Hüseynzadə Məcid Əzizoviç (1916 və ya 16 avqust 1916, Ərdəbil və ya İran – 2006 və ya 18 sentyabr 2006, Moskva) — texnika elmləri doktoru, professor.
Həyatı
Hüseynzadə Məcid Əzizoviç 1916-cı ildə Cənubi Azərbaycanın (İran) Ərdəbil şəhərində anadan olmuşdur. 1941-ci ildə mexanika ixtisası üzrə ADU-nin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1941–1942-ci illərdə kənd məktəbində müəllim işləmişdir. Böyük Vətən Müharibəsinin iştirakçısıdır. 1945–1946-cı illərdə ADU-nin nəzəri mexanika kabinetində laborant işləmişdir. 1950–1952-ci illərdə M.V.Lomonosov adına MDU-də aspirant olmuşdur. 1952–1989-cu illərdə akad. İ.M.Qubkin adına Moskva Neft kimya və qaz sənayesi institutunda Nəzəri mexanika kafedrasının dosenti, Ali riyaziyyat kafedrasının rəhbəri işləmişdir. 1950-cı ildə “Keçirici cismin axıb dövrələməsi” mövzusunda namizədlik, 1962-ci ildə isə “Layın qeyri-bircinsliyinin, onun tavanının və dabanının keçiriciliyinin mayenin layda hərəkətinə təsiri” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Elmi fəaliyyəti
Hüseynzadə M.Ə. neftmədən mexanikası və neft və qazın boru kəməri ilə nəqli məsələlərinin riyazi modelləşdirilməsi elmi məktəbinin yaradıcısı, tanınmış alimdir.
Elmi tədqiqatların sahəsi: zəifkeçirici aralıqlı (arakəsməli) məhsuldar laylardan ibarət çoxlaylı sistemlərdə, həmçinin keçiriciliyinə görə qeyri-bircins laylarda mayenin süzülməsi; neft və qazın magistral boru kəmərlərində müəyyənləşməmiş hərəkəti məsələləri; hidrozərbə nəzəriyyəsi.
Hüseynzadə M.Ə. 200-dən artıq elmi məqalənin, 15 monoqrafiyanın müəllifidir. O, 3 elmlər doktoru və 17 elmlər namizədi hazırlamışdır.
O, Rusiya EA fəxri üzvüdür. Hüseynzadə M.Ə. “RF Fəxri neftçisi”, “RF Qaz sənayesinin fəxri işçisi”, “Rusiya Yanacaq Enerji Nazirliyinin Əməkdar İşçisi”, “Azərbaycan və RF əməkdar elm və texnika xadimi”, “Rusiya ali təhsilinin fəxri işçisi” adlarına layiq görülmüşdü. “Şərəf Nişanı”, “Xalqlar Dostluğu”, “II dərəcəli Böyük Vətən Müharibəsi” ordenləri və medallarla mükafatlanmışdır. “SSRİ Ali məktəbinin işində əla müvəffəqiyyətlərə görə”, “RF sənayesi əlaçısı” nişanları ilə təltif edilmişdir.