“Könüllü” köçürülmə erməni xəyanəti idi
Tarixi mənbələr göstərir ki, Qərbi Azərbaycan adlanan ərazidə vaxtilə ermənilər yaşamamış, daşnak quldurlar öz havadarlarının dəstəyi ilə bu yerlərə əsasən Türkiyə, İran və digər dövlətlərdən axışıb gəlmiş, onlar məqam düşdükcə, buradakı azərbaycanlıları öz ata-baba yurdlarından sıxışdırıb çıxarmış və nankor “qonşularımız” tarixən xalqımıza qarşı düşmən mövqeyində dayanmışlar.
Həmişə “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq iddiası ilə yaşayan, tarixən Rusiyanın müəyyən dairələrinin əlində türk xalqlarına qarşı terrorçuluq alətinə çevrilən ermənilər 1948-53-cü illərdə qədim Oğuz ellərində – bu gün Ermənistan adlanan ərazidə daha bir məkrli siyasətlərini reallığa çevirdilər. Onlar dünyaya səs saldılar ki, guya əzab-əziyyət içərisində yaşayırlar, əkib-becərməyə meyilli olsalar da, bu ərazilərdə azərbaycanlılar yaşayır. Çıxış yolu isə ondadır ki, müsəlmanlar öz əzəli torpaqlarından köçürülsün, qonşu Azərbaycan Respublikasında onlara yer ayrılsın.
Ermənilər azərbaycanlıların Qərbi Azərbaycandan köçürülməsi üçün, ilk öncə “Qızıl Moskvaya” arxalandılar. Xaricdəki erməni diasporunun, xüsusilə Anastas Mikoyanın dəstəyi ilə Stalini ələ aldılar. Stalin belə bir göstərişə imza atdı ki, müxtəlif ölkələrdən Ermənistan ərazisinə köçürülən 500 minə yaxın erməni müxtəlif şəhər və rayonlarda yerləşdirilsin, azərbaycanlılar isə öz ərazilərindən çıxarılsın, Azərbaycan Respublikasının Kür-Araz ovalığında yerləşdirilsin ki, onlar burada kənd təsərrüfatını inkişaf etdirsinlər.
Azərbaycanlılara qarşı belə bir xəyanət toru İrəvanda hazırlanıb həyata keçirildi. Hətta belə bir ədalətsiz qərara nəinki Moskva, Yerevan, hətta həmin dövrdə Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov da öz xeyir-duasını verdi. Ermənistandakı azərbaycanlıların başının üstünü 1919-cu ildəki kimi yenidən qara buludlar aldı, xalqa arxa, dayaq duran tapılmadı. Qərar qəti idi: Köç kampaniyası hökmən yerinə yetirilməliydi!
Həmin dövrdə Göyçə mahalı başdan-başa qəm-qüssəyə, matəm libasına bürünmüşdü. Heç kəs öz ata-baba ocağını, qabarlı əlləri ilə ucaltdığı ev-eşiyini tərk etmək istəmirdi. Məzarları qaniçən, qəddar erməni daşnaklarına tapşırıb getmək olardımı? Göyçə gölünün sahillərində yerləşən, Kəlbəcər və Gədəbəy rayonları ilə həmsərhəd olan Basarkeçər azərbaycanlıların ən çox yaşadığı bir bölgə idi. Bu torpaqda yetişən çoxsaylı ziyalılar həmişə erməniləri qorxu, səksəkə içərisində saxlayırdı. Daşnaklar Göyçədə öz çirkin əməllərini həyata keçirməyə cəsarət etmirdilər. Elə buna görə də İrəvanda belə bir məxfi göstəriş verilmişdir ki, 1946-48-ci illərdə Ermənistandan azərbaycanlıların köçürülməsi Basarkeçərdən başlansın.
1946-cı ildə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi cəsarətli, mətin, bütün varlığı ilə xalqına bağlı bir insan – Talıb Musayev idi. Ermənilər bu böyük simadan həmişə çəkinir, heç vaxt öz məkrli niyyətlərini həyata keçirə bilmirdilər. Talıb Musayev Ermənistan KP MK-nın üzvlüyünə namizəd, həmçinin Ermənistan Ali Sovetinin sədr müavini idi.
