Gənc epiqraf Özbəkistanda keçirilən konqresdə çıxış edib
Özbəkistanın Səmərqənd Dövlət Memarlıq və İnşaat Universitetində hibrid formatda III Beynəlxalq İpək yolu Elmi Araşdırmalar Konqresi öz işinə başlayıb.
Tədbirdə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin elmi işçisi Sədaqət Məmmədli “Orta əsrlərdə müsəlman Şərqində meydana gəlmiş epiqrafik yazılar, onların Azərbaycan sənətkarlığında və memarlığında istifadəsi” mövzusunda onlayn təqdimatla çıxış edib.
Bu barədə AZƏRTAC-a Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Gənc epiqraf çıxışında bildirib ki, orta əsrlərdə Ərəb xilafətinin nüfuzunun bütün Şərqə doğru genişlənməsi yerli xalqların mədəniyyətlərinə də təsir edib, bu təsirdən müxtəlif orjinal maddi-mədəniyyət nümunələri meydana gəlib. Məruzədə qeyd olunub ki, İslamın Şərqdə yayıldığı ilk dönəmlərdə burada Məkkə, Mədinə, Küfə və Bəsrə kimi qədim xəttatlıq mərkəzlərinin adına uyğun olaraq əvvəl “xatt-i Məkki” (Məkkə xətti) və “xatt-i Mədinə” (Mədinə xətti), daha sonra isə “xatt-i Kufi” (Kufi xətti) və “xatti-i Bəsri” (Bəsrə xətti) olmaqla dörd xətt növü formalaşıb.
S.Məmmədli çıxışında diqqətə çatdırıb ki, XV-XVI əsrlərdə Yaxın Şərqdə, eyni zamanda, Azərbaycanda kitabların, sənədlərin yazılmasında geniş istifadə olunan “Nəstəliq” adlı xətt növü müşahidə olunurdu: “Ümumiyyətlə, Azərbaycan epiqrafikasının inkişaf tarixinə nəzər yetirsək, burada Yaxın Şərqdə həmin dövrdə mövcud olmuş epiqrafika mədəniyyətinin tam təşəkkül etmiş nümunələrini müşahidə edə bilərik. Bu da daha çox özünü orta əsrlər dövründə büruzə verir”.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, konqres martın 8-də başa çatacaq.