GÜNDƏM

İlqar Orucov: Yaxşı müəllim olmaq istəyən üçün şəhər və ya kəndin fərqi yoxdur

Biz müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı zamanı dəfələrlə monitorinqlər, müşahidələr aparmışıq. Bütövlükdə MİQ imtahanlarının təkmilləşdirilməsinə dair təşəbbüslərlə çıxış etmişik, təkliflər irəli sürmüşük.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

“Rayonlarda, məsələn, Göygöl rayonunda daimi yaşayan şəxs Bakıda işləmək istəməz. Əgər söhbət Bakı şəhəri və ətraf ərazilərdəki məktəblərdən gedirsə, burada MİQ imtahanlarında yüksək bal toplamış şəxslər fəaliyyət göstərə bilirlər. Nəticədə, burada rəqabət kifayət qədər çoxdur”, – deyə İlqar Orucov qeyd edib.

Şəhər mühitindən çıxan müəllimlər üçün rayon məktəblərində çalışmağın çətin olduğunu bildirən İlqar Orucov deyib: “Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri kimi Quba rayonunda monitorinq aparırdıq. Rayonun Aspərəsti kənd məktəbində üç fənn üzrə müəllimin olmadığını müşahidə etdik. Bunlar kimya, fizika və biologiya müəllimləri idi. Məlum oldu ki, həmin müəllimlər fəaliyyət göstərdikdən 15-20 gün sonra ərizə yazaraq məktəbi tərk ediblər. Səbəb kimi isə ucqar kənd olduğunu, eyni zamanda, sosial mühitin onlar üçün uyğun olmadığını bildiriblər”.

Ekspertin sözlərinə görə, Bakı şəhərində yaşamış xeyli sayda gənc müəllim var ki, onlar MİQ imtahanlarında yüksək nəticə əldə ediblər: “Onlardan bəziləri Lənkəran şəhər məktəbində işə götürülüb və orada üç il işləyiblər. Yaxşı müəllim olmaq istəyən üçün rayon, kənd, ucqar yerlər fərq etmir. Onlar hər yerdə özlərini doğrulda biləcəklər”.

Bakı məktəblərində işləmək istəyənlərin sayının çox olduğunu bildirən İlqar Orucov bunun səbəbinə də diqqət çəkib: “Şəhərdə yaşamış insanlar üçün fərqli mühit mövcuddur. Gənc müəllimlərin əksəriyyəti fikirləşir ki, şəhər mühitində daha geniş imkanlara malik olacaqlar. Bu baxımdan müəllimlər üçün paytaxt məktəbləri daha cəlbedicidir. Təbii ki, cəlbediciliyin kökündə əməkhaqqı dayanmır. Səbəb paytaxt məktəblərinin və şəhər infrastrukturunun onlara verdiyi imkanlardır. Tədris hər yerdə eyni formadadır. O ki qaldı əlavə ödənişə, bu, həm şəhər, həm də kənd məktəblərində çalışanlar üçün mövcuddur”.