İki azərbaycanlı ailə Rusiyadan qovuldu
Sankt-Peterburqda yeniyetmələr arasında baş verən münaqişə davanın təhrikçisi olan 13 yaşlı və onun 15 yaşlı şərikinin ailələrinin Rusiyadan Azərbaycana qovulmasına səbəb olub.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional baş idarəsi məlumat yayıb. Bundan əvvəl Sankt-Peterburqda yeniyetmələr arasında baş verən davadan sonra Azərbaycandan olan bir çoxuşaqlı ailənin Rusiyadan qovulması barədə məlumat yayılıb.
Polisin iddiasına görə, 9-cu sinif şagirdi xəsarətlə xəstəxanaya yerləşdirildikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları nəinki davanın təhrikçisi olan 13 yaşlı, həm də davanın digər iştirakçısını – 15 yaşlı Azərbaycan vətəndaşını dindiriblər. Ona və ailəsinə qarşı da oxşar tədbirlər görülüb.
Qeyd edilir ki, iyunun 30-da Sankt-Peterburqun Bolşevikov prospektində sosial şəbəkələrdəki mübahisə zəminində yeniyetmələr arasında dava baş verib; 16 yaşlı 9-cu sinif şagirdi 13 yaşlı yeniyetmə və onun iki dostu tərəfindən döyülüb. 9-cu sinif şagirdi beyin silkələnməsi və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib./lent.az
Mənbə: Turkustan.Az