İran Hüseynzadəni niyə indi edam etdi? – Zülfüqarov açıqlayır
İran Məhkəmə Sistemi 2023-cü ildə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin bu gün səhər saatlarında edam edildiyini açıqlayıb.
Globalinfo.az-a danışan sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, bu terror aktının arxasında konkret dairələrin dayandığı ilə bağlı şübhələr hücumun ilk günündən mövcud idi:
“Hadisənin detallarında çoxlu şübhəli və məntiqəzidd məqamlar vardı. Azərbaycanın mövqeyi ondan ibarət idi ki, səfirlik əməkdaşının qətli həm cəmiyyətə, həm də dövlətə qarşı yönəlmiş təxribat xarakterli terror aktıdır. Bu baxımdan Azərbaycan hadisədən sonra məhkəmə prosesinə, verilən qərarın ədalətli və şəffaf şəkildə həyata keçirilməsinə ciddi nəzarət edirdi”.
Politoloq qeyd edib ki, İran tərəfi edam hökmünü icra etməklə Azərbaycanın irəli sürdüyü suallara və versiyalara cavab verməyə çalışıb:
“Bu şübhələri aradan qaldırmaq üçün İran cinayətkarı öz qanunvericiliyinə uyğun şəkildə cəzalandırdı. Hesab edirəm ki, bu addım İran tərəfindən Azərbaycanın irəli sürdüyü versiyaları və şübhələri aradan qaldırmaq məqsədi daşıyır”.
T.Zülfüqarov əlavə edib ki, Azərbaycan xarici siyasətində əsas prinsip problemlərin beynəlxalq hüquqa uyğun şəkildə həll olunmasıdır:
“Azərbaycanın xarici siyasətində əsas xətt beynəlxalq qanunlara əsaslanaraq, problemlərin həllinə yönəlib. İranla münasibətlər kontekstində də Azərbaycan bu prinsipial mövqeyini qorudu. Bu siyasətin nəticələrini isə hamı görür və dəyərləndirir”.
Mənbə: Turkustan.Az