MÜSAHİBƏ

Hacı İsmayılov: “Bəzi aktyorlar sənəti yox, özlərini sevirlər, nəticədə ulduz xəstəliyinə tutulurlar” – MÜSAHİBƏ

Onunla üç ildir, müsahibə etmək arzusunda olsam da, bu arzum reallığa çevrilə bilmirdi. Müsahibəni adi günlərin birində yox, məhz ad günü ərəfəsində etməkdə maraqlı idim. Söhbət “Ad günü” filminin qəhrəmanı Mustafadan, Xalq artisti, aktyor Hacı İsmayılovdan gedir. 80 illik yubileyini qeyd edən aktyor ötən illərə çox mənalı bir ömrü sığdıra bilib. Təkcə “Ad günü”, “Həm ziyarət, həm ticarət” filmlərində yaratdığı Mustafa obrazından danışmaq kifayət edir ki, onun kino tarixində yeri bəlli olsun.

“Report” Azərbaycanın Xalq artisti, tanınmış kino və teatr aktyoru, “Şöhrət” ordenli Hacı İsmayılovla doğum günü ərəfəsində götürdüyü müsahibəni təqdim edir:

– Üç ildir hər ad gününüzdə sizinlə danışsaq da, müsahibəmiz heç bir formada alınmırdı. Nəhayət, dördüncü ilin tamamında, 80 yaşınız ərəfəsində sizinlə görüşə bildik…

– Nəhayət… bilirsən, qızım, artıq yaş elədir ki, belə şeylərə maraq bir o qədər də yoxdur, yaş az olanda, bəli, maraqlı olursan, müsahibə də verirsən, danışırsan da, amma indi başqa işlər var.

– İşləriniz necədir, 80 yaşında özünüzü necə hiss edirsiniz?

– Əvvəla, Allaha çox şükür edirəm. Çünki 80 il yaşamaq hamıya qismət olmur. Hərdən sənət yoldaşlarımın həyat yoluna nəzər salanda görürəm ki, elələri olub heç 50 yaşa çatmayıblar. Yaş artdıqca insanın o yaşa münasibəti də dəyişir. Məsələn, mən ən yaxşı yubileyimi 60 illiyimdə keçirmişəm. Onda elə bir dövr idi ki, mənimlə işləyən sənət dostlarım, qohum-əqrəbam da yanımda idi. İndi o sənət dostlarımın çoxu dünyasını dəyişib. 60 illik yubileyim gözəl keçib. Onda həm də həvəsli idim. Sonra 75 illiyimi rəhmətlik rejissor Azərpaşa Nemətov teatrda keçirdi. Çox dedilər nə istəyirsən, arzun nədir? Dedim ki, heç nə yox, həmin günü tamaşa oynamaq istəyirəm. Qoy tamaşaçılar görsün ki, mən səhnədəyəm. Onda Xorvatiya yazıçısı Miro Havranın “Qəribə, çox qəribə əhvalat” tamaşasında oynadım. Tamaşaya gözləmədiyim halda, xeyli insan və rəsmilər gəldi. Sonra da teatrın kollektivi ilə 75 yaşımı qeyd etdim. İndi 80-dir, ömürdür, yaşayırıq, arzular çoxdur. Hazırda məşqlərim olmasa da, oynayacağım tamaşalar var. Teatrın repertuarında olan 7 tamaşada iştirak edirəm, gedirəm rollarımı oynayıram.

– Yeri gəlmişkən, sizcə, indi teatr divarlarının hərarətini hiss edə bilirik?

– Teatr möcüzədir, ora çox cazibəli yerdir. O vaxtı bizi Gənc Tamaşaçılar Teatrında tamaşalara baxmağa aparırdılar. Mən teatrı dördüncü sinifdə oxuyandan sevmişəm. Bir dəfə teatrda pərdələr çəkiləndə qəribə bir qoxu hiss etdim. Bu elə-belə qoxu deyildi, bu qoxu adamı bihuş edirdi. Elə o dövrdən teatra həvəsim artdı. İndi də o pərdə açılanda oradan sanki nəsə təravətli bir ətir qoxusu gəlir. Hərdən deyirdilər ki, kino ilə teatrın fərqi nədir? Mən deyərdim kino soyuq sənətdir, istiliyi azdır, amma teatr canlı sənət olduğu üçün orada istilik çoxdur. Orada tamaşaçılarla üz-üzə, göz-gözə, ürək-ürəyəsən. Düzdür, kino çıxanda dedilər teatr öldü. Ancaq belə deyil, teatr ölməyib, ölməyəcək də. Çünki insanların teatra mənəvi ehtiyacı var. Mən Akademik Milli Dram Teatrının tamaşalarında müşahidə edirəm və görürəm ki, tamaşaçı sayı çoxdur. Aralarında gənclər xüsusi ilə çoxluq təşkil edir. İnanın, onlar necə maraqla tamaşanı izləyir və pərdələr tam bağlanana qədər səhnəni tərk etmirlər.

– Oynanılan rolun ruh halına bürünmək, onun kimi yaşamaq nə dərəcədə doğrudur? Axı aktyor heç də hər zaman müsbət rolda çəkilmir…

– Qızım, bir söz deyim, ümumiyyətlə, sənətdə tamaşaçını aldatmaq olmur, xüsusən də, teatr sənətində. Gərək tamaşaçını inandırasan. Səmimiyyət və təbiilik önəmlidir. Hərdən deyirlər ki, bu aktyor nə olan şeydir? Aktyor özgələrin həyatını öz həyatı kimi yaşayan, həyatını isə özgələrin həyatı kimi yaşayan bir insandır.

– Müsahibələrinizin birində demisiniz ki, teatr ailədir, evdir, onun mətbəxi də var, yataq otağı da. Hazırda o mətbəxdə və yataq otağında nə baş verir?

– Vallah deyim də.. Yaşımın indi o dövrüdür ki, teatra ancaq tamaşalar, məşqlərim olanda gedirəm. Amma cavan vaxtı biz bir dəstə idik. 1970-ci illərdə teatra bir aktyor dəstəsi gəldi. Sonra həmin cavanlar Azərbaycanın ən sevimli aktyorları oldular, mən də onların arasında idim. Biz teatrla yaşayırdıq. Hər gün teatra gedirdik. Teatrdan çıxıb dublyaja gedirdik. Çəkildiyim filmlər öz yerində. Düzdür, onda onların filmlərdə rol almalarına, özümün isə çəkilməməyimə həsədlə baxırdım. Teatrla yaşamaq lazımdır. Onun bir xüsusiyyəti var ki, teatra nankorluq etsən, o səndən bərk intiqam alır. Bir də görürsən ki, hamı gedib qabağa, sən qalmısan.

– Nankorluq deyəndə nəyi nəzərdə tutursunuz?

– Yəni hər bir peşəni sevmək lazımdır. O cümlədən teatrı. Bəzi aktyorlar sənəti yox, özlərini sevir, nəticədə ulduz xəstəliyinə tutulurlar. Bəzilərinin vaxtından əvvəl iddiaları da olur, elə sənət dostlarımız olub ki, bu işə bir az soyuq yanaşıblar, sonradan da altını çəkiblər. Bu sənəti sevib, öz həyatını buna qurban verməlisən.

– Bu gün teatr və kino sahəsində hansı islahatların aparılmasına ehtiyac var?

– Mədəniyyət naziri Adil Kərimli nazir təyin olunandan sonra bu sahədə bir çox işlər görülüb. O cümlədən teatr və kino forumu və bu kimi digər tədbirlər keçirilib. Bunlar hamısı Azərbaycanda kino və teatr sahəsini yüksəltmək üçündür. Elə bir neçə gün əvvəl yaradıcı ittifaqların rəhbərləri ilə geniş bir müşavirə keçirildi. Orada 2023-2029-cu illəri əhatə edən Azərbaycan mədəniyyətinin inkişafı haqqında çərçivə sənədi müzakirə olundu. Bu sənəd çox geniş sahələri əhatə edir. Orada teatr, kino, ədəbiyyat, Azərbaycan dili, teatr təhsili və teatr işçilərinin fəaliyyəti çox geniş formada öz əksini tapıb. Bu sənəd hazırlandıqdan sonra müzakirə üçün ittifaq sədrlərinə veriləcək, onlar da öz təkliflərini ora əlavə edəcəklər.

Bilirsiniz ki, Azərbaycan son illər böyük uğurlara imza atıb, 30 il işğal altında olan torpaqlarını azad edib. Bizim faktiki 4 qaçqın teatrımız var – Ağdam, Füzuli, Şuşa, İrəvan teatrları. Bunları yenidən bərpa etmək çox çətin məsələ idi. Amma şükürlər olsun ki, bu teatrlara işləmək üçün bina, yer veriblər. İnşallah işğaldan azad olunan ərazilərimiz yenidən qurulduqdan sonra teatrlarımız da orada bərpa olunacaq. Qalır İrəvan teatrı – o da bizim üçün olduqca əhəmiyyətlidir. Bu teatr həm də onu göstərir ki, İrəvan azərbaycanlıların şəhəri olub, teatrın 140 yaşı var. 1967-ci ildə Cəfər Cabbarlı adına İrəvan dövlət Dram Teatrının təmirdən sonra açılışında iştirak etmək mənə də qismət olub. İslahat məsələsinə gəldikdə, bəzən bizə deyirlər ki, sizin işiniz həm də teatr sənətinin inkişafına dair problemləri həll etməkdir. Onda mən də deyirəm ki, Teatr Xadimləri İttifaqının əsas işi Azərbaycanda teatr sənətinin inkişafının həllinə kömək etmək, məsələni həll edən Mədəniyyət Nazirliyi və səlahiyyətli orqanlardır.

