MEK-də 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir keçirilib.
MEK əməkdaşlarının və oxucularının iştirak etdiyi tədbiri kitabxananın Mülki Müdafiə qərargahının rəisi ehtiyatda olan mayor Gülağa Cahangirov açaraq onlara mülki müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəladə hallara (FH) qarşı necə hazırlıqlı olmağın yolları haqqında ümumi məlumat verib.
Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkişaf yolu, Azərbaycanın bu təşkilatda rolu barədə ətraflı məlumat verən MEK əməkdaşı Röya İsrafilova builki tədbirin “İnnovasiya texnologiyaları Mülki müdafiənin xidmətində” mövzusunda təşkil olunduğunu vurğulayıb. Bu sahədə üç əsas komponenti iştirakçıların nəzərinə çatdırıb.
Tədbirin praktiki hissəsində insanlara ilk yardım zamanı süni tənəffüsün verilməsi, ürəyin qapalı masajının və qanaxma zamanı ilk yardımın qaydaları, müharibə, təbii fəlakətlər baş verdiyi zaman necə qorunmalı və digər bu kimi fövqaladə hallarda xilasetmə işlərinə aid məsələlərə aydınlıq gətirilib.