MÜSAHİBƏ

Nobel sülh mükafatı almış azərbaycanlı alimlə MÜSAHİBƏ – FOTO

Müsahibimiz uzun illər Azərbaycan elmini dünyada layiqincə təmsil edən, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA) çalışmış həmvətənimiz, təşkilatın “Təminatlar” (Sadeguards) departamentinin “Proqram Təminatı Yaradılması” (Software Development) şöbəsinin rəhbəri işləmiş fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bəxtiyar Siracovdur.

Bəxtiyar müəllim informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində apardığı tədqiqatlar, əldə etdiyi elmi və praktiki nəticələr, eləcə də Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki fəaliyyəti və s. ilə bağlı suallarımızı cavablandırıb.

Bakupost.az müsahibəni təqdim edir:

– Bəxtiyar müəllim, ölkəmizi dünyada layiqincə təmsil edən alimlərimizdənsiniz. İstərdik, əvvəlcə apardığınız elmi və praktiki tədqiqatlar, fəaliyyət göstərdiyiniz elmi istiqamətdə əldə etdiyiniz uğurlar barədə məlumat verəsiniz.

– 1979-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsini bitirdikdən sonra mənim bütün fəaliyyətim informasiya sistemlərinin yaradılması (client-server, veb tətbiqləri və s.), məlumatların etibarlı şəkildə toplanılması, ötürülməsi, qorunması və işlənilməsi, o cümlədən kompüter qrafikası kimi sahələrlə bağlı olmuşdur.

Qürurla deyə bilərəm ki, ilk iş yerim AMEA-nın Kibernetika İnstitutu (indiki İdarəetmə Sistemləri İnstitutu) olmuşdur. Burada tanınmış elm xadimlərimizin rəhbərliyi altında bu sahədə ilk addımlarımı atmışam. Görkəmli akademiklərimiz Cəlal Allahverdiyev, Telman Əliyev və digər dəyərli alimlərimizin bilik və təcrübəsindən bəhrələnmişəm.

Kibernetika İnstitutunda işlədiyim dövrdə Rusiya Elmlər Akademiyasının Hesablama Mərkəzinə ezam olunmuşam. 1980-1981-ci illərdə burada təkmilləşdirmə proqramı çərçivəsində kompüter qrafikası ilə bağlı tədqiqat işlərinə başlamışam.

1982-ci ildə Hesablama Mərkəzinin aspiranturasına daxil olaraq professor Viktor Bryabinin rəhbərliyi altında öz tədqiqat işlərimi davam etdirmişəm. 1986-cı ildə Viktor Bryabinin təşəbbüsü ilə SPEKTR adlı layihəyə cəlb olunmuş, bir il bu layihə çərçivəsində fəaliyyət göstərmişəm.

1987-1988-ci illərdə Bratislavada Slovakiya Elmlər Akademiyasının Texniki Kibernetika İnstitutunda işləmişəm. 1990-cı ildə Moskvada dissertasiya işimi müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi (fizika-riyaziyyat üzrə fəlsəfə doktoru) alimlik dərəcəsini almışam.

1992-1995-ci illər ərzində Avstriyanın paytaxtı Vyana şəhərində bu ölkənin müxtəlif təşkilatları üçün proqram təminatlarının qurulmasında iştirak etmişəm. Və nəhayət, 1995-ci ildən fəaliyyətimi Vyanada yerləşən Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA) davam etdirmişəm. Bütün bu təşkilatlarda işlədiyim müddət ərzində tədqiqatlarım praktiki müstəvidə cərəyan etmişdir. Başqa sözlə, rəhbərlik etdiyim komanda üzvləri ilə birlikdə konkret İKT layihələrinin həyata keçirilməsində iştirak etmişəm. Bu layihələr təbabət, iqtisadiyyat və nüvə texnologiyalarının yer aldığı müxtəlif sahələri əhatə etmişdir.

– Nüvə enerjisi texnologiyalarının müxtəlif sahələrdə tətbiqi istiqamətində müvəffəqiyyətlə fəaliyyət göstərən AEBA təşkilatında rəhbərlik etdiyiniz şöbədə həyata keçirilən layihələrdən bəhs edərdiniz. Hazırda Azərbaycan ilə AEBA arasında birgə layihələr icra olunurmu?

