Müvəqqəti işlər vəkili : 8 mindən çox Azərbaycan vətəndaşı ABŞ-də ali təhsil alıb
Son bir neçə onillikdə 8 mindən çox Azərbaycan vətəndaşı Birləşmiş Ştatlarda ali təhsil alıb.
“Report”un məlumatına görə, bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara EducationUSA məzunlar yarmarkası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ dünyanın hər yerindən tələbələr üçün ən cəlbedici təhsil istiqamətlərindən biri olmaqda davam edir.
“Birləşmiş Ştatların hələ də xarici tələbələr üçün cəlbedici yer olduğunu bilmək xoşdur. Təkcə keçən il ABŞ universitetləri 1,1 milyondan çox xarici tələbəni, o cümlədən Azərbaycandan 1100-dən artıq tələbəni qəbul edib”, – diplomat qeyd edib.
O, ABŞ-də təhsil alan məzunların Azərbaycanın inkişafında mühüm rol oynadığını vurğulayıb. “Əminəm ki, bu təcrübə onların öz ölkələrinin gələcəyinə töhfəsi olub”, – Gevara bildirib.
Mənbə: Report.Az