ELM VƏ TƏHSİL

Harvard Hüquq Məktəbinin məzunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işə qəbul edildi

Harvard Universiteti Hüquq fakültəsinin məzunu Əli Ələkbərli Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektoruna işə qəbul edilib.

AZƏRTAC xəbər verir ki, Əli Ələkbərli Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavriat səviyyəsini hüquqşünaslıq ixtisası üzrə Prezident təqaüdçüsü kimi fərqlənmə diplomu ilə, 2020-ci ildə respublika birincisi olaraq qəbul olduğu Bakı Dövlət Universitetinin magistratura səviyyəsini kommersiya hüququ ixtisası üzrə fərqlənmə diplomu ilə, 2023-2024-cü illərdə isə Harvard Universitetində hüquq üzrə magistr pilləsini (LLM) bitirib.

Əli Ələkbərli 2021-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin mülki hüquq, sahibkarlıq hüququ, ailə hüququ, beynəlxalq xüsusi hüquq ixtisası üzrə doktorantura səviyyəsinə qəbul olub, Stanford Universiteti və Yale Universiteti tərəfindən təşkil edilən akademik proqramlarda iştirak edib.

Əli Ələkbərli əmək fəaliyyətinə 2019-cu ildə “AZİP Hüquq Firması” MMC-də hüquqşünas kimi başlayıb, 2022-ci ilin avqustundan 2023-cü ilin iyun ayınadək isə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində aparıcı mütəxəssis kimi fəaliyyət göstərib.

Xatırladaq ki, 2023-cü ildən etibarən Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Harvard Hüquq Məktəbinin məzunu Araz Poladovdur.