– Əvvəlcə AEBA-nın missiyaları haqqında məlumat vermək istərdim. Məlum olduğu kimi, keçən əsrdə dünyanın müxtəlif elmi laboratoriyalarında nüvə enerjisi üzrə tədqiqatlar aparılırdı. Nüvə enerjisinin yalnız dinc məqsədlər üçün isifadə edilməsi əsas amal olsa da, bu tədqiqatlar nəticədə atom bombasının yaradılmasına da gətirib çıxardı. Bir sıra bəlli dövlətlər bu silaha sahib oldular. Dünya ictimaiyyəti bu kütləvi dağıdıcı silahın yayılması qorxusu ilə narahatlıq keçirməyə başladı. Nüvə texnologiyalarının yalnız sülhə xidmət etməsini təmin etmək vəzifəsi önə çıxdı.

Agentlik ABŞ prezidenti Duayt Eyzenhauerin 1953-cü il dekabrın 8-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında “Atom sülh naminə” adlı çıxışından sonra 1957-ci il 29 iyul tarixində rəsmi şəkildə yaradılmışdır.

AEBA BMT ailəsində nüvə əməkdaşlığına yönəlmiş qlobal mərkəz kimi fəaliyyət göstərən müstəqil hökumətlərarası, elm və texnologiyaya əsaslanan təşkilatdır və bir sıra vacib missiyaları daşıyır:

• AEBA öz üzv dövlətlərinə nüvə texnologiyaları ilə bağlı fəaliyyətlərinin planlaşdırılmasında və istehsal olunan elektrik enerjisinin müxtəlif dinc məqsədlər üçün istifadə olunmasında dəstək verir;

• Qurum nüvə təhlükəsizliyi standartlarını işləyib hazırlayır və bu standartlar əsasında nüvə enerjisinin tətbiqində yüksək səviyyəli təhlükəsizliyin təmin edilməsinə, habelə insan sağlamlığının və ətraf mühitin qorunmasına töhfə verir;

• Agentlik tətbiq etdiyi təftiş sistemi vasitəsilə üzv dövlətlərin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (Nuclear Non-Proliferation Treaty) ilə bağlı öz öhdəliklərinə əməl etmələrinə nəzarət edir, nüvə materialları və avadanlıqlarının yalnız dinc məqsədlər üçün istifadə olunmasına təminat verir.

Üzərində işlədiyimiz layihələr əsasən AEBA-nın təftiş missiyası ilə bağlı olmuşdur. AEBA inspektorları yaratdığımız informasiya sistemlərini dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən atom stansiyalarının nüvə resurslarının və fəaliyyətinin təftiş edilməsində istifadə edirlər. Belə informasiya sistemlərinin arxitekturasının hazırlanması, səmərəli işləməsi, məlumatların təhlükəsiz şəkildə ötürülməsi və saxlanılması kimi məsələlərin ciddi şəkildə layihələndirilməsi çox vacibdir. Mən əminliklə deyə bilərəm ki, ümumilikdə AEBA, o cümlədən bizim şöbəmizin əməkdaşları bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə nail olmuşlar. Agentlikdə çalışdığım illər ərzində bir neçə belə layihənin həm rəhbəri, həm də icraçısı olmuşam. Ən uğurlu layihəm isə Agentliyin atom stansiyalarında həyata keçirdiyi təftişlərin hesabatlarının daha asanlıqla tərtib olunması, onların güvənli şəkildə ötürülməsi və emalının keyfiyyətinin yüksəldilməsi, hesabatların üzv dövlətlərə çatdırılması müddətinin əhəmiyyətli dərəcədə qısaldılması ilə nəticələnən informasiya sisteminin yaradılması olmuşdur. Bu işimizə görə mən və komanda üzvlərim Agentliyin xüsusi mükafatına layiq görülmüşük.

Sualın ikinci hissəsinə gəldikdə isə qeyd etməliyəm ki, Azərbaycan ilə AEBA arasında uzun illərdir ki, çeşidli birgə layihələr həyata keçirilir. Bu lahiyələr elmimizə, iqtisadiyyatımıza, təbabəbətimizə və digər sahələrə fayda verə biləcək istiqamətləri ehtiva edirlər.

