Nərgiz Qəhrəmanova: “Science.az Azərbaycan elminin virtual ensiklopediyasıdır”
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova “Report“a müsahibə verib:
– Nərgiz xanım, bu il Azərbaycanın ilk veb-saytı olan Science.gov.az-ın yaradılmasının 30 ili tamam olur. Əvvəlcə saytın yaranma tarixi və əsas fəaliyyət istiqamətləri haqqında məlumat verməyinizi istərdik.
– Xatırladım ki, Azərbaycanın ilk veb-saytı olan science.gov.az-ı 1995-ci ildə İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri yaradıb. Əsas məqsəd AMEA-nın elmi nailiyyətlərini ictimaiyyətə təqdim etmək, elmi yenilikləri işıqlandırmaq və tədqiqatçılar arasında informasiya mübadiləsini təmin etmək olub.
Azərbaycan elminin təbliği istiqamətində fəaliyyət göstərdiyi 30 il ərzində science.az bütün ölkədə ən etibarlı, operativ məlumat mənbələrindən biri kimi böyük nüfuz qazanıb.
science.az Azərbaycanın ilk elektron “Əkinçi”si kimi çıxış edərək, ölkədə elmi jurnalistikanın inkişafındaəhəmiyyətli rol oynayır. Həmçinin ölkədə elm sahəsində həyata keçirilən dövlət siyasətinin əsas informasiya mənbəyi kimi dövlətin elm sahəsindəki strateji siyasətini, bu istiqamətdə atılan mühüm addımları ictimaiyyətə ötürür.
AMEA-nın yeni inkişaf mərhələsində, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə science.gov.az-ın fəaliyyəti günü-gündən genişləndirilir. Alimlər, tədqiqatçılar və ictimaiyyət arasında körpü rolunu oynayan saytda AMEA-nın müxtəlif institutlarının fəaliyyətinə dair məqalələr, analitik yazılar yer alır və elmi araşdırmaların nəticələri, alimlərimizin ən mühüm nailiyyətləri geniş ictimaiyyətə təqdim olunur, müxtəlif tədbirlər, konfranslar, toplantı və seminarlar işıqlandırılır. Bu baxımdan, portal Azərbaycan elminin virtual ensiklopediyası kimi də qiymətləndirilə bilər.
Onu da qeyd edim ki, son illərdə science.gov.az müasir informasiya texnologiyaları əsasında yenidən işlənib, dizaynı və funksionallığı təkmilləşdirilib. Bu gün science.az Azərbaycanda fəaliyyət göstərən veb saytlar arasında öz əhatə genişliyinə görə seçilən, böyük oxucu kütləsi olan media orqanlarından biridir.
Bildiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci il “Konstitusiya və suverenlik ili” elan olunub. Bu il çərçivəsində də science.az-da Azərbaycanın dövlətçilik ənənələrinin, milli suverenliyinin elmi aspektlərini əks etdirən materialların ictimaiyyətə çatdırılması nəzərdə tutulur.
– Portalın sosial şəbəkələrdəki fəaliyyəti ilə bağlı məlumat verməyinizi də istərdik.
– Hər kəsə məlumdur ki, müasir dövrdə sosial şəbəkələr digər üstünlükləri ilə yanaşı, hər bir portalın fəaliyyətinin geniş auditoriyaya çatdırılmasında mühüm rol oynayır. Science.az da bu tendensiyadan kənarda qalmayaraq elmi biliklərin daha geniş yayılması və cəmiyyətin elmə marağının artırılması məqsədilə sosial media platformalarında aktiv fəaliyyət göstərir. Sayt Facebook, Instagram və X (keçmiş Twitter) kimi populyar şəbəkələrdə mütəmadi olaraq elmi yeniliklər, müsahibələr, videomateriallar paylaşaraq elmin daha geniş kütlələrə çatdırılmasına töhfə verir. Eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkələrdə fəaliyyəti, onların mühüm dövlət tədbirləri ilə bağlı paylaşımları ardıcıl olaraq işıqlandırılır.
– Science.az elmi biliklərin populyarlaşdırılması ilə yanaşı, müxtəlif sahə alimləri ilə aparılan maraqlı müsahibələri ilə də seçilir. Həmçinin saytda “Elm TV” bölməsi mövcuddur. Bütün bunları AMEA-nın jurnalistika məktəbi kimi dəyərləndirmək olarmı?
