GÜNDƏM

Ermənilər qorxuda: Azərbaycanlılar öz yurdlarına qayıdacaqlar

 

“Birinci mərhələdə Azərbaycan beynəlxalq missiyanın himayəsi altında təhlükəsizlik sisteminin mövcudluğu şəraitində Ermənistanda təxminən 300 min azərbaycanlını məskunlaşdırmağı planlaşdırır”.

Elminfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan aprelin 29-da müzakirələr zamanı bildirib.

Onun sözlərinə görə, , Azərbaycanın siyasəti Ermənistanın təhlükəsizlik sistemini məhv etməyə yönəlib. Hüquq müdafiəçisinin fikrincə, hazırkı vəziyyət təcili olaraq yeni təhlükəsizlik strategiyasının qəbulunu tələb edir:

“Bu strategiya bir neçə prinsipə əsaslanmalıdır ki, bu da Ermənistan hakimiyyətinin indiki siyasəti ilə mümkün deyil. Birinci prinsip erməni kimliyini qoruyub saxlamaqla dövlətin və fərdin təhlükəsizliyini təmin edən sabit sistemdir. Bundan əlavə, strategiya qanunun aliliyi, real demokratik dəyərlər, effektiv dövlət sistemi, ordunun döyüş qabiliyyəti və s. daxil olmaqla təminatlara əsaslanmalıdır”.

Onun sözlərinə görə, bu gün ciddi nəticələrə səbəb ola biləcək ciddi səhvlərə yol verilir. Tatoyan iddia edib ki, bu gün baş verənlərin delimitasiya ilə heç bir əlaqəsi yoxdur:

“Çünki delimitasiya prosesi xəritələrin mövcudluğunu, ətraflı kadastr araşdırmasını, ehtiyacların qiymətləndirilməsini, yol xəritələrinin təhlilini və əhalinin hüquqlarının mütləq nəzərə alınmasını nəzərdə tutur”.

Keçmiş ombudsman Zəngəzur, Göyçə, Dərələyəz bölgələrində guya ermənilərin hüquqlarının pozulduğunu iddia edib. O əlavə edib ki, delimitasiya komissiyasının bütün ölkə üçün nəticələri ola biləcək bəyanatlar vermək hüququ yoxdur. “Bu komissiya hökumət başçısının şəxsi hüquqi aktı əsasında yalnız məşvərətçi orqanlar yaratmağa imkan verən qanuna istinadla yaradılıb. Bunun bütün ölkəyə nə dəxli var? Əgər reqlament müəyyən edilməyibsə, layihə ətrafında məsələlər razılaşdırılmayıbsa, o zaman bu komissiyanın adından bəyanatlar necə verilə bilər?” /Turkustan.az/