Eyni anda iki mobil şəbəkə operatorunu dəstəkləyən rSIM adlı yeni SIM kart formatı təqdim edilib
Deutsche Telekom şirkəti Tele2 adlı mobil şəbəkə operatoru ilə birgə yeni SIM kart formatını təqdim edib. Təqdim edilmiş yeni SIM kart formatı rSIM adlanır. Bu yeni SIM kart formatının əsas fərqləndirici özəlliyi ondadır ki, o, bir çip tərkibində iki şəbəkə operatorunu dəstəkləyə bilir. Ondan istifadə üçün isə sadəcə bir SIM kart girişi kifayət edir. Məlumata əsasən sözügedən SIM kart formatı çərçivəsində bir SIM kart daxilində 2 müxtəlif şəbəkə operatorlarının nömrələrindən istifadə edilə bilər. Bununla belə yeni SIM kart formatı həm adi düyməli mobil telefonlar həm də smartfonlar tərəfindən dəstəklənir.
rSIM öz şəbəkəsinə qoşulmanın yoxlanılması və nasazlıqların yaranması halında şəbəkə operatorunun avtomatik dəyişdirilməsi üzrə patentləşdirilmiş texnologiyadan istifadə edir. Bunun üçün rSIM yaddaşında iki şəbəkə operatorunun modulu mövcuddur. Modullardan biri əsas hesab edilir. Əsas modulun şəbəkəsində nasazlıqların baş verdiyi halda avtomatik olaraq ikinci modula keçid reallaşdırılır. Məlumatda qeyd edilib ki, rSIM əsasən daimi internet bağlantısını tələb edən IoT (Internet of Things) cihazlarda və smart şəhər sistemlərində daha faydalı olacaq.
technote.az