Geoloq alim Avropa Seysmoloji Komissiyasının Azərbaycan üzrə üzvü seçilib
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin müdiri dosent Qulam Babayev Avropa Seysmoloji Komissiyasının Azərbaycan üzrə üzvü seçilib.
Elminfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd edilib ki, Avropa Seysmoloji Komissiyası (ESC – esc-web.org) Beynəlxalq Geodeziya və Geofizika İttifaqına (IUGG) qoşulmuş Seysmologiya və Yer Təkinin Fizikası Beynəlxalq Assosiasiyasının (IASPEI) qurumudur. Komissiyanın məqsədi Avropada, Aralıq dənizi ilə həmsərhəd və yaxın qonşu ölkələrdə, həmçinin Orta Atlantik silsiləsindən Ural dağlarına kimi və Şimal Buzlu okeanından Afrikanın şimalına qədər uzanan regionda seysmoloji tədqiqatları və layihələri təşviq etməkdir. Komissiyanın strukturu Avropa Seysmoloji Komissiyasının Şurasından (onun idarəedici orqanı), İcra, Qərar və Namizədlik komitələrindən və vəzifələri müəyyən edən və xüsusi elmi problemləri öyrənmək məqsədilə qurulmuş işçi qruplarından ibarətdir. Əsası 2006-cı ilin sentyabr ayında Cenevrədə qoyulub.
Komissiya 2006-cı ildə Cenevrədə qəbul edilmiş və 2014-cü ildə İstanbulda dəyişdirilmiş əsasnamələrlə idarə olunur.