Tacikistanın İaplustj.info portalında azərbaycanlı şair, yazıçı, redaktor, Azərbaycan Cümhuriyyəti Milli Şurasının üzvü Mirzə Cəlal Yusifzadə (1862–1931) barəsində geniş məqalə dərc olunub. Məqalədə bildirilib ki, 1912-ci ilin martında Tacikistanda Şuşa şəhərindən olan azərbaycanlı Mirzə Cəlal Yusifzadənin baş redaktoru olduğu ilk tacik qəzeti olan “Buxoroyi Şərif”in ilk nömrəsi işıq üzü görüb. Tacikistan mətbuatının öz işinə necə başladığı və soydaşımızın bunda hansı rol oynadığı barədə asiaplustj.info nəşrinə filologiya elmləri doktoru Şərif Mulloyev danışıb. AZƏRTAC məqaləni qısa ixtisarla təqdim edir.
Türküstanda və Buxarada tacik dilində dövri mətbuat özbək dilindəki mətbuatdan daha sonra meydana çıxdı, çünki rəsmi mətbuat özbək dilində nəşr olunurdu.
Tacik jurnalistikası və publisistikası yalnız XX əsrin əvvəllərində inkişaf etməyə başladı. Birincisi, xaricdə yaşayan, Türküstandan və ya Buxaradan olan maarifçilərin publisist yazıları çap olunmağa başladı. İkincisi, Türküstanda ikidilli tacik-özbək və ya tacik-türk mətbuatı meydana çıxdı. Üçüncüsü, nəhayət, Buxarada tacik dilində mətbuat təşəkkül tapdı.
Tacik dilində mətbuatın yaranmasına Buxarada mədrəsə şagirdləri arasında gizli şəkildə yayılan dövri nəşrlər kömək etdi. Bu cür ilk nəşr, illüstrasiyalarla nəşr olunan və həftədə bir dəfə işıq üzü görən “Molla Nəsrəddin” satirik jurnalı idi.
Jurnalda tənqidi xarakterli materiallar, o zamankı cəmiyyətin köhnəlmiş fikirlərini lağa qoyan felyetonlar, hekayələr, şeirlər dərc olunurdu. Siddiqi Ajzi, Sobit Mannofzoda, Əbdülvahid Münzim, Salman Mümtaz kimi naşirlər və qələm ustaları nəşrlə fəal əməkdaşlıq edirdilər.
“Molla Nəsrəddin” jurnalı 1906-cı il aprelin 7-dən Tiflisdə nəşr olunmağa başladı və Orta Asiyada və bütün Yaxın Şərqdə yayılaraq demokratik mətbuatın yaranmasında və inkişafında mühüm rol oynadı. Onun naşiri və redaktoru məşhur Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadə idi. Jurnal 1912-ci ilin mart ayına qədər fasiləsiz nəşr olundu və müvəqqəti olaraq bağlandıqdan sonra 1913-cü ilin aprelindən etibarən çapı bərpa edildi. 1931-ci ildə jurnal ikinci dəfə bağlandı.
XX əsrin əvvəllərində Buxaranın qabaqcıl ictimaiyyəti xaricdən gətirilən dövri mətbuatın yetərli olmadığını anladı və buna görə də, tacik dilində çap orqanının yaradılmasına qərar verildi.
Gənc buxaralılar gündəlik qəzetə yeni (cədid) fikirlərinin təbliği və təşviqi məqsədilə vacib bir vasitə kimi böyük ümidlər bəsləyirdilər.
Gənc buxaralıların təşəbbüsü ilə ilk tacik qəzeti olan “Buxoroyi Şərif” təsis edildi. Lazımi vəsait toplandıqdan sonra 1912-ci il martın 11-də, bazar günü “Buxoroyi Şərif” (“Şərəfli Buxara”) qəzetinin ilk nömrəsi işıq üzü gördü.
Qəzet Kaqanda tacik dilində ərəb qrafikası ilə, dörd səhifəlik böyük formatla çap olundu. 1912-ci il martın 11-dən 1913-cü il yanvar ayının 2-dək qəzetin 153 nömrəsi buraxıldı. Onun başlıca vəzifəsi tacik xalqını maarifləndirməkdən ibarət idi. Qəzetə ümumi rəhbərliyi Haydarhoca Mirbədəlov həyata keçirirdi.