Köçürülmə haqqında Ermənistan rəhbərliyindən göstəriş alanda sanki Talıb Musayevin qaməti yeddi yerdən əyildi. Nə gecəsi oldu, nə də gündüzü. Şişqaya, Zod, Nərimanlı, Böyük Məzrə, Kiçik Məzrə, Daşkənd və digər kəndlərdən dəstə-dəstə axışıb Talıb Musayevin üstünə gəlirdilər.
Bu yaraya, xəyanətə məlhəm qoymaq mümkün deyildi. Çünki azərbaycanlılara qarşı xəyanət tonqalı hazırlanmışdı, kibriti isə Moskvadan gəlmişdi…
İrəvandan Talıb Musayevə belə bir göstəriş verilmişdi ki, Basarkeçərin Şişqaya, Nərimanlı, Qaraiman və Zod kəndlərində ermənilər yerləşdirilsin. Sümük bıçağa dirənmişdi… Günlərin bir günündə isə Talıb Musayev təcili İrəvana, Mərkəzi Komitənin müşavirəsinə çağırıldı. Müşavirəyə azərbaycanlılar yaşayan digər bölgələrdən də – Vedibasar, Zəngibasar və Qarabağlar rayon partiya komitələrindən də dəvət olunmuşdular.
Müşavirədə köç prosesinin qeyd-şərtsiz icrasından geniş söhbət getdi. Dönə-dönə bu qərara Stalin və Mircəfər Bağırovun razılığı vurğulandı. Həmin dövrdə Ermənistan KP Mərkəzi Komitəsinin birinci katibi, əslən Gürcüstandan olan və bir kəlmə olsun erməni dilini bilməyən Qriqori Ardemoviç Arutyunov idi. O, müşavirədə rus dilində belə bir sualla Talıb Musayevə müraciət etdi:
—Talıb Qurbanoviç, Basarkeçərdən köç prosesini nə vaxta qədər yekunlaşdıra bilərsiniz?
Bütün baxışlar Talıb Musayevə dikilmişdi. O bu göstərişə öz kəskin etirazını bildirdi.
—Bildiyiniz kimi, 1919-cu ildə Ermənistandan min bir işgəncə ilə qovulan əhalinin əksər hissəsi Kür-Araz ovalığında yerləşdirildi və çoxları istinin qurbanı oldu. Qoy tarix təkrarlanmasın, qoy köçürülmə mərhələ-mərhələ olsun, dağ rayonunun əhalisi yenidən isti, ilan mələyən yerlərə köçürülməsin.
Həmin müşavirədə Talıb Musayevin çıxışı Ermənistan rəhbərlərini bərk sarsıtdı. Heç kəs inanmazdı ki, azərbaycanlı katib Moskvanın, İrəvanın göstərişinə zidd çıxa. Həmin müşavirədən sonra şübhəsiz ki, Talıb Musayevə böyük təzyiqlər başlandı. O hiss etdi ki, ermənilər çox tezliklə onu tutduğu postdan kənarlaşdırıb zərbə vuracaqlar.
Talıb Musayev 1948-ci il yanvar ayının 22-də Bakıya gəldi. Güc-bəla ilə Mircəfər Bağırovun qəbuluna düşə bildi. Mircəfər Bağırov Talıb Musayevi çox sərt qarşıladı və dedi:
—Sən kimsən ki, Stalinin və Arutyunovun qərarına zidd çıxırsan?
Talıb Musayev mülayim bir tərzdə M.Bağırova ürək sözlərini çatdırdı və bildirdi ki, mən kiməm ki, köçün əleyhinə çıxam? Əgər gücünüz çatırsa, ilk növbədə Basarkeçərin Zod kəndindən köçə başlansın. Özü də dağlıq ərazidə – Göyçəyə oxşarlığı olan Xanlar rayonuna. Hazırda bu rayonda hətta evlər də çoxdur, almanlar oranı tərk ediblər.
Düzü, bu təkliflə Mircəfər Bağırov razılaşdı və bildirdi ki, tezliklə Zod kəndinin kolxoz sədri Bala Hacıyev və partiya təşkilatının katibi Kürzalı Nəsirov birbaşa mənim qəbuluma gələrlər. Elə də oldu. Çox keçmədən Zod kəndindən 65-70 ailə Xanlar rayonuna köçürüldü.
Daha sonra Basarkeçərin Kərkibaş, Yarpızlı, Qızılvəng, Yuxarı Zağalı kəndlərindən də insanlar köçürüldü.
