İrana “dost” xəyanəti: İsrailə gizli məlumatları bu qüvvə sızdırıb – Detallar
İranın kəşfiyyat məlumatlarının əhəmiyyətli hissəsini İsrailə ermənilər tərəfindən ötürülməsi haqda məlumat yayılıb. Bu, 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanı bütün cəbhələrdə müdafiə edən İrana növbəti dost xəyanəti kimi qiymətləndirilir.
Sözügedən iddia təsdiqini tapsa, bu, İranda yaşayan ermənilərin taleyinə necə təsir edəcək?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İranın kəşfiyyat məlumatlarının İsrailə məhz bu ölkədəki erməni icması vasitəsilə ötürülməsi gözlənilməz deyil:
“İran uzun illərdir ki, öz geosiyasi maraqları naminə Ermənistanla münasibətlər qurub, bu ölkəni açıq və gizli şəkildə dəstəkləyib. Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxladığı bir dövrdə İranın apardığı siyasət, onun regionda etnik-dini reallığı riyakarlıqla əvəz etdiyini göstərirdi. Lakin indi tarix ironiya yaradır: İran Ermənistanı dəstəkləyərək, əslində, öz daxilində İsrailin “beşinci kolon”unu yetişdirib.
İranın erməni icması yalnız dini və mədəni azlıq deyil, eyni zamanda strateji informasiya dairələrinə çıxışı olan və qərb mərkəzləri ilə kommunikasiya kanallarını qoruyan bir şəbəkədir. Bu icma Tehran rejiminin gözündə zaman-zaman “sadiq vətəndaşlar” kimi qiymətləndirilsə də, onların çoxqütblü kimliyi İran dövlətçiliyi üçün sonda ciddi təhdidə çevrilə bilər. Xüsusilə İsrail kimi yüksək texnoloji və kəşfiyyat cəhətdən inkişaf etmiş bir dövlətin məqsədyönlü şəkildə bu şəbəkədən istifadə etməsi, regiondakı etnik balansın təhlükəli səviyyədə pozulduğunu göstərir”.
Politoloq deyib ki, İran indiyədək etnik siyasi loyalizmi yalnız şiə ideologiyasına uyğun baxışla idarə etməyə çalışıb:
“Bu kontekstdə, müsəlman azlıqlar – türklər, ərəblər, bəluclar daim təzyiq altında saxlanılıb. Halbuki ermənilər öz kimliklərini daha sərbəst qoruyublar. Lakin bu yanaşma ciddi sistem xətası yaradır: İran dövləti azlıqlara qarşı seçici davranmaqla əslində dövlət içində fərqli sədaqət mərkəzlərinin formalaşmasına yol açır. Nəticədə isə rejim daxili təhlükəsizlik nəzarətini öz əli ilə zəiflədir.
Ermənistan bu oyunu hələ 1990-cı illərin əvvəllərindən ustalıqla oynayıb. Rusiyanın himayəsində İranla strateji əlaqələr qurarkən, İsraillə dolayı münasibətlər saxlayıb. Məhz bu münasibətlər və əlaqə kanalları indi İranın daxilindəki erməni diasporunu informasiya və casus şəbəkəsinə çevirib. Ermənistanın İrana qarşı belə ikiüzlü oyunu, həm İran diplomatiyasının sadəlövhlüyünü, həm də regionda qeyri-tarazlı tərəfdaş seçiminin nəticələrini göstərir”.
Mənbə: Turkustan.Az