İsrail Qəzzada ilk dəfə hansı silahları sınaqdan keçirib? – ARAŞDIRMA (FOTOLAR)
HƏMAS-a qarşı hərbi əməliyyatların ilk 35 günündə 15 min hədəfi bombalayan İsrail 2014-cü ildəki 51 günlük hərbi əməliyyatlarında cəmi 6 min hədəfi bombalaya bilib. Süni Zəka (SZ) ilə dəstəklənən “Gospel” sistemi Pilotsuz Uçuş Aparatı (PUA) görüntüləri (VISINT), siqnal kəşfiyyatı (SIGINT) ilə aşkar edilən rabitələr, müşahidə məlumatları kimi insan kəşfiyyatı (HUMINT) mənbələri, coğrafi kəşfiyyat (GEOINT), fərdlərin və böyük qrupların hərəkətləri ilə davranış nümunələrinin izlənməsindən əldə edilən məlumatlar kimi böyük məlumat dəstlərini təhlil edərək, hədəfləri aşkar edir.
İsrail hərbi səlahiyyətliləri, əvvəllər ildə 50 hədəf aşkar edilə bildiyi halda, yeni sistemlə gündə ən az 100 hədəfin aşkar edildiyi və yarısının bombalandığı məlumatını paylaşıblar.
İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-a qarşı hərbi əməliyyatlar zamanı ilk dəfə olaraq real vaxt rejimində kəşfiyyat məlumatlarının və yenilənmiş əməliyyat vəziyyətinə uyğun hədəflərin quru qüvvələrinə verildiyini açıqlayıb. “Pillar of Fire” layihəsi çərçivəsində sözügedən hədəflərin real vaxt rejimində Cənub Komandanlığındaki atəşi idarəetmə mərkəzinə ötürüldüyü, daha sonra hava və dəniz qüvvələrinin əməkdaşlığı ilə anında yüzlərlə hücumun həyata keçirildiyi açıqlanıb.
Hərbi Hava Qüvvələri (HHQ)
39 qabaqcıl ABŞ istehsalı olan F-35 döyüş təyyarəsi İsrail HHQ-nin inventarına daxil olub. İsrail üçün istehsal edilən versiya F-35I “Adir” adlanır və 2027-ci ildən başlayaraq, 75 alışın planlaşdırıldığı bildirilir. İsrail ordusu 2018-ci ildə F-35-i döyüşdə istifadə edən ilk ölkə olduğunu bildirmişdi. Müxtəlif mənbələrdə sözügedən təyyarələrdən 35-nin HƏMAS-a qarşı hərbi əməliyyatlarda istifadə edildiyi bildirilib.
HƏMAS-a qarşı hərbi əməliyyatların əvvəlində ABŞ İsrail F-35-lərinin “beyni” kimi xarakterizə edilə bilən “missiya məlumat fayllarını (MDF)” sürətlə yeniləyərək, Qüdsə çatdırdı. 2023-cü ilin noyabrında Yəməndə husilər tərəfindən atıldığı iddia edilən qanadlı raketin ilk dəfə “Adir” F-35I tərəfindən vurulduğu açıqlandı.
Digər tərəfdən, İsrail HHQ-nin 140-cı və 116-cı F-35I “Adir” eskadrilyaları tərəfindən “Sərbəst Düşməli” (idarə olunmayan) təyyarə bombaları Birgə Birbaşa Hücum Sursatı (JDAM) ilə idarə olunan hala gətirilərək istifadə edildi. Bu, sistemin dünyada sınaqdan keçirildiyi ilk hücum olaraq qeyd edildi. Bundan əlavə, indiyədək “Adir” reaktiv təyyarələri sursatı təyyarənin içərisində daşıyırdı, lakin “gizlilik” xüsusiyyətindən imtina edilərək, qanadlara da bomba yükləndi, bir uçuşda bir neçə tapşırığı yerinə yetirmək imkanı və qabiliyyəti verildi.
HƏMAS-a qarşı həyata keçiriyi son hərbi əməliyyatlarında yüzlərlə 2000 funtluq (907 kiloqramlıq) GBU-31 “Sığınacaq Dəlici” təyyarə bombası atan İsrail bunu Vyetnam müharibəsindən etibarən ən yüksək rəqəmə çatdırıb. Qəzzanın peyk görüntülərinin təhlilində GBU-31 tərəfindən açıla biləcək böyüklükdə (12 metr çapında) olan 500-dən çox bomba çuxuru görünüb.
İsrail HHQ 2023-cü ilin sentyabrında “Rafael Advanced Defense Systems” və onun törəmə şirkəti “Aeronautics” tərəfindən hazırlanan “Nitzotz” (Spark) PUA-sını təhvil alıb. 5-ci nəsil “Spark” PUA-sı haqqında çox məlumat olmasa da, onun təxminən 55 kiloqram çəkiyə və 5 metr qanad genişliyinə malik olduğu, kəşfiyyat məlumatlarının toplanması, quru qoşunlarına dəstək və hədəf aşkarlama missiyalarında istifadə edildiyi qeyd edilir.
Oktyabrın 30-da İsrail ABŞ-nin “AeroVironment” şirkətindən “kamikadze PUA-sı” kimi istifadə etmək məqsədilə 200 ədəd “Switchblade 600” “gəzən sursat” (kamikadze PUA-sı) sisteminin alınması üçün tələblə çıxış edib. 40 dəqiqədən çox havada qala bilən “Switchblade 600” 54,5 kiloqramlıq “Javelin” tank əleyhinə sursatının bazası əsasında hazırlanmış zireh dəlici döyüş başlığı ilə sığınacaqlarla yanaşı, zirehli vasitələrə qarşı da istifadə edilə bilər. PUA 80 kilometrlik mənzilə malikdir.