Nəşrin məqsədi qəzetin ilk sayının redaksiya məqaləsində ifadə edilib: “Qəzetimiz elmi, ədəbi, mövzuları əhatə edən, iqtisadi nəşr olmaqla sivilizasiyanın və birlik ideyasının yayılmasına səy göstərəcək.”
Materialların əsas mövzusu innovativ məktəblərin yaradılmasına, mədrəsədəki islahatlara, kommersiya fəaliyyətinin yeni tədris metodlarına həsr olunmuşdu.
“Buxoroi Şərif” qəzeti maarifçilik funksiyasını yerinə yetirir, oxucularını dünyanın ən mühüm hadisələri, müxtəlif tarixi, coğrafi, ədəbi və digər xəbərlərlə tanış edirdi.
Qəzetin səhifələrində bölgənin bir çox sosial problemləri – iqtisadi böhran, insanların yoxsul və səfil güzəranı, XX əsrin əvvəllərində Buxara əhalisinin əksəriyyətinin savadsız olması kəskin tənqid olunurdu.
Qəzetdə digər xalqların yazıçılarının əsərləri və hekayələri, tacik dilinə tərcümə olunmuş rus ədəbiyyatı nümunələri dərc edilirdi. “Yerli xəbərlər” və “Türküstan xəbərləri” rubrikasında əmirliyin siyasi həyatı, əmir Alimxanın səfərləri, Türküstan ticarətinin inkişafı haqqında reportajlar və məqalələr dərc olunurdu. “Xarici xəbərlər” rubrikası isə Buxara əhalisini İran, İraq, Əfqanıstan, Türkiyə, Çin və digər ölkələrin xalqlarının həyatı ilə tanış edirdi.
1912-ci il iyulun 14-dən etibarən əmirliyin özbək əhalisi üçün “Buxoroyi Şərif” qəzetinə əlavə olaraq həftədə iki dəfə “Turon” qəzeti özbək dilində nəşr olunmağa başladı. Həmin ilin sentyabrında isə “Turon” qəzeti artıq müstəqil nəşrə çevrildi.
Redaktor səlahiyyətləri Azərbaycandan redaktor kimi dəvət olunan Mirzə Cəlal Yusifzadəyə həvalə edildi. Redaksiya məqalələrinin əksəriyyəti onun qələmindən çıxırdı.
Buxaraya gəlməzdən əvvəl Mirzə Cəlal Yusifzadə “Molla Nəsrəddin” jurnalının redaksiyasında fars şöbəsinə rəhbərlik etmişdi. O, Bakıda qısa müddət ərzində nəşr olunan iki qəzetin təsisçilərindən biri idi (Azərbaycan dilində fəaliyyət göstərmiş “Həqiqəti-əfkar” (“Fikirlərin həqiqəti”) qəzeti nəzərdə tutulur – AZƏRTAC).
Mirzə Cəlalın səyləri sayəsində yeni nəşr qısa müddət ərzində oxucuların marağına səbəb oldu. Təxminən üçüncü nömrədən oxucuların müraciətlərini “Buxaradan məktub” və ya “Qəzetə məktub” rubrikasında dərc etməyə başladılar, burada insanlar qəzetə və onun nəşrlərinə, hətta ayrı-ayrı əməkdaşlarına öz münasibətlərini bildirdilər. Baş redaktorun özü bütün məktublara cavab verirdi; Mirzə Cəlal hesab edirdi ki, qəzetin əsas vəzifəsi, ilk növbədə, xalqı maarifləndirməkdən ibarətdir.
“Bizə elm gərəkdir, elmlə məşğul olmaq lazımdır” – o deyirdi. Onun əksər məqalələri onu sübuta yetirir ki, Buxara əmirliyindəki humanitar cəmiyyətin əsasını, Mirzə Cəlal, təhsil sahəsində aparılmalı olan dərin islahatlarda görürdü. “Tartib lozim ast” (“Qayda-qanun lazımdır”) adlı məqaləsində, müəllif, təhsilin yaxşılaşdırılması üçün səlis və düşünülmüş plan təklif edir və Buxara əmirliyinin mədrəsələrində və məktəblərində geniş inkişaf etmiş tədris metodunun yayılmasının zəruriliyini vurğulayırdı. Elm və təhsil problemi təkcə Mirzə Cəlalı deyil, bütün Buxara cədidlərini narahat edən mühüm məsələlərdən idi.
Mirzə Cəlal Yusifzadənin baş köməkçisi Mirzə Siroc Hakim idi. Onlar Buxara əmirliyinin elm, mədəniyyət və dünyəvi təhsilin inkişaf edəcəyi inkişaf etmiş sivilizasiya mərkəzlərindən birinə çevriləcəyinə ümid edirdilər.
