YAZARLAR

HƏDƏFİMİZ TARİXİ TORPAQLARIMIZDIR!

 Sözümə Ulu Öndər Heydər Əliyevin məşhur bir sözü ilə başlamaq istəyirəm: “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir”.

Məlum olduğu kimi, Ulu Öndər 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu tarixi hadisə Azərbaycan xalqının yaddaşında böyük iz buraxan və tarixə işıq tutan əhəmiyyətli bir hadisə oldu. Ümummilli lider hakimiyyətə yenidən gəlişi ilə xalqımıza ümid verdiyi kimi, xalqımıza qarşı düçmənçilik edənlərə qarşı da apardığı məqsədyönlü siyasəti ilə dərs verdi. 1993-cü il 15 iyunda Ulu Öndərin qayıdışı xalqımızın birliyini təmin etdiyi kimi ölkəmizin müstəqilliyini qorudu və dağılmaq təhlükəsindən xilas etdi.

Tarixə nəzər salsaq görərik ki, erməni və onların havadarlarının köməyi ilə azərbaycanlılara qarşı mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasəti nəhayət, 1988-1989-cu illərdə yekunlaşdı. Yeri gəlmişkən burada məni narahat edən xüsusi bir məsələyə münasibət bildirmək istəyirəm. Son dövrlərdə erməni və onların havadarları tərəfindən istər Ermənistanda, istərsə də erməni diasporasının güclü olduğu ölkələrdə birmənalı şəkildə Azərbaycan tarixini təhrif etməklə məşğul olurlar. Təssüflər olsun ki, bu tarixi saxtalaşdırma fəaliyyəti onların dövlət siyasətinin bir parçası halına gəlmişdir. Biz bunu onların nəşr etdikləri kitablarda və orta məktəb dərs vəsaitlərində özününküləşdirmə siyasətində şahidi oluruq. Onlar bunu etməklə dünya ictimaiyyətinə Qərbi Azərbaycan ərazisində heç bir vaxt azərbaycanlıların yaşamadığını sübut etməyə çalışırlar.

Ən yaxın tarixdə dünyanın gözü qarşısında Qərbi Azərbaycandan 1988-1989-cu illərdə 250 min azərbaycanlı əhali kütləvi zorakılıqlarla öz tarixi-etnik torpaqlarından, ata-baba yurdlarından deportasiya olundu. Onların başlarına gətirilən faciələri dünya dövlətləri görmədilər və hələdə görməməyə davam edirlər. Məlum olduğu kimi Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb: Birinci mərhələ 1905–1920-ci illər; İkinci mərhələ 1948–1953-ci illər; Üçüncü mərhələ 1988–1992-ci illər.

Bütün tarixi qaynaqlar Qərbi Azərbaycan torpaqlarının istinasız və qeyri-şərtsiz Azərbaycan torpağı olduğunu sübut edir. Məlum olduğu kimi, XVIII əsrin əvvəllərində İsveçlə Çar Rusiyası arasında bağlanan sülh müqaviləsindən sonra mövcud vəziyyətin Çar üçün münasib olduğunu nəzərə alsaq görərik ki, yaranmış vəziyyətdən arxayınlaşan I Pyotr Qafqaza yürüşə çıxır və bu bölgənin ilkin bəlası da elə həmin yürüşdən sonra başladı. Çar I Pyotr iki il ərzində Azərbaycanın Xəzəryanı bölgələrini və paytaxt Bakını işğal edir. Burada daha çox türk mənşəli müsəlman əhalisinin yaşadığını və onların işğala qarşı müqavimətini görən imperator “erməni kartı”nı işə salmaqla neft və milyonlar səltənətinə müsəlman türklərin deyil, erməni və rusların sahib olmasına şərait yaratmağa başlayır.  

Çar erməni kartını işə salmaqla kifayətlənməyərək ermənilərə birbaşa və dolaysı yolla verdiyi dəstəkdən sonra ermənilər azərbaycanlılara qarşı syqırım və deportasiya fəaliyyətinə başlamaq üçün ağıla gəlməyəcək müxtəlif planlar hazırladı. Çox keçmədən I Pyotr ilk sərəncamla ermənilərın Bakıda və Dərbənddə yerləşdirilməsini və dayanmadan azərbaycanlılara qarşı tez-tez təxribatlar törətməyi, müsəlmanları qırmağı, Osmanlı türkləri ilə Azərbaycan türkləri arasına nifaq salmağı tapşırdı. Tarixi qaynaqlar göstərir ki, I Pyotr azərbaycanlılara qarşı işğalçı siyasətini və soyqırım niyyətini davam etdirməyi özündən sonra gələnlərə vəsiyyət etmişdir. Onun vəsiyyətinin əsas hissəsində ermənilərin Qafqazda Osmanlı imperiyası ilə Azərbaycanın arasında yerləşdirilməsi idi.

