ELMİ ANONSLAR

“Klassik divan ədəbiyyatında bitki obrazı” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək

29 aprel 2024-cü il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyi və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə “Klassik divan ədəbiyyatında bitki obrazı” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.

Konfransın materiallarının toplu halında çapı nəzərdə tutulur. Bununla əlaqədar arzu edənlər konfrans məruzələrinin mətnini elektron qaydada institutun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinə təqdim edə və ya aşağıdakı elektron poçt ünvanına 1 iyun 2024-cü il tarixinədək göndərə bilərlər.

E-mail: z.aliyeva.yasildunya@gmail.com 

Təqdim olunan məruzə mətnlərinə dair tələblər:

Məruzənin mövzusu aşağıdakı istiqamətlərdə ola bilər:

– Akademik Zərifə Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri;

– Yaşıl dünya naminə;

– Klassik ədəbiyyatda təbiət motivləri.

Məruzənin mətni aşağıdakı qaydada tərtib olunmalıdır:

Mətn A4 formatında, 12 ölçülü “Times New Roman” şrifti ilə, 1 intervalla yığılmalı, vərəqin hər tərəfindən 2,5 sm. boş məsafə buraxılmalıdır. Məruzə mətninin başında (sağ tərəfdə) müəllif(lər)in adı, soyadı, elmi dərəcəsi və elmi adı (əgər varsa), işlədiyi və ya doktorantura (dissertantura) təhsili aldığı müəssisə(lər)nin adı, elektron poçt ünvan(lar)ı alt-alta göstərilməlidir. Növbəti sətrdə məruzənin adı bütövlükdə böyük hərflə tən ortada yazılmalıdır. Daha sonra əsas mətn verilməli, “İstifadə olunmuş ədəbiyyat” əlavə olunmalıdır. Ədəbiyyat əlifba sırası ilə verilməlidir. İstinadlar mətnin daxilində kvadrat mötərizə ilə verilir, məsələn: [1, s. 36]. Məqalənin sonuna əlavə edilən ingilis dilində xülasə məruzə haqqında təsəvvür yaratmalı və 5 sətrdən artıq olmamalıdır.

Məruzənin tam mətni 5 səhifəni keçməməlidir.

Təşkilat komitəsinin məruzə mətnini qəbul edib-etməmək hüququ var.

Elmi dərəcəsi olmayan müəlliflər məruzə ilə bağlı mütəxəssis rəyi təqdim etməlidirlər.

https://science.gov.az/az/news/open/28587