ELM VƏ TƏHSİL

“İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb

Aprelin 16-da Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

Elminfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfransın keçirilməsində məqsəd inklüzivliyin təşviqi, inklüziv təhsil üzrə məzmun və bacarıqların inkişafı sahəsində ali təhsil müəssisələri arasında, eləcə də regionlarda çalışan müəllimlər üçün əlaqələndirmə və öyrənmə platformasına töhfə verməkdir.

Tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin elmin, təhsilin inkişafına daim xüsusi önəm verdiyini vurğulayıb. Rektor beynəlxalq tədbirin əhəmiyyətini diqqətə çatdırıb.

Sonra digər alim və mütəxəssislərin mövzu ilə bağlı çıxışları dinlənilib.

Konfrans işini “İnklüziv təhsil: məzmun və təlim məsələləri”, “İnklüziv təhsil beynəlxalq təcrübədə”, “Müasir cəmiyyətlərin inklüziv potensialı: təhsil və əmək bazarı” adlı bölmələrdə davam etdirəcək. Bölmələrdə ümumilikdə 118 məruzənin dinlənilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II beynəlxalq elmi-praktik konfransın regional bölməsi aprelin 19-da Bakı Dövlət Universiteti ilə birlikdə Qazax şəhərində təşkil olunacaq.