“MathCamp 2024” və “CyberCamp 2024” tələbə yaz düşərgələrinə start verilib
Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə Quba rayonunda riyaziyyat, fizika və əlaqəli ixtisaslarda təhsil alan tələbələr üçün keçirilən “MathCamp 2024” və kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və kibertəhlükəsizlik ixtisasları üzrə təhsil alan tələbələr üçün keçirilən “CyberCamp 2024” tələbə yaz düşərgələrinə start verilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, düşərgə martın 25-dək davam edəcək.
Açılış mərasimində çıxış edən təşkilat rəhbəri Leyla Zeynalova bu cür fəaliyyətlərdə iştirakın tələbələrin şəxsi inkişafında xüsusi rol oynamasından bəhs edib.
Tədbirdə iştirak edən Təhsil İnstitutunun İstedadlı şagirdlərlə iş şöbəsinin müdiri Tural Alışov gənclərə tələbəlik illərini faydalı fəaliyyətlərə qoşularaq müsbət dəyərləndirməyi tövsiyə edib.
Düşərgənin ilk günündə tələbələr üçün problem həll etmə, qrup daxilində uğurlu kommunikasiya, liderlik, əməkdaşlıq bacarıqlarını inkişat etdirən komanda quruculuğu oyunları oynanılıb. Növbəti günlərdə müxtəlif qrup fəaliyyətlərinə cəlb ediləcək tələbələrə ilkin təlimatlar verilib və istiqamətləndirmə işləri aparılıb.
Qeyd edək ki, tələbə düşərgəsində müxtəlif ali təhsil müəssisələrini təmsil edən ümumilikdə 50 tələbə iştirak edir.