Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur.
Bunu “Report”a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Həsənli son günlər müəllimlərə verilən hədiyyələr fonunda töhmət xarakterli xəbərdarlıqlara münasibət bildirərkən deyib.
O qeyd edib ki, nazirlik heç vaxt müəllimə töhmət vermir:
“Bizim üçün müəllimin nüfuzundan vacib mövzu yoxdur. Müəllimlik bu gün işləmək üçün ən rəqabətli yerlərdən biridir. Buna görə hər il müəllimlərin işə qəbulu imtahanında 5-10 min yerimiz olur, oraya 70 min adam sənəd verir. Nüfuzdan danışırıqsa, bu, bizə görə elə nüfuzdur. Digər tərəfdən, sertifikasiya imtahanlarından uğurla keçən müəllimlərin ən yaxşılarının əməkhaqqısı 35 faiz artır. Müəllim öz ixtisasına, biliyinə güvənib 51 bal yığıb əməkhaqqını artırırsa, biz buna sevinirik. Digər müəllimlərin də maaşı 10 faiz artır. Bu da müəllimin nüfuzuna təsir edən amildir”.
H.Həsənli vurğulayıb ki, müəllimlərin məktəblərə qəbulu, təlimlərə, müsabiqələrə, günün axırında tədbirlərə cəlb olunması onun nüfuzunun artması üçündür.
Nazir müavini Tovuzda müəllimin hədiyyə aldığına görə töhmət almasına da münasibət bildirib:
“Müəllim direktordan tədbirdə iştirak edib-edə bilməyəcəyini soruşub və direktor ona bildirib ki, iştirak etməsin. Müəllim tədbirdə iştirak etdikdən sonra direktor ona töhmət verib”.
Mənbə: Report.Az