GÜNDƏM

NATO ilə faydalı əməkdaşlıq

Prezident İlham Əliyev: “Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var”

Azərbaycan NATO ilə əməkdaşlığa və münasibətlərin inkişafına hər zaman önəm verib. Bunu Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib. Ayrıca NATO ilə uzun illərdir ki, Azərbaycanın etdiyi faydalı əməkdaşlıq bunu sübut edir. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu.

Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi. Prezident İlham Əliyev cari ilin 17 mart tarixində NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında NATO ilə aparılan dialoqun uğurla davam etdiyini bildirib:

“Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.

Azərbaycan NATO-nun dünyada sülhyaratma əməliyyatlarında da yaxından iştirak edir. Azərbaycan sülhməramlı qüvvələrinin NATO-nun Əfqanıstanda apardığı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatına hərbi və mülki sahədə töhfə verib. NATO artıq bu ölkədə hərbi missiyasını bitirib. Əfqanıstan NATO-nun terrorizmlə mübarizə məsələsində qurumun uzunmüddətli tərəfdaşıdır. 2014-cü ilə qədər NATO hərbi birləşmələri Əfqanıstanı tərk etdikdən sonra, Alyans burada xüsusi təlimçi məsləhətçilərini saxlayıb. NATO qüvvələri Əfqanıstanı tərk etsə də Şimali Atlantik Alyans bu ölkə ilə terrorizmlə mübarizə sahəsində əməkdaşlığını davam etdirir.

Ötən illər ərzində Əfqanıstan böyük inkişaf yolu keçib, ölkədə geniş bərpa və quruculuq işləri aparılıb, təhlükəsizlik gücləndirilib, idarəçilik təsisatları möhkəmləndirilib. Əfqanıstanın bu inkişafında Azərbaycanın da payı var.

Cənab Prezident bəyanatında Qarabağ münaqişəsinin həllinə toxunaraq bildirib ki, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzun sürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir: “Uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. İndi, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi…Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik”.

Diqqət çəkən məqam Baş katib Yens Stoltenberqin bəyanatında dövlətimizin başçısının sülh sazişi ilə bağlı fikirlərini yüksək qiymətləndirməsidir: “Uzun illərin münaqişəsindən sonra Ermənistan ilə Azərbaycan arasında hazırda davamlı sülhə nail olmaq imkanı var. Siz söylədiyiniz kimi, sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mən Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə Sizi dəstəkləyirəm”. Qeyd edək ki, NATO Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini hər zaman tanıyıb. Alyans ölkələri bu dəstəyi hələ 1994-cü ildə ifadə etmiş, həmin il qəbul olunan Sülh Naminə Tərəfdaşlıq çərçivə sənədinin prinsiplərinə uyğun olaraq, fəal tərəfdaşlardan hesab olunan Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə dəstək vermişdilər.

Qarabağ münaqişəsinin həllinə NATO birbaşa olaraq hər hansı töhfə verə bilməyib. Lakin NATO hər zaman bütün tərəfləri bu məsələlərdə konstruktivlik və siyasi iradə nümayiş etdirərək, bu münaqişələri sülh yolu ilə həll etməyə və danışıqlara hörmətlə yanaşmağa və bütün tərəflərdən regional stabilliyi və təhlükəsizliyi poza biləcək addımlardan çəkinməyə çağırıb. NATO-nun Azərbaycanın ərazi bütövlüyü tanıması üçün verilən bəyanatlarına Ermənistan hər zaman qarşı çıxıb.
Bu gün NATO-nun Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini tanıması müsbət qiymətləndirilir. Lakin indiki məqamda NATO-dan əsas gözlənti sülh danışıqlarının sürətlənməsi üçün Ermənistana təsir edəcək addımlar atmasıdır.

Ağayev Nəbi Baba oğlu
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri