Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir – EKSKLÜZİV
Bu gün “Technest” təqaüd proqramı ilə “ROOF Academy”nin əməkdaşlığı çərçivəsində məzun olan “Talant” təqaüdü qalibi Qəndab Məmmədova Harvard Universitetinə qəbul olub. “Talant” layihəsini ötən ildən başlayaraq həyata keçiririk və artıq layihənin uğuru olaraq 10 nəfər TOP reytinq universitetlərə qəbul olub. Layihənin davamı olaraq bu il 30 tələbə ilə yola çıxdıq. İyun ayınadək bu 30 məzunun cavabları bəlli olacaq. İnanırıq ki, onlar da dünyada TOP universitetlərə qəbul olacaq və bizi sevindirəcəklər. Bu gün bizim aparıcı universitetlərə qəbul olan tələbələrimiz bütün yenilikləri öyrənərək gələcəkdə ölkəmizdə tətbiq edəcək, bu sahədə inkişafa dəstək olacaqlar.
Elminfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal Səriştələrin İnkişafı Departamentinin rəhbəri Fatimə Ələkbərova deyib.
F.Ələkbərova bildirib ki, “Technest” təqaüd proqramı 2021-ci ilin oktyabr ayından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində yaradılıb: “Bu proqramın əsas məqsədi ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır. Həmçinin proqrama müraciət edən şəxslərin rəqəmsal biliklərinin artırılmasına töhfə verməkdir. Bu günədək “Technest” təqaüd proqramından 5 minədək iştirakçı faydalanıb. Proqramın məzunlarının 90 faizi əmək bazarında işlə təmin olunub. Proqram bir sıra layihələri əhatə edir. “Technest” təqaüd proqramının ölkə üzrə üçüncü qeydiyyat mərhələsi elan edilib. Qeydiyyat ölkənin İKT sahəsində fəaliyyət göstərən 30-dan çox tərəfdaş tədris mərkəzinin təqdim etdiyi 50-dən artıq ixtisas üzrə aparılır. 2023-cü il ərzində ölkəmizdə cəzaçəkmə müəssisəsində 15 nəfər yetkinlik yaşına çatmayan gənc, 2 internat məktəbindən 45 uşaq IT təliminə cəlb olunub. Proqram çərçivəsində 140 aztəminatlı, şəhid ailəsi üzvü, veteran və digər sosial qrupa aid şəxs, 25 nəfər fiziki məhdudiyyətli şəxs İKT üzrə təlimlərə cəlb olunub. Bu il 5 min nəfərə təqaüd verilməsi, 2 yeni beynəlxalq tərəfdaşlığın başlanması və olimpiadaların keçirilməsi planlaşdırılır”, – deyə Fatimə Ələkbərova vurğulayıb.
Müxtəlif yerli və beynəlxalq olimpiadalarda dərəcə qazanmış “Technest”in məzunu Qəndab Məmmədova AZƏRTAC-a müsahibəsində bildirib ki, dünya reytinqində dördlükdə yer alan Harvard Universitetinə qəbul olduğu üçün çox sevinir:
“Əslən Saatlı rayonundanam. 2023-cü ildə Bakıda 279 nömrəli tam orta məktəbi bitirmişəm. Düşünürəm ki, bu universitetə qəbul olmağımda həm məktəb təhsili, həm də məktəbdənkənar fəaliyyətlər əsas rol oynayıb. Məktəbdənkənar fəaliyyətlər deyəndə müxtəlif müsabiqələr və olimpiadaları nəzərdə tuturam. Doqquzuncu sinifdən müxtəlif yerli və beynəlxalq fizika və astronomiya üzrə olimpiadalarda iştirak etmişəm və bunun sayəsində bu gün bu nəticəni əldə etdiyimi düşünürəm. Xaricdə keçirilən olimpiadalarda iştirak edərkən məndə xaricdə təhsil almaq istəyi yarandı. Buna görə xarici universitetlərin təqaüd proqramlarına müraciət etdim. Sonra “Technest” təqaüd proqramı ilə “ROOF Academy”nin əməkdaşlığı çərçivəsində keçirilən “Talant” layihəsinə müraciət etdim. Burada IELTS kursları və digər dil biliklərinə yiyələndim”, – deyə Qəndab Məmmədova bildirib.