Mirzə Cəlal “Buxoroyi Şərif” qəzetinin səhifələrində sadə tacik dilində xalqın həyatı, xəyalları və istəkləri haqqında yazdığı şeirlərini dərc edir, müasirlərini narahat edən aktual problemləri gündəmə gətirirdi.
O, təkcə cəmiyyətin dərin böhranla əhatə olunmadığını bilirdi; bütün tacik poeziyası eyni dərəcədə ciddi sarsıntılarla üz-üzə idi. Maarifçi şair sözünün qüdrətini var gücü ilə tacik ədəbiyyatının bu mənəvi “mərəzini” sağaltmağa yönəltmişdi.
Yeni ideyaların daşıyıcıları olan cədidlər qəzetə böyük ümid bəsləyirdilər. Onun səhifələrində 200 məqalə dərc edilmişdi: oçerklər, esselər, məqalələr, söhbətlər, məktublara cavablar, reportajların hamısı Mirzə Cəlalın qələminin məhsulu idi.
Digər bir neçə yazısı isə bu qəzetin əlavəsi olan “Turon” qəzetində nəşr olunmuşdu və hamısı demək olar ki, bir problemlə – təhsil məsələsi ilə əlaqədar idi. Mirzə Cəlal oxucularını elm öyrənməyə və biliklərə yiyələnməyə, eləcə də digər xalqların, Orta Asiya regionlarının, Qafqazın və Volqaboyu ərazisinin mövcud təcrübəsindən istifadə etməyə çağırırdı.
Bu fikirlər ictimaiyyət tərəfindən geniş şəkildə dəstəklənirdi. Məsələn, Mahmud Hoca Behbudi həmkarını qəzetdəki çıxışlarına görə alqışlayır, eyni zamanda təsisçilərindən biri olduğu Səmərqəndin yeni məktəblərinin həyatından götürülmüş nümunələrlə onların fikir və düşüncələrini daha geniş şəkildə inkişaf etdirirdi.
“Buxoroyi Şərif” qəzeti qısa müddət ərzində böyük oxucu kütləsi qazana bilmişdi. Lakin qəzetin əhali arasında populyarlığı artdıqca, əmir hakimiyyəti bundan bir o qədər çox narahat olmağa başlamışdı. 1912-ci ilin dekabrında Qubernatorun nümayəndəsi Petrov Buxara əmirindən qəzetin bağlanmasını xahiş etdi. Əmir Alimxan məmnuniyyətlə razılaşdı və “Turon” və “Buxoroyi Şərif” qəzetlərinin bağlanması haqqında fərman verdi. “Buxoroyi Şərif”in 153 nömrəsi çıxdıqdan sonra qəzetin nəşri 1913-cü il yanvarın 2-də dayandırıldı…
Tacikistanın “Buxoroyi Şərif” qəzetinin ilk redaktoru Mirzə Cəlal Yusifzadə 1862-ci ildə qədim Şuşada, fars dili və tacik ədəbiyyatı üzrə böyük üləmalardan biri olan Hacı Mirzə Əli Əkbərin ailəsində anadan olub. Gələcək maarifçi və publisist öz ibtidai təhsilini atasından alıb.
Əlbəttə, onun tərcümeyi-halı və həyat yolu hələ tam öyrənilməsə də, kitabların səhifələrində və tacik xalqının tarixində Mirzə Cəlalın adı tacik jurnalistikası tarixinə əvəzsiz töhfələr verən görkəmli xadim, publisist və yazıçı kimi həkk olunub.
Mirzə Cəlal Yusifzadənin adı Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixinə də əbədi olaraq yazılıb. Məlum olduğu kimi, 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin son iclası keçirildi və mayın 27-də artıq keçmiş Seymin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı və müvəqqəti Milli Şuranın yaradılması barədə qərar verdi. Ertəsi gün, mayın 28-də Tiflisdə Qafqazın keçmiş canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi və burada Azərbaycanın müstəqilliyinin elan edilməsi məsələsi müzakirə olundu.
Milli Şura Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya daxilində müstəqil demokratik respublika elan edilməsi barədə qərar qəbul etdi, bundan sonra Azərbaycanın müstəqilliyi haqqında Akt – İstiqlal Bəyannaməsi elan olundu. Bu tarixi iclasda Mirzə Cəlal Yusifzadə də iştirak edirdi.