– Düzdür, science.az fəaliyyət göstərdiyi bütün dövrlərdə müxtəlif alimlərlə müsahibələr apararaq elmi biliklərin populyarlaşdırılmasında mühüm rol oynayıb. Lakin son dövrlərdə bu istiqamətdə fəaliyyət sistemli və məqsədyönlü xarakter alıb. Hazırda ən aktual elmi problemlərə, müasir dövrün çağırışlarına və elmin inkişaf tendensiyalarına dair geniş silsilə müsahibələr hazırlanır. Bu yanaşma həm elmi mühitdə baş verən yeniliklərin işıqlandırılmasına, həm də elmi biliklərin daha əlçatan və maraqlı, oxunaqlı formada təqdim olunmasına xidmət edir.
Bundan əlavə, science.gov.az elmin populyarlaşdırılması üçün müxtəlif multimedia imkanlarından istifadə edir. “Elm TV” vasitəsilə aparıcı alimlər, akademiklər və gənc tədqiqatçılarla müsahibələr yayımlanır, onlar cəmiyyətə tanıdılır, mühüm elmi nailiyyətlər, beynəlxalq əməkdaşlıqlar işıqlandırılır. İnteraktiv formatda təqdim olunan video-müsahibələr və elm sahəsində baş verən dəyişikliklərə dair hazırlanmış süjetlər, elmi biliklərin vizual və daha cəlbedici formada çatdırılmasına imkan yaradır. Bu da elmi biliklərin geniş auditoriyaya təqdim olunmasına və cəmiyyətin elmə marağının artırılmasına xidmət edir.
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən science.az bütün dünyada oxunur.
Science.az yalnız elmi xəbərlərin yayımlandığı portal deyil, eyni zamanda AMEA-nın ilk İnternet-jurnalistika məktəbi, müasir dövrümüzün elektron “Əkinçi”si kimi də böyük əhəmiyyətə malikdir. Bu platforma onlarla jurnalist, veb-dizayner və veb-proqramçının yetişdirilməsində də böyük rol oynayıb. Bu baxımdan, Science.az elm və cəmiyyət arasında informasiya körpüsü rolunu oynayaraq, Azərbaycan elminin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.
– AMEA-nın 80 illik yubileyi ilə bağlı science.az-ın fəaliyyəti barədə məlumat verməyinizi istərdik?
– Sizin də qeyd etdiyiniz kimi, AMEA-nın 80 illik yubileyi ölkənin elmi ictimaiyyəti üçün olduqca əlamətdar bir hadisədir və science.az kollektivinin qarşısına daha mühüm vəzifələr qoyub.
AMEA-nın 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə Komissiya yaradılıb və Tədbirlər planı müəyyən edilib.
Cari il martın 18-də isə Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
Bundan sonra, AMEA-nın 80 illiyi çərçivəsində Bakıda və AMEA-nın elmi bölmələri və mərkəzlərinin fəaliyyət göstərdiyi regionlarda, eləcə də qardaş Türkiyədə və Mərkəzi Asiya türk dövlətlərinin Elmlər Akademiyalarında yubiley tədbirlərinin keçirilməsi ilə bağlı qərarlar qəbul olunub. Həmçinin yubiley çərçivəsində 20-dən çox fundamental, monoqrafik əsərlərin, biblioqrafik kitabların çap edilməsi, bunların içərisində Akademiyanı xarici ölkələrdə tanıtdıra biləcək nəşrlərin hazırlanması nəzərdə tutulub.
Xatırladım ki, iyunun 1-də isə Qarabağ Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.
Elm və Təhsil Nazirliyi ilə AMEA-nın birgə təşkilatçılığı ilə baş tutan bu tədbir ölkəmizdə elmi irsin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm platforma rolunu oynayıb.
Bu konfransla yanaşı, Qarabağ Universitetində, tarixdə ilk dəfə olaraq AMEA-nın Rəyasət Heyətinin iclası keçirilib, tədbirdə işğaldan azad olunmuş ərazilərdə elm və təhsilin inkişaf etdirilməsi istiqamətində mühüm məsələlər, əməkdaşlıq imkanları müzakirə olunub.
