ELM VƏ TƏHSİL

ICESCO “Gənc peşəkarların təlim proqramı”nın ilk məzun buraxılışını qeyd edib

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabatdakı mənzil-qərargahında “2022-2024-cü illər üzrə gənc peşəkarların təlim proqramı”nın ilk məzun buraxılışı münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən proqramın məzun tədbirində təşkilata üzv olan 10 ölkədən gənclərə diplom və təşəkkür plakatları təqdim edilib.

Tədbir müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlanıb.

Sonra proqram iştirakçılarının peşəkar hazırlıq səfərini əks etdirən videoçarx göstərilib. Gənclər 24 ay ərzində ICESCO-nun müxtəlif sektorlarında və mərkəzlərində peşəkar təlimdə olublar.

Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov çıxışında qeyd edib ki, bu proqram İslam dünyasında bir çox sahələrdə fəaliyyət göstərə biləcək gənclərin peşə bacarıqlarının inkişafına töhfə verir.

Daha sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki Azərbaycanın təşkilatın proqramlarına və digər təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndirərək səfir Səmədova xatirə plakatı təqdim edib.

Baş direktor gənclərin inkişafın və quruculuğun əsasını təşkil etdiyini, onların ideyalarının dirçəliş layihələri olduğunu vurğulayıb. Gənclərin böyük insan kapitalı olduğunu bildirən Baş direktor bundan səmərəli istifadə etməyin zəruriliyinə diqqət çəkib. O, ICESCO-da çalışanların 42 faizinin gənclərdən ibarət olduğunu qeyd edib. Eyni zamanda, Azərbaycanın himayəsi və dəstəyi ilə bu proqramın yüksək səviyyədə təşkil olunduğunu və gənclərin 100-dən çox təlim fəaliyyətinə cəlb olunduğunu qeyd edib. Salim bin Məhəmməd əl-Maliki çıxışının sonunda “Gənc peşəkarların təlim proqramı”na ikinci qəbulun başlandığını elan edib.

Mərakeş Gənclər, Mədəniyyət və Əlaqələr Nazirliyinin Gənclərlə iş idarəsinin müdiri xanım Kənza Abu Rıman bildirib ki, proqram ICESCO-nun üzv ölkələrdə gənclərin bacarıqlarını inkişaf etdirmək istiqamətində üzərinə götürdüyü öhdəliyini əks etdirir. O əlavə edib ki, Mərakeş nazirliyi gənclər üçün bir sıra təşəbbüslərin həyata keçirilməsində təşkilatla əməkdaşlıq edir.

Tədbirin sonunda proqramın iştirakçılarına diplom və təşəkkür plakatları təqdim olunub.

Mərasimdə rəsmi şəxslər, səfirlər və Mərakeşdə akkreditə olunmuş beynəlxalq nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir