ELMİ DİASPORA

Məsud Əfəndiyev (21 oktyabr 1953)

Məsud Əfəndiyev (alm. Messoud Efendiev‎, 21 oktyabr 1953, Zaqatala) — Almaniyada yaşayan azərbaycanlı riyazıyyatçı, professor. Humboldt mükafatı alan ilk azərbaycanlı[2]. Azərbaycan Respublikasının əməkdar elm xadimi.

Həyatı
Əfəndiyev Məsud Arif oğlu 1953-cü il oktyabrın 21-də Azərbaycan Respublikasının Zaqatala rayonunda qulluqçu ailəsində anadan olub.[3] 1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə qəbul olub. İki il oxuduqdan sonra Məsud Əfəndiyev təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib, aspirantura, doktorantura pilləsinə qalxaraq, uğurla namizədlik, sonra isə doktorluq dissertasiyalarını müdafiə edib.

Elmi fəaliyyəti
Diplom işini professor Mark Vişık və Aleksandr Şnirelmanın rəhbərliyi altında yazmışdır. Bu iş 1975-ci ildə nəşr üçün akademik Əşrəf Hüseynov tərəfindən “Azərbaycan SSR-i Elmlər Akademiyasının Məruzələri” jurnalına təqdim edilmişdir.

1991-ci ildən Almaniyada yaşayan alim, ölkənin müxtəlif universitetlərində, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib.

2005-ci ildə Yaponiyanın nüfuzlu «Japan Society for the Promotion of Science – JSPS» təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir. Dünya elmində ən yüksək təltiflərdən («kiçik Nobel mükafatı») sayılan, Almaniya hökumətinin təsis etdiyi “Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb[4].

2014-cü ildə Münxendə M.Əfəndiyevin 60 illiyinə həsr olunan “Biologiya, fizika və mexanikada qeyri-xətti təzahür” beynəlxalq konfransı keçirilib.

On aparıcı Beynəlxalq jurnallarının redaksiya şuralarının üzvü olmaqla bərabər, International Journal of Biomathematics and Biostatistics jurnalın baş redaktoru və Yaponiya, Almaniya, ABŞ , Kanada və İsveçrədə nəşr olunan 7 kitabin müəllifidir.[5] Son iki kitab 2018-ci il də Springer nəşriyyatinda çap olunmuşdur.

01.01.2018-30.06.2018 tarixində Məsud Əfəndiyev (Deans Distinguished Professor) olaraq bir semestr ərzində Kanadanın ən böyük şəhəri olan Torontoda yerləşən Toronto Universiteti və Fields Universitetinə dəvət edilib. O Riyaziyyat fakultəsində riyazi biologiya üzrə mühazirələr oxumaq üçün dəvət olunub. Bu universitetlər adətən mühazirə oxumaq üçün “Deans Distinguished Professor” stasunda olan Nobel və Fields mükafatı laureatlarını dəvət edirlər. 2019-cu ilin sentyabrında Məsud Əfəndiyev professor James D. Murray tərəfindən Kanadanın Vaterloo Universitetinə “Distinguished Visiting Professor” statusu ilə mühasirə oxumağa dəvət edilmişdir.[6] Beynəlxalq aləmdə tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev hazırda Almaniyanın Münxen şəhərində “Helmholtz” Elmi-Tədqiqat Mərkəzində “Dinamik sistemlər” şöbəsinin müdiri vəzifəsində çalışır.[5]

Aparıcı beynəlxalq jurnallarda 160-dan çox məqalə dərc etmişdir.[6]

21 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilib[7]

Mənbə
İlisu (ensiklopedik məlumat kitabı). İkinci nəşr. Tərtibçi: S. N. Murtuzayev; H. M. Fərzullayev. Bakı: “Vətən” nəşriyyatı, 2012
Humboldt mükafatı alan ilk azərbaycanlı alim Məsud Əfəndiyev

https://www.azerbaijans.com/content_611_az.html