AMEA-nın Naxçıvan və Gəncə Bölməsində də AMEA-nın 80 illiyi yüksək səviyyədə qeyd olunub, AMEA-nın tarixi, inkişaf mərhələləri və elmi nailiyyətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Bütün bu mühüm tədbirlərlə bağlı science.az portalında geniş məlumatlar, xəbərlər təqdim olunub. Saytda yubiley tədbirlərinin məqsəd və əhəmiyyəti, həmin toplantılarda çıxış edən elm və ictimaiyyət xadimlərinin təklif və tövsiyələri ətraflı şəkildə işıqlandırılıb. Həmçinin AMEA Rəyasət Heyətinin Qarabağ Universitetində keçirilən iclası haqqında da xüsusi xəbərlər hazırlanıb, bu tarixi hadisənin elm ictimaiyyəti üçün əhəmiyyəti vurğulanıb.
Yubiley ilinin sonuna kimi saytımızda AMEA-nın görkəmli alimləri ilə silsilə müsahibələr, elmi-analitik yazıların davam etdirilməsi planlaşdırılır. Science.az həmçinin sosial şəbəkələrdə və digər rəqəmsal platformalarda fəallıq nümayiş etdirərək yubiley tədbirlərini daha geniş auditoriyaya çatdırmağa çalışır.
Science.az portalı AMEA-nın cari ilin oktyabr ayında keçiriləcək təntənəli yubiley tədbirini də geniş şəkildə işıqlandırmağı, tədbirin əsas məqamlarını və əhəmiyyətini ölkə miqyasında geniş auditoriyaya çatdırmağı nəzərdə tutur.
– Nərgiz xanım, bu il iyul ayında milli mətbuatımızın 150 illik yubileyi də qeyd ediləcək. Science.az mətbuatımızda xüsusi yer tutan və mühüm bir missiyanı yerinə yetirən platformalardan biridir. Milli mətbuatın 150 illiyi və Science.az-ın mətbuatdakı rolu barədə fikirlərinizi bölüşə bilərsinizmi?
– Bəli, 2025-ci ildə həm milli mətbuatımızın 150 illiyi tamam olur. Yuxarıda da qeyd etdiyimiz bütün mühüm tarixi hadisələr təkcə elm və mətbuat tariximizin deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı baxımından olduqca xüsusi əhəmiyyətə malikdir.1875-ci ildə “Əkinçi”qəzetinin nəşri ilə əsası qoyulan milli mətbuatın 150 illik yubileyi ölkəmizin ictimai fikir tarixində mühüm mərhələdir. Bu kontekstdə Science.az da elmi jurnalistikanın inkişafında xüsusi yer tutan platformalardan biri kimi milli jurnalistikamızın elm və maarifçilik istiqamətindəki ənənələrini uğurla davam etdirir.
Bununla yanaşı, science.az-ın mətbuatdakı rolu yalnız elmi informasiyanın yayılması ilə məhdudlaşmır. Sayt AMEA-nın elmi institutları, alimləri və tədqiqatları haqqında obyektiv və peşəkar informasiya mənbəyi kimi çıxış edir. Science.az milli mətbuatın 150 illik tarixi kontekstində elmi jurnalistikanın inkişafına verdiyi töhfələrlə fərqlənir və elmi informasiya siyasətinin formalaşdırılmasında aparıcı rol oynayır.
Digər tərəfdən, Milli Məclisin fevral ayında keçirilən iclasında “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Orden və medalların təsis edilməsi haqqında” qanunda dəyişiklik layihəsi müzakirə edilib.
Layihəyə əsasən, mətbuat sahəsində xüsusi xidmətləri olan, həmçinin media qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən şəxslərə milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar medal veriləcək.
Düşünürəm ki, bu qərar Azərbaycan mətbuatının ümumi inkişafına və elmi jurnalistika sahəsində fəaliyyət göstərən science.az-ın fəaliyyətinin stimullaşdırılmasına mühüm töhfə verəcək. Belə təşəbbüs xüsusilə elmin təbliği, elmi nailiyyətlərin cəmiyyətə çatdırılması, elm adamlarının fəaliyyətinin işıqlandırılması baxımından mətbuat nümayəndələrinin motivasiyasını artıracaq, onların peşəkar fəaliyyətini qiymətləndirəcək və gələcək fəaliyyətləri üçün yeni imkanlar açacaq.
Mənbə: Report.Az