Gimnaziyada M.Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Füzuli dühası” adlı elmi-praktik konfrans keçirildi
Elminfo.az xəbər verir ki, S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Füzuli dühası” adlı elmi-praktik konfrans keçirildi.
Gimnaziyanın direktoru İlqar Talıbov vurğuladı ki, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə dair tədbirlər planı hazırlanıb həyata keçirilir. Məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaq məqsədi ilə bir sıra fəaliyyətlər həyata keçirilir.
Alim, müəllim və şagirdlər dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Füzuli dühası” adlı elmi-praktik konfransda məruzə, təqdimatlarla çıxış edəcək, şairin əsərlərindən qəzəllər deyəcək, səhnəçiklər göstərəcəklər. Eyni zamanda şagirdlər şairin fəaliyyətinə həsr olunmuş elmi, bədii əsərlər, məqalə və kitablarla tanış olacaqlar. İ.Talıbov AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik G.Baxşəliyevaya gimnaziyaya elmi cəhətdən dəstəyinə, Şərqşünaslıq İnstitutunda nəşr olunan kitab və jurnalları məktəbin kitabxana fonduna hədiyyə etdiyinə görə təşəkkür etdi.
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq elmi işlər üzrə direktor müavini, Filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü “Məhəmməd Füzuli və şərq ədəbiyyatı” mövzusunda geniş məruzə etdi.
Sonra AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, aparıcı elmi işçisi, İnstitutun Qadınlar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova “Füzulinin əxlaqi-didaktiv görüşləri”, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Füzuli ədəbi mühiti Azərbaycan tarixşünaslığında”, S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının müəllimi Ceyran Həsənova “Füzuli yaradıcılığında mənəvi azadlıq”, gimnaziyasının müəllimi Şəhla Mirbağırova “Füzulinin musiqi dünyası” mövzularında çıxış etdilər.
Gimnaziyanın şagirdlərindən S.Bayramova “Ya rəbb bəlayi-eşq ilə qıl aşina məni”, H.Hüseynov “Şəbi-hicran” qəzəlini söylədilər, R.Abdullazadə, Z.Yusubova ilə birlikdə “Leyli ilə anasının dialoqu”, 5 d sinif şagirdləri “Meyvələrin söhbəti” əsərini səhnələşdirdilər, S.Kiçibəyli “Məhəmməd Füzuli”, Z.Ağayeva “Söz qəzəli” təhlili, Z.Novruzov isə “Füzulinin həyat və yaradıcılığı” mövzularında çıxış etdilər.