– Hacı müəllim, baş tutacaq yeniliklərdən, keçirilən tədbirlərdən danışırıq, amma aktyorların əməkhaqlarının az olması da həmişə müzakirə mövzusu kimi qalır…

– Aktyorlar elə sovet dövründə də az maaş alıblar da… Rusların bir sözü var ki, istedad həmişə axtarışda olmalıdır. İndi təbii ki, o dövr keçib. Sözsüz, hamımız istəyirik ki, aktyorların vəziyyəti yaxşılaşsın, maaşları yaxşı olsun. Bunu da birdən-birə etmək mümkün deyil, tədricən olan prosesdir. Məsələn, vaxtilə aktyorların vəziyyəti o qədər də yaxşı deyildi. Ona görə də Ulu Öndər Heydər Əliyev Prezident mükafatlarını, təqaüdləri təsis elədi. Neçə-neçə aktyor, Əməkdar və Xalq artistləri yaxşı maaş almağa başladılar. İndi onun yolunu Prezident İlham Əliyev davam etdirir. Hər il aktyorlara təqaüdlər, mükafatlar verilir və sizə deyim ki, onların həcmi də az deyil. Bu da onların şəraitini yaxşılaşdırmaq, həvəsdən düşməmək üçün edilir. Yol ancaq irəliyədir. İnanıram ki, elə bir vaxt gələcək ki, aktyorlara maaş kifayət edəcək. Daha ora-bura 5-10 manat qazanmaq üçün qaçmayacaqlar.

– Müsahibələrinizin birində gənc rejissorların film çəkməsinin əleyhinə olduğunuzu demisiniz. Bəs bu gənc rejissorlar nə etsinlər, nədən başlasınlar?

– Gənc rejissorların film çəkməsinə etiraz etmirəm. Amma ona təəccüb edirəm ki, çox adam bunu başa düşmür. Rejissor sənəti çox böyük sənətdir. Gəlin indi rejissorları da sayaq, aktyorları da. Görəcəksiniz ki, rejissorların sayı aktyorların sayından qat-qat azdır. Rejissor olmaq üçün böyük savad, peşəkarlıq və dünyagörüşü olmalıdır. Mən hərdən saytlarda baxıram, cavan bir oğlandır, fotosunu qoyub yazıb ki, aktyor-rejissor. Fikirləşirəm ki, ola bilər aktyor kimi hansısa teatrda işləyir. Rejissor kimi isə bu nə etdi, nə iş gördü, nəyi çəkdi ki?! Bilirsiniz, rejissorluğu oynamaq yox, rejissor olmaq lazımdır.

– Nəyi, necə çəkmək lazımdır?

– Gərək özünü sübut edəsən də. İndi tanınmış rejissorlar ki, var, onlar asta-asta gəliblər. Mən Vaqif Mustafayevin kurs işində, bir də diplom işində çəkilmişəm – “Musiqili Xaç” filmində. Onlar balaca həcmli filmlər idi. Həmin filmlərlə o imtahan verdi. O filmlər müvəffəqiyyət qazandı deyə sonradan Vaqif Mustafayev “Yol Əhvalatı”, “Yaramaz” “Bəyin oğurlanması” və başqa filmləri çəkməyə başladı. Ona görə birinci arxı hoppanmaq, sonra hop demək lazımdır. Yenə deyirəm, rejissor sənəti çox böyükdür və hər kəsə nəsib olan iş deyil. Aktyor bir rolun dərdini çəkir. Bir rol haqqında düşünür, amma rejissor bütün aktyorların dərdini çəkir, üstəlik rəssamın işini fikirləşir, musiqini, geyimi, işığı və başqa məsələləri fikirləşir. Ona görə də hər kəs rejissor ola bilmir. Gərək mən rejissoram deyən şəxslər bir az ehtiyat etsin. Düşünsün ki, bəlkə tezdir?!

– “Bəyin oğurlanması” filminin adını çəkdiniz. Sizin də rol aldığınız ekran əsərindəki çəkiliş səhnəsi yadıma düşdü – bəs sizi uzaq Liviya səhralarında tanıyırlar?

