmişdir. Fraksiyanın sədri Məmməd Əmin Rəsulzadə, sədr müavinlərindən biri isə Nəsib bəy Yusifbəyli olmuşdur. Nəsib bəy daha sonra seymin əsasında 26 aprel tarixində yaradılan Zaqafqaziya Demokratik Federativ Respublikasında xalq maarif naziri vəzifəsinə seçilir.

Çar imperiasından sonra Sovet imperiyasını yaratmış Lenin milli məsələdə hazırladığı taktika belə idi: rus bolşevikləri qeyri-rus xalqların Rusiyadan ayrılması hüququnu daim qeyd edib xüsusi olaraq nəzərə çarpdırmalı, milli ucqarların bolşevikləri isə, əksinə öz xalqlarının Rusiya ilə birləşdirilməsi müddəasını irəli sürməli idilər: inqilabın real bir fakta çevrildiyi və “xalqlar həbsxanası”nın dağıdıldığı bir dövrdə Leninin niyyəti baş tutmadı. Hətta bolşeviklərin inqilaba qədər tərəfdarlarının çox olduqları yerlərdə (Baltik ölkələri, Ukrayna, Belorus, Finlandiya, Polşa, Qafqaz) milli ucqarların bolşeviklərinin Moskva xeyrinə öz milli dövlətlərinin yaranması əleyhinə özlərini ifşa etmək yolu ilə və xalqa düşmən olan bolşevik Moskvasının birbaşa casusları kimi fəaliyyət göstərib iş aparsalar da Sovet imperiyasının dağılması təhlükəsini vaxtında sezən Lenin milli məsələdə yeni taktiki dönüş yaratdı.

Siyasi avantürist və fırıldaqçı Lenin Sovet imperiyasının Bolşevik Partiyasının VIII qurultayında (1919) belə qərar qəbul etdi ki,partiya millətlərin öz müqqədaratını təyin etməyə yox, yalnız istismar edilən xalqların zəhmətkeşlər sinfinin mənafeyinin müdafiəsinə yönəldilməlidir, qurultay Lenin ideologiyasını yeni, ən yüksək mərtəbəyə qaldırdı.Bu yeni, ali mərtəbəyə ucaldılmış ideologiya,müstəqillik uğrunda mübarizəni və milli təşəbbüsləri məhv etmək və bu mübarizəni sinfi savaş halına gətirməyi planlaşdırdı.Bu Lenin birləşməyinin keçid formasını- Rusiya İmperiyasının bütün ərazilərini və Avropanın sinfi mübarizə pərdəsi altında işğalını nəzərdə tuturdu. Lenin Sovet İmperiyasına birləşməyin keçid formasını-sovet sosialist dövlətləri adı ilə əbədi işğalı nəzərdə tuturdu. Lenin birləşmənin keçid formasını-sovet sosialist respublikalarını o yerlərdə yaratmaq istəyirdi ki,bu ölkələr əvvəllər yaradılmış müstəqil milli dövlətlərin hamısını Qızıl Ordu məhv etmişdir.

Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyəti dövründə

Çar əsarətindən sonra bütün müsəlman aləmində ilk xalq cümhuriyyəti olan Azərbaycanın istiqlal ömrü cəmi 23 ay çəkdi.Bu dövr onun həyat qabilliyyətini nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna daxili faktor yox, məhz xarici müdaxilə səbəb oldu,qısa ömründə gah çar generalı Denikin, gah Qarabağ iddiasında olan daşnaklar, gah da Qızıl Ordu tərəfindən təhdid edildi.Yenə də qısa ömrünə baxmayaraq,bu cümhuriyyətin yaranışı Azərbaycan tarixinə şanlı səhifələr yazdı, xalqın milli şüurunun oyanışına güclü təkan verdi.

28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra da Nəsib bəy yüksək dövlət vəzifələrini icra etmişdir.

1917-ci ilin mart ayında Nəsib bəy Yusifbəyli öz yaxınları ilə Gəncədə Milli Federalistlərin Türk Partiyasını yaratmışmışdır.Yeni yaradılan partiyanın əsas tələbi Rusiyanın tərkibində ərazi muxtariyyəti tələbi idi.1917-ci ilin iyulunda bu partiya Məmməd Əmin Rəsulzadənin başçılığı ilə Müsəlman Demokratik Müsavat Partiyası ilə birləşərək Müsavat adlandırılmağa başlamış və onun proqramlarında millətçi federalistlərin əsas tələbi-Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması saxlanılmışdır.

Məmməd Əmin Rəsulzadə Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri seçildikdən sonra Gəncədə partiyanın rəhbəri Nəsib bəy Yusifbəyli olmuşdur.1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlamışdır.