1951-ci ilin oktyabrında İrəvandan böyük bir komissiyanın iştirakı ilə Basarkeçərə 150 maşın göndərildi. Məqsəd o idi ki, 600 ailə yenidən köçürülsün Azərbaycana. Talıb Musayev rayon partiya komitəsinin birinci katibi kimi bu köç tufanının qarşısını aldı, öz kəskin etirazı və qəzəbi ilə!
Belə bir çətin məqamda gecə ikən Talıb Musayev rayonun ziyalılarından Yunis Rzayev, Tapdıq Əmiraslanov, Qara Məmmədov və başqalarının iştirakı ilə toplantı keçirdi. Fəallar kəndlərə təhkim olundu. Yerevandan göndərilən yük maşınları 3 gün rayonda qaldıqdan sonra geriyə döndü. Çox çətinliklə köçün qarşısı alındı və kəndləri etiraz dalğası bürüdü.
Maraqlı bu idi ki, köçürülmə “könüllülük” prinsipi altında həyata keçirilirdi. Əslində isə bu belə deyildi. Kim birdən-birə öz doğma ocağını tərk etmək arzusunda olardı?
Çox keçmədən bir neçə il əvvəl Göyçədən zorla Azərbaycana köçürülmüş neçə-neçə ailə böyük itkilərdən sonra yenidən doğma yurdlarına qayıtdı. Şübhəsiz ki, bu, Ermənistan rəhbərlərini heç də qane etmədi, əksinə, onları bərk sarsıtdı. Ən nəhayət, Talıb Musayev tutduğu vəzifədən uzaqlaşdırıldı, Stalinin ölümündən sonra birdəfəlik köçürülmə prosesinin qarşısı alındı.
Biz 1948-53-cü illərdə öz doğma ata-baba yurdlarından zorla, “könüllülük” prinsipi əsasında köçürülən insanlardan iki nəfəri ilə görüşüb onların ürək sözlərini olduğu kimi qələmə aldıq.
Ceyran İbrahimova (qəhrəman ana):
—Yaxşı yadımdadır. Həyat yoldaşım Xanış kolxozda briqadir işləyirdi. Günlərin birində o, evə çox gec gəldi. Düzü, çox narahat idim. Nə isə ürəyimə dammışdı. Gecdən-gec Xanış astadan qapını döydü. Çox pərişan görünürdü, bahar buludu tək dolmuşdu. Bizi intizar qoymadı. Bildirdi ki, göstəriş var, İrəvandan bir neçə ailə, o cümlədən biz də kəndi tərk etməliyik. Mən etirazımı bildirdim. Xanış dedi ki, mən kommunistəm, bu işə yox desəm, mənə çox baha başa gələr. Elə də oldu, göz yaşları ilə el-obamızı tərk etdik.
Ələslan Quliyev (Bərdə rayonu, Kətəlparaq kənd sakini):
—1950-ci ildə Basarkeçərin Nərimanlı kəndindən bir neçə ailə ilə birlikdə zorla Bərdə rayonuna köçürüldük. Bütün var-dövlətimiz əldən getdi. Köçürülənlərin çoxu isti iqlim şəraitinə dözə bilmədi. Mən yaşa dolmuşam, Göyçə deyəndə, telli sazda “Göyçə gülü” çalınanda ürəyimin başına ox sancılır. Heç vaxt doğulduğum yurdu, el-obamı unutmuram. Ancaq ümidlə yaşayıram. İnanıram ki, çox tezliklə İrəvan və işğal altında olan yurd yerlərimiz geri qaytarılacaq, köç karvanları geriyə dönəcəkdir…
Ermənilər yaxşı bilməlidirlər ki, İrəvan əzəli Azərbaycan torpağıdır. Bu qədim Oğuz elində həmişə “Cəngi” səslənib, “Misiri” çalınıb… Gec-tez haqq-ədalət zəfər çalacaq, irəvanlılar İrəvana dönəcəklər. Fikrimi Prezident İlham Əliyevin Ağdam İdman Kompleksinin açılış mərasimindəki nitqində İrəvanla bağlı dediyi sözlərlə yekunlaşdırmaq istərdim: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda İrəvan şəhərini Ermənistana bağışlamışdır. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Bir daha demək istəyirəm ki, ermənilər bu bölgəyə qonaq kimi gəlmişlər”.
http://www.anl.az