Ona göstərilən etimad və dəstəyə görə hər kəsə təşəkkürünü bildirən Qəndab Məmmədova valideynlərinə xüsusi minnətdarlıq edir:
“Hərtərəfli dəstək sayəsində mən potensialımı ortaya qoydum və Harvard Universitetinə qəbul oldum. Bu universitetə qəbul olacağıma tam şəkildə inanmırdım. Yəni, əslində, Harvard Universiteti məqsədim deyildi. Məqsədim sadəcə xarici universitetlərdə astrofizika üzrə təhsil almaq idi. Harvard Universiteti bu sahə üzrə ən qabaqcıl ali təhsil müəssisələrindən biridir. Bu səbəbdən də seçimlərimin arasında yer almışdı. Digər universitetlərdən müsbət cavab alsam da, sonda Harvard Universitetini seçdim. Düşünürəm ki, orada təhsilimi daha çox inkişaf etdirə biləcəyəm. Müxtəlif bacarıqlar qazana bilərəm və öz sahəmdə professional kimi yetişib biliklərimi inkişaf etdirəcəyəm. Bundan sonrakı planlarım hələ tam dəqiq deyil. Düşünürəm ki, universitetin mühitindən asılı olaraq fikirlərim də dəyişəcək. Lakin əsas məqsədim – astrofizika sahəsini Azərbaycanda daha çox inkişaf etdirməkdir. Bu prosesdə ölkəmizə dəstək olmaq istəyirəm”, – deyə Q.Məmmədova əlavə edib.
Ötən il Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresinə layihəsi ilə qatılan Qəndab Məmmədova bu barədə də söhbət açıb: “Bakı Konqresində qrupumuzda ən gənc üzvlərdən biri idim. Orada iştirak etmək və layihəmizi təqdim etmək üçün müəyyən qədər maddi vəsaitə ehtiyacımız var idi. Bu zaman “Azərkosmos” 20 gənc üçün təqaüd layihəsi elan etdi və o təqaüdü alanlardan biri oldum. Bu səbəbdən də layihəni təqdim edə bildim. Astronavtika Konqresində müxtəlif astronomlarla, eyni zamanda kosmonavtlarla və digər maraqlı insanlarla tanış oldum. Xüsusən də Türkiyədən olan kosmonavtlarla birlikdə olmaq, onlarla birlikdə söhbət eləmək məni daha çox ruhlandırdı. Bunun üçün universitetlərə astronomiya sahəsi üzrə müraciət etdim.
Əlbəttə, mənim fikrimcə, kosmik sektorda olan insanların hamısının xəyalıdır ki, bir gün kosmosa yollansın. Mənim də belə xəyalım var. Lakin bunun üçün müxtəlif hazırlıq prosesləri lazımdır. Düşünürəm ki, öz sahəmdə peşəkar olsam, gələcəkdə qarşıma da belə bir fürsət çıxsa, mütləq dəyərləndirəcəyəm”.
Astronomiya və kosmik sahəyə marağının ibtidai sinifdə bir mətnlə yarandığını qeyd edən Qəndab Məmmədova deyib ki, həmin mətndən sonra bu sahə ilə daha yaxından tanış olub: “Biz əlavə məlumat toplamalı idik. O zaman yadplanetlilər haqqında öyrəndim və bunun gerçək olub-olmadığını müəllimdən soruşanda o mənə demişdi ki, bəlkə bir gün özün bunu kəşf edə bilərsən. Doqquzuncu sinifdə isə fizika sahəsinə başlayanda orada astronomiya olimpiadalarının da olması ilə qarşılaşdım və mütləq dəyərləndirmək istədim. Universitetə və astronomiya olimpiadasına hazırlıq qruplarına qoşuldum.
Harvardda təhsilə başladığım müddətdən sonra öyrəndiyim şeyləri Azərbaycanda olan şagirdlərə çatdırmaq istəyirəm. Bu səbəbdən də artıq yutub kanalım var. Bu kanal vasitəsilə paylaşımlar edəcəyəm. Əsasən orada aldığım təhsillə bağlı və eyni zamanda, spesifik olaraq astronomiya dərsləri ilə bağlı yayımlar edəcəyəm. Fikrimcə, bu, məktəb şagirdlərini həvəsləndirəcək və onlarda bu sahəyə maraq artacaq”.
Qeyd edək ki, astrofizika ixtisası üzrə Harvard Universitetinin bakalavr kollecinə qəbul olmuş Qəndab Məmmədova hazırda “Azərkosmos”un təşəbbüsü ilə keçirilən “Qadınlar üçün Kosmos” mentorluq proqramının iştirakçısıdır.
Qəndab, həmçinin ötən il Bakının ev sahibliyi etdiyi Beynəlxalq Astronavtika Konqresində “Azərkosmos”un dəstəyilə “kosmik səfir” olaraq öz elmi məqaləsi ilə çıxış edib.