Birləşmədən sonra Nəsib bəy Yusifbəyli 10 nömrəli siyahıya görə Zaqafqaziya seçki dairəsindən Müsəlman Milli Komitəsi və Müsavat Partiyası tərəfindən Rusiya Müəssislər Məclisi üzvlüyünə namizəd göstərildi.

1917-ci ilin oktyabr ayının 26-dan 31-dək Bakıda davam edən “Müsavat” Partiyasının I Qurultayında Nəsib bəy Yusifbəyli yaxından iştirak etmişdir.Bu qurultaydan sonra “Azərbaycana muxtariyyət” şüarı altında hərəkat başlanıb.

Nəsib bəy Yusifbəyli bitərəf Fətəli xan Xoyskinin baş nazir olduğu I Xoyski hökumətində (28 may 1918-17 iyun 1918) xalq maarif naziri vəzifəsini icra edib. O, II Xoyski hökumətində (17 iyun 1918-7 dekabr 1918) əvvəlcə maarif və dini etiqad naziri, daha sonra isə kabinə daxili dəyişik sonrasında xalq maarif naziri vəzifəsini tutmuşdur. Nəsib bəy III Xoyski hökumətində (26 dekabr 1918-14 mart 1919) maarif və dini etiqad naziri postunu tutmuşdur.

1919-cu ilin aprelin 14-də Nazirlər Şurasının sədri seşilən Nəsib bəy Yusifbəyli bu vəzifəni 1920-ci il aprelin 1-nə kimi icra edib. Nəsib bəy tərəfindən Azərbaycan Xalq Cümhuriyyətində 2 hökumət təşkil olunmuşdur. I Yusifbəyli hökuməti (14 aprel 1919-22 dekabr 1919) və II Yusifbəyli hökuməti (22 dekabr 1919-1 aprel 1920).

27 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ruslar tərəfindən işğal edilməsindən sonra Tiflisə doğru hərəkət edərkən Göyçay qəzasına bağlı olan Kürdəmir yaxınlığında ermənilərin Nemesis terror təşkilatı tərəfindən 31 mayda qətlə yetirilmişdir. Nəsib bəy Yusifbəyli Yevlaxda dostu Cümhuriyyət parlamentinin üzvü Qarxunlu Əşrəf bəyin evindən ayrıldıqdan sonra Kürdəmir ətrafında erməni terrorçular tərəfindən qətlə yetirilmişdir.

31 may 1920-ci il Kürdəmir, Nəsib bəy Yusifbəyli qətlə yetirilir.

Ailəsi: Nəsib bəy Yusifbəyli İsmayıl Qaspiralının böyük qızı Şəfiqə Qaspiralı ilə ailə həyatı qurmuşdur. Onların iki övladı olmuşdur:Zöhrə xanım və Niyazi bəy.

Nəsib bəy Yusifbəyli 1909-cu ildə Şəfiqə Qaspiralıdan ayrılmış, sonralar başqa bir qadınla –1913-cü ildə Şəfiqə xanım Qaspiralının rəfiqəsi Eynülhəyat Beişeva ilə evlənmişdir. Daha sonralar Nəsib bəy Eynülhəyat xanımdan da ayrılır.1917-ci ildə Şəfiqə xanım uşaqları ilə yenidən Azərbaycana gəlir.1918-ci ildə Bakı şəhəri azad edildikdən sonra Nəsib bəy ailəsini Gəncədən Bakıya gətirir. Nəsib bəy öldürüldükdən sonra ailəsi Bakıdakı Flarmoniya ilə üzbəüz mənzillərindən qovulur. Şəfiqə xanım xeyirxah insanların köməyi ilə kiçik evdə yaşayır, sonra isə Türkiyəyə köçür.

Nemesis terroru nəticəsində qətlə yetirilən Türkiyə və Azərbaycan dövlət idarəçiləri.

1.Tələt paşa, Osmanlı İmperiyasının daxili işlər naziri və sədrəzəmi.

2.Camal paşa, Osmanlı İmperiyası dövlət və hərbi xadimi.

3.Said Halim Paşa, keçmiş sədrəzəm.

4.Bahaddin Şakir, Teşkilat-i Mahsusanın yaradıcısı.

5.Mehmed Cemal Azmikeçmiş Trabzon valisi.

6.Fətəli xan Xoyski, AXC-nin ilk Başnaziri və Xarici işlər naziri.

7.Nəsib bəy Yusifbəyli,AXC-nin Baş naziri.

8.Həsən bəy Ağayev, AXC Parlamentinin sədr müavini.

9.Behbud xan Cavanşir, AXC-nin Daxili İşlər Naziri.

Son.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

turkustan.az