AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Lənkəran Regional Elmi Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş elmi seminar keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Müstəqillik dövrü vətəndaşlıq poeziyası üzərindən gəzişmələr: Xanəli Kərimli, Asim Yadigar, Aqil Yaqub və Tofiq Həsənli poeziyası əsasında” mövzusunda elmi seminar keçirilib.

Elminfo.az science.gov.az-a istinadən xəbər verir ki,Lənkəran REM-nin direktoru Mehman Əliyev iştirakçıları salamladıqdan sonra “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamını seminar iştirakçılarının diqqətinə çatdırıb və mövzu ilə əlaqədar ətraflı məlumat verərək bildirib ki, Naxçıvan diyarı ən qədim zamanlardan indiyədək digər sahələrdə olduğu kimi, Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafı sahəsində də özünəməxsus rol oynamış, mühüm ədəbi-mədəni mərkəzlərindən biri kimi tanınmışdır. Tarixin bütün dövrlərində Naxçıvan Azərbaycanın ictimai-siyasi həyatında öz çəkisi ilə seçilmiş və bütün bunlar  bölgənin ədəbi mühitinə də müstəsna təsir göstərmişdir.

Natiq daha sonra Naxçıvan Muxtar Respublikası ilə Cənub bölgəsinin şair və yazıçıları arasında yaradıcılıq əlaqələri barədə danışıb, bu əlaqələrin getdikcə möhkəmləndiyini, yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Mərkəzin əməkdaşlarından Cəmil Quliyev, Ülviyyə Axundova, Gözəl Əlizadə, Fəranə Mikayılova və Nəzrin Əlizadə, Lənkəran Dövlət Universitetinin tələbəsi Adilə Qənbərova Naxçıvan ədəbi məktəbinin tanınmış nümayəndələri, şair Xanəli Kərimli və Asim Yadigarın, regionun istedadlı nümayəndələri, şair Aqil Yaqub və Tofiq Həsənlinin tərcümeyi-halı ilə iştirakçıları tanış edib, şeirlərindən nümunələr səsləndiriblər.

Tarix və ədəbiyyat şöbəsinin müdiri Sərraf Talıbovun “Asim Yadigar yaradıcılığının bəzi məqamları – təxmislər” mövzusunda çıxışı dinlənilib.

Naxçıvan şəhərindən “Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biri” (akademik İsa Həbibbəyli), alim, əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ikinci çağırış (2000–2005-ci illərdə) Naxçıvan MR Ali Məclisinin deputatı olmuş ictimai-siyasi xadim Xanəli Kərimli Zoom proqramı vasitəsilə tədbirə qoşularaq ürək sözlərini söyləyib, yeni şeirlərini ifa edib, seminarın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib, sualları cavablandırıb.

Elmi seminarda iştirak edən şairlərdən Aqil Yaqub və Tofiq Həsənli çıxış edib, Vətən, yurd, torpaq haqqında yeni şeirlərini oxuyub, Lənkəran Dövlət Universitetinin və Lənkəran Tibb Kollecinin tələbələrindən Adilə Qənbərova, Sevinc Əlizadə, Aytən Muradova və mərkəzin əməkdaşı Aqil Həsənovun suallarını cavablandırıblar.

Təqaüddə olan müəllim Allahverən Qənbərli və şair Ağamir Cavad mülahizələrini bölüşüblər.

Tədbiri yekunlaşdıran Mehman Əliyev Lənkəran Dövlət Universiteti və Lənkəran Tibb Kollecinin rəhbərliyinə, tələbə və müəllim heyətinə minnətdarlığını bildirib.

Sonda xatirə şəkilləri çəkilib.