ANALİTİK MƏQALƏLƏR

“Lənkəran” sözünün mənşəyi haradan gəlir? – Adları müzakirə doğuran RAYONLAR

Modern.az saytı adları müzakirə doğuran bəzi rayonlarla bağlı tanınmış şəxslərin fikirlərini öyrənməyə çalışır.
Bu dəfə mövzu ilə bağlı cənub regionunu – Lənkəranı seçdik.

Lənkəran adının mənşəyinə fərqli yanaşmalar var. Fars dilindən, talış dilindən keçmə mənaların olduğu barədə fikirlər səsləndirilir.

Tarixçilərin bir qismi Lənkəran adının yaranması ilə bağlı qeyd edirlər ki, XV əsrdən əvvəl işlədilən “Ləngərkünan”, “Ləngəran”, “Lənkgəran”, “Lanqaran”, “Lyanqaran” sözləri bugünkü “Lənkəran” sözünün ilkin formaları olub. Bu şəhərin adının mənbələrdə “Lənkəran” və ya “Lankon” kimi çəkildiyini, bu adların hər ikisinin elə talışca olduğunu yazırlar. Ehtimal ki, “Lənkəran” şəhər adı ədəbi talış dilində, “Lankon” şəhər adı isə talış dilinin ləhcələrində işlənən variantıdır. Belə ki, cənub bölgəsindəki “kon” və yaxud, “kəon” sonluğu da bu yer adının daha dəqiq işlənmə formasıdır.

Lənkəranın Cil kəndində anadan olmuş Milli Məclisin deputatı Cavanşir Paşazadə Modern.az-a açıqlamasında fikirlərini belə ifadə edib:

“Versiyalarda “Lənkəran” sözünün türk, fars dilləri ilə bağlı olduğu bildirilir. Əlbəttə bunlar müxtəlif fikirlərdən ibarətdir. O dövrdə talış dilindən istifadə edilib. Əgər talış dili ilə bağlı mənanı götürsək, “Lonkon” hesab edilməlidir. Bu sözün mənası tərcümədə “yuva evlər” deməkdir. “Bidə”, “leğəkon”, yəni çöldə lığ örtüklü evlər deməkdir. Lənkəran adlanan yerin adı “Lonkon” sözüdur. O dövrdə evlər balaca, xırda olduğu üçün bu sözün mənası oradan gəlib.
Versiyalardan biri də budur ki, Lənkəran dənizlə bağlı olduğu üçün “ləng vuran”, “ləngərlə gələn”, “yol axtaran” mənasını ifadə edir. Təbii ki, biz bu adı talış dilində fikirləşməliyik. Çünki o vaxtlar bölgədə talış dilində danışılıb. Bu adın tərcüməsinə talış dilində baxmaq lazımdır”.

Deputat Lənkəranın ticarət mərkəzi olduğunu da xatırladıb:

“O vaxtlar maşrut yolları olmayıb. Xəzər dənizindəki suyun axınından istifadə edən ticarət gəmiləri bu bölgəyə gəlib. Dəmirağacın yerləşdiyi Hirkan qoruğu buzlaşma dövründə buzlaşmayan yeganə yerlərdən biri olub. O qoruqda nəsli kəsilməyən ağac kimi qaldığı üçün ticarət olunub, ondan kömür hazırlanıb. Avropa bölgələrində silahın hazırlanması, digər vasitələr üçün müxtəlif ağacların ticarəti aparılıb. Ona görə o ağacların alınması, daşınması təkcə dənizdən olub. Lənkəran böyük ticarət mərkəzi olub. Məhz bu səbəbə görə bura maraq çox olub. Lənkəranda şəhərin bir hissəsi indi də Fərəşdad adlandırılır. Fərəşdad şəhərin yuxarı hissəsinə deyilir. Bu ad alman dilindən gəlib, bu ərazidə almanlar yaşayıb. Bu səbəblərə görə Lənkəran ticarət, liman şəhəri adlandırılıb”.

Lənkəranlı digər deputat Rüfət Quliyev hesab edir ki, bu mövzu ilə bağlı lənkəranlı ağsaqqal, ağbirçəklərlə görüşüb onlardan cavab almaq lazımdır:

“Mən internet vasitəsi ilə əldə etdiyim məlumatlara əsasən fikir bildirə bilərəm. Düşünürəm ki, maraqlı layihədir. Biz bunların hamısını bilməliyik. Mövzunu daha öncədən bilsəydim lənkəranlı ağsaqqal, ağbirçəklərlə görüşüb onların fikirlərini soruşardım. Təbii ki, “Lənkəran” sözünün etimologiyası ilə bağlı müxtəlif fərziyyələr var. Məlumat budur ki, bəzi mütəxəssislər bu sözün “Lənkər-kunan” birləşməsindən yarandığını söyləyirlər. Bu da əhalinin başqa yerlərdən gəlməsi ilə əlaqələndirilir. Başqa rəvayətə görə, Lənkəran “Ləng-karvan”sözlərindən yaranmışdır. Bu şəhərdə bütün karvanlar ləngiyərmiş. Əsas səbəb də bu yerlərin əsrarəngiz təbiəti, sərvətləri, yerli əhalinin qonaqpərvərliyi olub. Lənkəranada və onun qonşuluğundakı rayonlarda sonu “kəran” hissəciyi ilə bitən bir çox yer adları var. Talışlar yer adlarının sonunda işlənən “kəran” hissəciyini “kəon” və ya “kon” kimi tələffüz edirlər. Başaq bir fikirə görə, Lənkəranın adı talış dilində olan “lan” və ya “ləngər” (qamış) , “kon” və ya “kəon” (evlər) sözlərindən yaranıb, yəni, “qamış evlər” deməkdir”.

Tanınmış lənkəranlı jurnalist Etibar Cəbrayıloğlu bildirib ki, Lənkəranın adı müxtəlif tarixi mənbələrdə fərqli yozulur:

“Təbii ki, daha dəqiqini tarixçilər bilər. Lənkəranlı, Lənkəranda dünyaya göz açmış şəxs kimi, orada doğmaları yaşayan bir insan olaraq Lənkəran adı mənə doğmadır. Məncə, Lənkəran adı daha yaxşıdır. Bu ad heç mübahisə də doğurmur. Hesab edirəm ki, bu ad daha çox “ləngər vuran yer”, “dayanacaq üçün yer” mənasını verir. Lənkəıran yolların üstündə olduğuna görə insanlar burada müvəqqəti dayanmaq, lövbər salmaq üçün ləngiyiblər. Başqa bir versiyanı da yaxın hesab edirəm. Həsir evlər, qamış evlər mənasında da uyğunluq var.
Ancaq Lənkəran elə yerdir ki, onun adının mübahisəsinə ehtiyac yoxdur. Lənkəran elə ən gözəlidir. Bu ad daha gözəl səslənir, qulağa da yatımlıdır”.

https://www.turkustan.az/news/social/79764