1768-ci ildə II Yekaterina babasının vəsiyyətinə əməl edərək imperiyanın ermənilərə hamiliyi barədə fərman imzalayır, onlara geniş imtiyazlar verirdi. 1802-ci ildə çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat göndərir: “Ermənilərdən nəyin bahasına olursa-olsun, Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunsun”. 1813-cü və 1828-ci illərdə İran ilə Rusiya arasında imzalanan Gülüstan və Türkmənçay müqaviləsindən sonra bu hamiliyin miqyası daha da genişləndi.

1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Bu hadisələrin baş verməsini sübut edən faktlar M.S.Ordubadinin “Qanlı illər”, M.M.Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi” kitablarında öz əksini tapıb. İran ermənisi Corc Burnatyan isə həmin dövrdə İrəvan ərazisindəki əhalinin demoqrafik tərkibi ilə bağlı bunları yazıb: “1826-cı ildə İrəvanda 117 mindən çox müsəlman, 25 minə yaxın erməni yaşayırdı. 1832-ci ildə isə bu say artıq bərabərləşmişdi”. Lakin ingilis səyyah H. Linçin yazdığına görə 1890-cı ildə şəhərdə, yəni İrəvanda ermənilər çoxluq təşkil etmirdi.

Yuxarıda qısa olaraq toxunduğum məsələlər bir daha sübut edir ki, Çar rusiyası və erməni müttəfiqliyi heç bir zaman qurtarmamış, tam tərsinə XX əsrin əvvəllərindən bağlayaraq bu işğalçılıq siyasəti davam etmişdir. Belə demək mümkündürsə 1828-ci ildən başlanan deportasiya və soyqırım 1991-ci ilə kimi davam edərək torpaqlarımız işğal edilib və xalqımız soyqırıma məruz qalmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etdi ki; “1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Bu sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti idi. Bu eyni zamanda böyük ədalətsizlik və vicdansızlıq idi. Çünki İkinci Dünya müharibəsi cəmi 3 il idi ki, başa çatmışdı. Azərbaycan xalqı böyük fədakarlıq göstərmişdir. Təkcə sovet Azərbaycanından olan insanların 300 mini həlak olmuşdur. O vaxt sovet Ermənistanında yaşamış on minlərlə azərbaycanlı da həlak olmuşdur. Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində əldə edilmiş qələbədə müstəsna rol oynamışdır. Azərbaycan nefti olmasaydı sovet dövləti heç vaxt qələbə qazana bilməzdi. Bütün bunlara baxmayaraq, xalqımıza qarşı növbəti cinayətin törədilməsi, yenə də deyirəm, böyük vicdansızlıqdır və saxta bəhanə adı altında xalqımız növbəti deportasiyaya məruz qalmışdır”.

Son olaraq bildirmək istəyirəm ki, ölkəmiz dövlət müstəqilliyini bərpa edəndən sonra dəfələrlə Qərbi Azərbaycan məsələsini daima gündəmdə saxlamaqla yanaşı, bir sıra qapalı sənədlər geniş ictimaiyyətə açıqlanmış, müxtəlif dövrlərdə ermənilər tərəfindən Qərbi Azərbaycanlıların başına gətirilmiş fəlakətlər geniş ictimaiyyətə çatdırılmışdır. Hazırda Qərbi Azərbaycan İcması Ermənistanın azərbaycanlılara qarşı dövlət səviyyəsində törətdiyi cinayətlərin araşdırılması, dünya ictimaiyyətinə çatdırılması və deportasiya nəticəsində azərbaycanlıların pozulmuş hüquqlarının bərpası istiqamətində tədbirlər görməkdədir. İcmanın yaradılması bir daha sübut etdi ki, ölkəmiz tərəfindən aparılan məqsədyönlü siyasət çox keçmədən öz bəhrəsini verəcəkdir.

İnanıram ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuz sayəsində ərazi bütövlüyümüzü təmin etdiyimiz kimi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdacağıq!  Hədəfimiz tarixi torpaqlarımızdır!

 

Beynəlxalq Diaspora Mərkəzinin Müşaviri

Politoloq,  Orxan Orucov