ELMİ ANONSLAR

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçiriləcək

Aprelin 7-də Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçiriləcək.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak üçün qeydiyyat martın 11-dən başlanacaq.

Müsabiqə 2 mərhələdən ibarət olacaq. Hər sinif üzrə ən yaxşı nəticə göstərən şagirdlərin 10 faizinə diplom veriləcək. Birinci mərhələdə ən yaxşı nəticə göstərmiş şagirdlərin 5 faizi final mərhələsinə vəsiqə qazanacaq. Finalçılardan hər sinif üzrə 18 şagird qalib (3 qızıl, 6 gümüş və 9 bürünc medal olmaqla) elan ediləcək. Qaliblər hədiyyə və medallarla, bütün iştirakçılar isə sertifikatla təltif olunacaqlar.

Müsabiqənin keçirilməsində əsas məqsəd müxtəlif ölkələrdən olan ekspertlərin hazırladıqları tapşırıqlar vasitəsilə şagirdlərin yaşlarına uyğun riyazi biliklərinin yoxlanılmasına imkan yaratmaqdan ibarətdir.

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində yüz minlərlə şagirdin iştirakı ilə təşkil olunur. Uzun illərdir ki, ölkəmizdə keçirilən bu müsabiqədə minlərlə şagirdə riyaziyyat fənni üzrə biliklərini yoxlama imkan yaradılır. Müsabiqə şagirdlərin problem həlletmə bacarıqlarını, məntiqini və riyazi mülahizələrini yoxlayan qapalı tipli test tapşırıqlarından ibarətdir.