Hindistanın ilk özəl PUA şirkəti “Adani Defence and Aerospace”in İsrailin “Elbit Advanced Systems” şirkəti ilə birgə istehsal etdiyi “Hermes 900” PUA-sının Hindistanda istehsal olunanları da ilk dəfə Qəzzada istifadə edildi. Bildirilir ki, yüksək performanslı sensorlarla təchiz edilən bu PUA-lar quru və ya dəniz hədəflərini aşkarlaya bilir.
Qeyd olunur ki, “Hermes 900”ün hissələri karbon kompozit materiallardan hazırlanıb, uzunluğu 8,3 metr, qanadlarının açıqlığı 15 metr, faydalı yük daşıma qabiliyyəti isə 300 kiloqramdan artıqdır. 9 min metr yüksəklikdə 36 saat havada qala bilən uzun mənzilli PUA-nın qabaqcıl elektro-optik sistemlərə, lazer işarələyicilərə və rabitə kəşfiyyatı (COMINT) podlarına sahib olduğu vurğulanır.
İsrailin yeni texnologiyalarından biri də “Arrow” silah sisteminin bir hissəsi olan “Arrow 3” Raket Əleyhinə Müdafiə (RƏM) sistemidir. Sistemin Yəməndən atılan və atmosferdən kənardan gələn ballistik raketi ələ keçirdiyi bildirilib. Yəmən raketinin Hava Hücumundan Müdafiə (HHM) sisteminə daxil olan “Guardian Sword” (Qoruyucu Qılınc) bölməsi tərəfindən zərərsizləşdirilməsi kosmosdan gələn təhdidlərə qarşı adi müdaxilələrdən başqa yeni texnologiyadan istifadə edildiyini göstərir.
Digər tərəfdən, İsrailin “Dəmir Günbəz” ilə birlikdə raketlərin qarşısını almaq üçün istifadə olunacaq lazer silahı üzərində çalışdığı da bildirilir. “Iron Beam” adlı sistemin HƏMAS-a qarşı hərbi əməliyyatlar zamanı həyata keçirilən ilk sınaqlarının uğurlu olduğu və bir neçə il ərzində istifadəyə veriləcəyi qeyd edilir.
Dekabrın 11-də İsrail HHQ “Lockheed Martin C-130-J Super Hercules” təyyarəsi ilə Qəzza zolağının cənubunda yerləşən Xan Yunisdə quru əməliyyatları həyata keçirən İsrail hərbi qulluqçularına təxminən 7 ton avadanlıq atıb. Bu, İsrailin 2006-cı il Livan müharibəsindən sonra ilk hava təchizat əməliyyatı idi.
Hərbi Dəniz Qüvvələri (HDQ)
İsrail HDQ-nin 2015-ci ilin aprelində Almaniyadan sifariş etdiyi “Sa’ar 6” korvetləri ilk dəfə 2023-cü il oktyabrın 16-da HƏMAS-a qarşı istifadə edilib. “Sa’ar 6” korvetləri İsrail istehsalı olan, hava hədəflərinə qarşı istifadə edilən “Barak 8” raketlərinin və “Dəmir Günbəz” sisteminin dəniz versiyalarında istifadə edilmək üçün dəyişdirilib.
Hazırda İsrail HDQ-də 4 “Sa’ar 6” korveti mövcuddur. Uzunluğu 90 metr, maksimum yüklə 1900 qros ton olan döyüş gəmisi 70 ekipaj üzvü daşıyır. 7400 kilometr mənzilli “Sa’ar 6”nın üzərində 1 ədəd MH-60 “Seahawk” helikopteri daşına bilir.
“Sa’ar 6” korvetlərində 76 millimetrlik (mm) əsas topdan əlavə, 2 “Typhoon” Silah Stansiyası, “Barak-8” “yer-hava” raketləri üçün 32 şaquli buraxılış bölməsi, “C-Dome” müdafiə sistemi üçün 40 şaquli atış bölməsi, 16 “Gabriel V” gəmi əleyhinə raketi, “Harpoon Block II”, “dəniz-dəniz” raketləri və 2 ədəd 324 millimetrlik torpedo buraxılış qurğusu mövcuddur.
“Sa’ar 6” korvetlərindəki 76 millimetrlik top və “Typhoon” Silah Stansiyasının “Mk-30c” versiyası HƏMAS-a qarşı hərbi əməliyyatlarda ilk dəfə istifadə edilib. 76 millimetrlik dəniz topu İtaliya müdafiə şirkəti “Leonardo”nun törəmə şirkəti olan “Oto Melara” tərəfindən istehsal olunur və 76/62 “Super Rapido Multi-Feed” dəniz topu olaraq adlandırılır. Su ilə soyudulan, elektriklə işləyən, çəkisi 7,5 ton olan top dəqiqədə 120 mərmi ata bilir. Hər bir mərminin çəkisi 6,3 kiloqramdır. Topun lüləsinin uzunluğu 4,26 metrdir.
“Typhoon” Silah Stansiyasının “Mk-30c” versiyasında isə əvvəlki modellərlə müqayisədə təkmilləşdirilmiş hədəfləmə sistemi və “Northrop Grumman” məhsulu üzərində atışa hazır 200 mərmi olan “Mk44 Bushmaster II” 30 millimetrlik topu mövcuddur.
Dəyanət Ağalarlı
Ordu.az