– (Gülür) Bu yaxınlarda bizim ittifaqda bir hadisə oldu. Başqa teatr kollektivi gəlmişdi, mən də səhnədəydim. Mikrofon əlimdə çıxış edirdim. Birdən işıqlar söndü, görünmədim, qaldım tək mikrofon əlimdə. Qayıtdım ki, məni eşidirsiniz?. Hamı dedi ki, bəli eşidirik. Amma görünmürəm. Dedim, məni elə görməsələr yaxşıdır. Zalda hamı gülməyə başladı. Baxın indi filmdəki səhnəni xatırlayırsınız, çünki dillər əzbəridir. Halbuki, biz o vaxtı “Yol Əhvalatı”na, “Bəyin oğurlanması”na çəkiləndə necə narahat idik. Düşünürdük ki, görəsən, tamaşaçılar bu filmləri qəbul edəcəklərmi? İllər keçəndən sonra məlum oldu ki, tamaşaçıların ən çox baxdığı film elə “Yol Əhvalatı” və “Bəyin oğurlanması”dır. İndikilər çalışırlar güldürsünlər. Amma adamın heç gülməyi də gəlmir. Biz o kinolarda güldürməyə çalışmamışıq. Gülüş öz-özünə sonradan yaranıb.

– “Məni heç kəs sevməyib, bir dəli qız vardı, ondan başqa…” (“Ad günü” filmindən) Bəli, Hacı müəllim, o dəli qız… o dəli qızlardan həyatda çox olub? Yəqin Mustafaya sevgi etirafı da az olmayıb…

– Gülümsəyir. Hə, o yaxşı səhnədir. Amma sevgi etirafı çox olmayıb. O filmdə maraqlı bir məqam var. Mən ona 33 yaşımda çəkilmişəm. Mənim ad günümdə, yəni yanvarın 22-ə “Ad günü” filminin çəkilişini salmışdılar. Dediyiniz səhnə də məhz mənim ad günümdə çəkilib. Ehh, indi üstündən 47 il keçib.

– Aktyor olmasaydım, idmançı olardım demisiniz. Hansı idman növü ilə məşğul olmaq istəyərdiniz? Ümumiyyətlə, bu gün Azərbaycan idmanında baş verən yeniliklərdən xəbərdarsınız?

– Mən idmanın çox növü ilə məşğul olmuşam, o cümlədən futbol, boks, voleybol, akrobatika, qılıncoynatma ilə. Belə tərif olmasın yaxşı da idmançı olmuşam. İdmanı çox sevmişəm, indi də sevirəm. Futbolu yaxından izləmişəm, indi də izləyirəm. Gənc olanda “Neftçi” azarkeşi idim. Son vaxtlar “Qarabağ”-ın uğurları məni çox sevindirir. İnanıram ki, onlar dünyada məşhur bir komanda olacaqlar.

– Yaman böyüyüb Bakı (filmdən), böyüdükcə də böyüyür, bu qədər insan, hündür, sıx düzülmüş binalar, saysız hesabsız avtomobillər… Bütün bunlar sizi narahat etmir?

– Edir. Hərdən adam bu qarışıqlıqdan qaçmaq istəyir. Yayda imkan olduqca istirahət edirəm. Əvvəllər Türkiyəyə gedirdim. Demək olar ki, bu ölkənin bütün istirahət zonalarını gəzmişəm. İndi yayda Bilgəhdə oluram çox vaxtı. Dənizin kənarında gəzirəm. Sonra da dənizdə çimirəm, çoxu da həsrətlə baxır. Çıxanda baxırlar ki, bu artist nə edir. Hətta, bir dəfə gizlin videomu çəkib özümə də göndərmişdilər.

– Hacı İsmayılov hansı məqamlarda dərin təəssüf hissi keçirib, yaxud atdığınız hansısa addımdan peşman olmusunuz?

– Peşmanlığım yoxdur, amma qəmlənib, qüssə çəkdiyim vaxtlar olur. O da nədən irəli gəlir – ətrafıma baxıram, vaxtı ilə mənimlə çalışan o aktyorlar, o dostlar yoxdur… Yaşar Nuri, Səməndər Rzayev, Telman Adıgözəlov, Siyavuş Aslanla çox yaxın olmuşuq. Heyif… Artıq heç biri yoxdur. Onlarla həyat qaynayırdı, onlarsız günlər sakit keçir. Məşhur şeirdə də deyildiyi kimi:

Əcəl aramıza soxulur, get-gedə azalırıq sən demə…

Foto: Firudin Səlimov