İmanquliyeva Aida
İmanquliyeva Aida-şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1987). Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almışdır (1957-1962). Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib (1966), Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi (1966-1976), ərəb filologiyası şöbəsinin müdiri (1976-1988), elmi işlər üzrə direktor müavini (1988-1991), həmin institutda direktor vəzifəsində çalışmışdır (1991-ci ildən).Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi “Ərəb filologiyası məsələləri” məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur. Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1987) və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olmuşdur (1983-cü ildən).