YAZARLAR

Faiq Ələkbərlinin “Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq” kitabı Türkiyədə yenidən nəşr olunub

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, eyni zamanda, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq” kitabının əlavələrlə təkmilləşdirmiş variantı bu günlərdə Türkiyədə iki cilt halında yenidən nəşr olunub.

Türkiyənin “Çinaraltı yayınları” nəşriyyatında işıq üzü görən iki ciltlik kitabı Türkiyə türkcəsinə Alpaslan Dəmir çevirib.

Kitabda Turan sivilizasiyanın dünyada ən qədim mədəniyyət olması məsələsi təhlil olunaraq Turan məfkurəsi və Tanrıçılıq fəlsəfəsi bütün aspektləri ilə tədqiqata cəlb edilib. Burada Turan məfkurəsi ilə bağlı Turan İmperiyalarının tarixinə, mahiyyətinə və çağdaş dönəmdəki yerinə aydınlıq gətirilib. Bununla yanaşı, Turan-Avropa, Turan-Aryan/İran ideoloji və mənəvi-fəlsəfi savaşları öz əksini tapıb. Eyni zamanda, kitabda Türk xalqlarının təşəkkülü ilə bağlı onun etnogenezi, dini-fəlsəfi dünyagörüşü geniş şəkildə tədqiq olunub. Belə ki, monoqrafiyada Tanrıçılıq fəlsəfəsinin mahiyyəti, onun Şamanizmə, Mağlar təliminə, Zərdüştlüyə, Yunan kosmologiyasına, Xristianlığa, İslamlığa münasibəti də öz əksini tapıb.

Kitabda Azərbaycan Türk dövlətləri Səfəvilər, Əfşarlar və Qacarlar ayrıca tədqiqata cəlb olunub.

Kitabda Qərb sivilizasiyasının mahiyyəti və ona alternativlik məsələsi, bu anlamda Türk Dünyası-Qərb, Türk Dünyası-Rusiya münasibətləri geniş təhlil olunub. Eyni zamanda, bütün bunlarla yanaşı, əsərdə Türk Birliyi, bu yolda Azərbaycanın birləşməsinin vacibliyindən və çıxış yollarından da bəhs olunub.

Kitab Turan/Türk tarixi, Turan/Türk fəlsəfəsi ilə maraqlanalar, eləcə də Azərbaycan türklərinin ümumTürk tarixi və fəlsəfəsində yerini araşdıranlar və geniş oxucu kütləsinin faydalanması üçün nəzərdə tutulub.









Mənbə: Turkustan.Az