ELM VƏ TƏHSİL

Müasir iqlim dəyişmələrinin təbii komplekslərə təsiri – beynəlxalq elmi seminar

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Türkiyənin Siirt Universiteti, Lənkəran Dövlət Universiteti və Gəncə Nəbatat Bağı ilə birgə “Müasir iqlim dəyişmələrinin təbii komplekslərə təsiri” mövzusunda beynəlxalq elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə direktor Minarə Həsənova qlobal iqlim dəyişiklikləri və onların canlı aləmə təsirinin dünya birliyini getdikcə daha çox narahat etdiyini diqqətə çatdırıb. Ölkəmizin də qlobal iqlim dəyişikliklərinin təsirindən kənarda qalmadığını, bunun özünü xüsusilə kənd təsərrüfatı, su resursları, enerji, meşə və digər sahələrdə göstərdiyini, son illərdə dünyada təbiətdən səmərəli istifadə olunmaması nəticəsində biomüxtəlifliyin təhlükə altına düşdüyünü söyləyib. O, problemlərin həlli istiqamətində ölkələrin elmi-praktik nailiyyətlərinin paylaşılması məqsədilə belə seminarların keçirilməsinin əhəmiyyətini qeyd edib.

Beynəlxalq elmi seminarda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un bu ilin noyabrında Azərbaycanda keçirilməsindən, ekoloji problemlər və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsindən və təbiət elmləri sahəsində çalışan alimlərin üzərinə düşən vəzifələrdən bəhs edilib. Həmçinin mövzularla bağlı slaydlar təqdim edilib.

Lənkəran Dövlət Universitetindən sosial məsələlər üzrə prorektor vəzifəsini icra edən Ramiz Şəmmədov və başqaları məruzələrlə çıxış ediblər.

Türkiyənin Siirt Universitetinin professorları Arzu Çığ və Fatih Çığ Dendrologiya İnstitutunun 2015-ci ildən başlayaraq müntəzəm olaraq Azərbaycan, Türkiyə, Belarus, Qazaxıstan və Rusiyanın müvafiq qurumlarının birgə təşkilatçılığı ilə iqlim dəyişmələrinin biomüxtəlifliyə təsiri mövzusunda beynəlxalq simpoziumlara ev sahibliyi etdiyini diqqətə çatdırıblar.

Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb.