ELMİ ANONSLAR

“Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının “Məzun günü” keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının “Məzun günü” keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, deputatlar və ictimaiyyət nümayəndələri, o cümlədən tələbələr iştirak ediblər.

Tədbirdə 2021-ci ildə ali təhsil müəssisələrinə yüksək balla daxil olmuş “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı və “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı iştirakçılarının məzun olması, eləcə də onların əzmkarlığını, əldə etdikləri nailiyyətləri qeyd edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, gənc qızların təhsilinə dəstək yalnız sosial layihə deyil, bu, cəmiyyətin inkişafına yönəlmiş mühüm təşəbbüsdür:

“Gənc qızların təhsilinə dəstək” layihəsi də hazırda ölkənin 58 rayonunu, 27 təhsil müəssisəsini əhatə edir. Layihənin əsas məqsədi sosial və maddi çətinliklərlə üzləşən qızlara təhsil imkanı yaratmaq, onların gələcəyinə inam aşılamaqdır. Layihənin geniş miqyas almasına Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq mühüm töhfə verib. Artıq yüzlərlə gənc qız bu dəstəkdən yararlanır”.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bir cəmiyyətin inkişafı onun parçası olan qadınların inkişafından birbaşa asılıdır:

“Qadınların güclü olması kişilərin zəifliyi demək deyil, onların daha da güclü olması anlamına gəlir. Eyni zamanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi, özəl və dövlət sektorunun bu işdə birgə fəaliyyəti təhsilin inkişafına dəstəkdir”.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qeyd edib ki, “Gənc qızların təhsilinə dəstək” layihəsi dörd ildir həyata keçirilir və 350-yə yaxın qız bu layihə çərçivəsində təhsil alır:

“Paralel olaraq həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramına 2023-2025-ci tədris illərində 1465 müraciət olub. Proqramdan 100 nəfər yararlanıb”.

Daha sonra şəhid Elşad Həsənovun həyat yoldaşı Aksana Həsənova çıxış edərək “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin adddımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının məzunu olduğunu vurğulayıb və göstərilən dəstəyə görə Dövlət Komitəsinə, o cümlədən Elm və Təhsil Nazirliyinə təşəkkür edib.

Tədbirdə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində məzun olan qızlar mükafatlandırılıblar.

Tədbir zamanı layihəyə həsr olunmuş videoçarx da nümayiş etdirilib.

Açılış nitqləri və çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

FOTO: Zaur Mustafayev

Mənbə: Report.Az