– Bildiyimiz kimi, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə Nobel Sülh Mükafatını qazandıranların siyahısında sizin də xidmətləriniz qeyd olunur. Təşkilat bu nüfuzlu mükafata hansı istiqamətdə fəaliyyətinə görə layiq görülüb?

– Nobel Sülh Mükafatı 2005-ci ildə həm təşkilatımıza, həm də o zamankı baş direktorumuz Məhəmməd əl-Baradeiyə “nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınmasında və nüvə enerjisindən dinc məqsədlər üçün ən təhlükəsiz şəkildə istifadə edilməsinin təmin edilməsində göstəridikləri xidmətlərə görə” yarı-yarı nisbətdə verilmişdir. Mən də AEBA-nın əməkdaşı olaraq digər həmkarlarımla bərabər bu mükafatın qazanılmasında payımın olmasından çox qürurluyam. Agentliyin binasının içərisində asılmış lövhədə bu mükafata layiq görülmüş bütün əməkdaşlarla birlikdə mənim də adım göstərilmişdir.

– Məlum olduğu kimi, AMEA-nın təşkilatçılığı ilə cari ilin oktyabr ayında Nobel mükafatı haqqında maarifləndirmə işlərinin aparılması məqsədilə “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda elmi konfransın keçirilməsi nəzərdə tutulur. Sizin fikrinizcə, Azərbaycan alimlərinin Nobel mükafatına namizəd göstərilməsi üçün hansı işlər görülməlidir?

– Nobel mükafatı fizika, kimya, iqtisadiyyat, təbabət, ədəbiyyat kimi elm sahələrinə mühüm töhfələr vermiş, həmçinin dünyada sülhün təmin olunmasında əhəmiyyətli xidmətləri olmuş şəxslərə və ya qruplara verilir. Mükafata təqdim olunmuş işlər orijinal və yenilikgətirici olmalı, cəmiyyətə əhəmiyyətli dərəcədə təsir göstərə bilməlidir.

Hesab edirəm ki, Azərbaycan alimlərinin Nobel mükafatına namizəd göstərilə bilməsi üçün onlar dünya elmi mərkəzləri ilə sıx əlaqələr yaratmalı, elmin ən aktual, dünya ictimaiyyətinə fayda verə biləcək istiqamətləri üzrə araşdırmalar aparmalı və əldə edilən nəticələrin həyatda öz tətbiqini tapdığını nümayiş etdirə bilməlidirlər. Əlbəttə ki, mühüm şərtlərdən biri də elmə, alimlərə müvafiq dövlət qurumları, özəl şirkətlər və ya xeyriyyəçilər tərəfindən maddi-texniki, mənəvi dəstəyin verilməsidir.

Qeyd etdiyim məsələlər bu ilin 28 iyul tarixində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və vitse-prezident, akademik Rasim Əliquliyev ilə keçirdiyimiz görüşdə də ətraflı müzakirə olunmuşdur. Görüşdə ölkəmizdə Nobel mükafatı haqqında maarifləndirmə işlərinin aparılması, Azərbaycan elminin bu mükafatı qazanmış dünyanın aparıcı alimlərinin apardıqları tədqiqat istiqamətlərinə doğru yönləndirilməsi məsələlərinə böyük diqqət ayrılmışdır.

– Azərbaycanın dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspora təşkilatlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

Müxtəlif ölkələrdəki diaspora təşkilatlarının fəaliyyəti ilə yaxından tanış olmadığım üçün belə bir qiymətləndirmə verə bilmərəm. Lakin deyə bilərəm ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi diaspora təşkilatlarının fəaliyyətlərinin istiqamətləndirilməsi üçün əhəmiyyətli işlər görür. Azərbaycan evlərinin açılmasında, dilimizin gənc nəslə öyrədilməsi üçün həftəsonu məktəblərin təşkilində, lazımi dərs ləvazimatlarının təmin olunmasında bu Komit faydalı layihələr həyata keçirir. Bundan əlavə, dünyaya səpələnmiş Azərbaycan əsilli alimlərin fəaliyyətinin əlaqələndirilməsinə, onlarının vətənimizdə icra olunan çeşidli layihələrə cəlb olunmasına töhfə verir. Misal olaraq, 2022-ci ilin dekabr ayında Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və dəstəyi ilə İstanbulda baş tutmuş elm xadimlərinin toplantısını nümunə göstərə bilərəm. Toplantı xaricdə yaşayan azərbaycanlı alimlərimizin bir birlik şəklində təşkilatlanmasına həsr olunmuşdu. Bu tədbirdə rəsmi olaraq Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) təsis olunduğu elan edildi, birliyin fəaliyyət istiqamətləri müəyyənləşdirildi, idarə heyətinin üzvləri seçildi. DAAB-ın uğurla fəaliyyət göstərcəyinə inanıram və təşkilata Azərbaycanda icra olunacaq elmi, iqtisadi və digər sahələrlə bağlı layihələrdə uğurlar arzulayıram.

