“Fars dilini tədqiq edən Azərbaycan alimləri (XX əsr)” kitabı çapdan çıxıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Vüqar Məmmədovun “Fars dilini tədqiq edən Azərbaycan alimləri (XX əsr)” kitabı nəşr olunub.
Elminfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib.
Fars dilinin azərbaycanlı alimlər tərəfindən öyrənilməsinin on əsrlik bir tarixi var. Yeni monoqrafiyada bu tarixin sovet dövründə, eləcə də müstəqilliyimizin ilk on ilində Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti), respublikanın digər ali məktəblərində və AMEA-da, əsasən Şərqşünaslıq İnstitutunda fars dili ilə bağlı nəşr olunan kitablar, dərsliklər və dərs vəsaitləri barəsində ətraflı məlumat almaq olar.
Monoqrafiyanın birinci fəslində fars dilinin Azərbaycan alimləri tərəfindən tədqiqinin tarixinə qısa ekskurs edilir, XX əsrdə bu sahədə aparılan tədqiqatların istiqamətləri barədə məlumat verilir.
İkinci fəsil əsasən Bakı Dövlət Universiteti olmaqla, ali məktəb müəllimləri tərəfindən yazılmış dərsliklər, dərs vəsaitləri və elmi əsərlərə həsr olunub. Burada Əli Azəri, Rəhim Sultanov, Neyyərzaman Hatəmi, Həsən Əlizadə, Əhməd Şəfai, Təhminə Rüstəmova, Həsən Mahmudov, Şulan Şirəliyev, Anya Ələkbərova, Fəxrəntac Zülfüqarova, Mənzərə Məmmədova, Əsmətxanım Məmmədova, Tofiq Cahangirov və digərlərinin fars dilçiliyi sahəsində elmə və təhsilə verdikləri töhfələr təqdim edilir.
Üçüncü fəsil əsasən Şərqşünaslıq İnstitutu olmaqla, AMEA-da çalışan alimlərin, o cümlədən Həsən Zərinəzadə, Məmmədağa Sultanov, Cəmilə Sadıqova, Təyyibə Ələsgərova, Şəfəq Əlibəyli və digərlərinin elmi yaradıcılığına həsr olunub.
Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Verdiyevadır. Kitab şərqşünaslar, filoloq alimlər üçün nəzərdə tutulub.