AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

“Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri” mövzusunda doktorantlara mühazirə keçirilib

Mayın 6-da AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantlarına müəssisənin direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə və Sosial psixologiya şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli tərəfindən “Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri” mövzusunda mühazirə keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilib.

Tədbirdə çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə nitqində dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamasından danışıb.

Qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

“Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur”, – deyə professor vurğulayıb.

Sosial psixologiya şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, gənc alim Günel Məlikli isə mövzu ilə əlaqəli mühazirəsində liderlik psixologiyası probleminin tədqiqat üçün vacib aspekt olduğunu söyləyib. Liderlik probleminin sosial-psixoloji elmdə həmişə böyük maraq doğurmasından, müxtəlif dövrlərdə alimlərin liderlik problemini və onun sosial rolunun müəyyən edilməsini tədqiq etməsindən, Ümummilli Lider Heydər Əliyev psixoloji keyfiyyətlərindən danışıb. Ulu Öndər Heydər Əliyevin psixoloji keyfiyyətlərinin onun siyasi fəaliyyətini tamamladığını, sosial-psixoloji baxımdan Ulu Öndər Heydər Əliyevin bir fenomen olduğunu bildirib.

“Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinin psixoloji təhlili aşkar edir ki, onun zəngin irsinin tədqiqi təkcə bu gün üçün deyil, həm də gələcək nəsillərə töhfədir. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə tarixi qələbəmizi qazandıq”, – deyə Günel Məlikli vurğulayıb.