– Müxtəlif ölkələrdə fəaliyyətini davam etdirən alimlərimizlə AMEA arasında əlaqələr hansı istiqamətlər üzrə aparılır?

– Əminəm ki, AMEA ilə Azərbaycan hüdudlarından kənarda yaşayan alimlərimiz arasında ən müxtəlif istiqamətlərdə müntəzəm əlaqələr mövcuddur. Düşünürəm ki, xaricdə yaşayan həmvətənlərimiz Azərbaycan elminin problemləri ilə yaxından tanış olmalı, onların həllində yaxından iştirak etməli, tədris müəssisələrimizdə müasir elmi mövzularda mühazirələr oxumalı, gənc alimlərin yetişdirilməsinə dəstək olmalıdırlar. Azərbaycanda icra olunan həm elmi, həm də iqtisadiyyatla bağlı layihələrə dünya elm mərkəzlərinin cəlb olunması faydalı olardı. Təbabətdə, incəsənətdə və digər sahələrdə də əməkdaşlıq etmək üçün potensial imkanlar öyrənilməli və həyata keçirilməlidir.

– Son olaraq, nüfuzlu elmi bazalarda yüksək istinad indeksinə malik olmaq, Azərbaycan elmini dünyada uğurla təmsil etmək üçün gənc tədqiqatçılara nələri tövsiyə edərdiniz?

Tədqiqatçılarımız öz sahələri üzrə peşəkar olmalı, dünyada əldə edilmiş ən müasir biliklərə dərindən yiyələnməli, üzərində işlədikləri mövzuların ən aktual elmi istiqamətlərə aid olmasına çalışmalı, aldıqları nəticələri beynəlxalq jurnallarda çap etdirməli, konfranslarda təqdim etməli, dünyanın ən qabaqcıl elmi mərkəzlərinə, universitetlərinə ezam olunmalı, ən zəngin kitabxanalardan istifadə etməlidirlər. Bundan əlavə, onlar nitq qabiliyyətlərini inkişaf etdirməli, ana dilini, eləcə də öyrəndikləri xarici dilləri mükəmməl bilməli, öz sahələri üzrə müvafiq dərnəklər yaratmalı, bir-biri ilə daim ünsiyyətdə olmalı, təcrübə, bilik mübadiləsi üçün bu dərnəklərin fəaliyyətindən bəhrələnməli, elmi işlər üzrə müsabiqələrin təşkil olunmasında yaxından iştirak etməlidirlər.

Elmin populyarlaşdırılması çox vacib addımlardan biri olmalıdır. Gənclərimizin elmə həvəsinin artırılması üçün Elm Muzeyi və ya Elm Mərkəzi kimi bir qurumun yaradılması da faydalı ola bilərdi. Qeyd edim ki, bu sahədə dünyada bizim faydalana biləcəyimiz zəngin təcrübə toplanmışdır.

Bir məqamı da xüsusilə vurğulamaq istərdim ki, tədqiqatçılarımız milli-mənəvi dəyərlərimizi dərindən öyrənməli və onların layiqli daşıyıcıları olmalıdırlar. Tariximizə, mədəniyyətimizə, elmi irsimizə sahib çıxmalı, ta qədim zamanlardan indiyə kimi dünyanın, eləcə də Azərbaycanın bütün görkəmli şəxsiyyətlərini tanımalı, onların bizə qoyub getdiyi irsi öyrənməli və öz işlərində bu zəngin irsdən faydalanmalıdırlar.

Nərgiz Qəhrəmanova,

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri