GÜNDƏM

Odlar Yurdu Universitetində əcnəbi tələbələrin iştirakı ilə seminar keçirilib

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin təşəbbüsü və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə Odlar Yurdu Universitetində təhsil alan əcnəbi tələbələr üçün seminar keçirilib. “Miqrasiya sahəsində elektron resurslardan istifadə və bəyan olunmuş təhsilalma məqsədlərinin pozulmasına görə inzibati məsuliyyət” mövzusunda keçirilən seminarın məqsədi Odlar Yurdu Universitetində təhsil alan əcnəbi tələbələrin və müəssisənin aidiyyəti məsələlərə məsul şəxslərinin miqrasiya qaydaları sahəsində biliklərinin artırılması və bu istiqamətdə əcnəbi tələbələrlə əlaqədar sənədləşmə işlərinin aparılma bacarıqlarının inkişaf etdirilməsi olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Odlar Yurdu Universitetinin keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov əcnəbi tələbələrin təhsilalma məqsədlərindən irəli gələn qeydiyyat və miqrasiya qaydalarına uyğun davranışı, bu müstəvidə daha çox rast gəlinən aktual məsələlər barədə danışıb.

Çıxış edən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov həm birliyə, həm də təsisçisi olduğu Miqrasiya Əməkdaşlıq Platformasına əcnəbi tələbələrlə bağlı daxil olan çoxsaylı müraciətlərdən bəhs edib və təhsil alan əcnəbilər arasında keçirilən bu kimi maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Bildirilib ki, Odlar Yurdu Universitetində keçirilən tədbir 19 mart – Azərbaycan Respublikasının Miqrasiya orqanları işçilərinin peşə bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunan maarifləndirmə tədbirləri çərçivəsində keçirilib. Bu səbəbdən seminarın gedişatı zamanı DMX-nin 17 illik fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

Tədbirdə geniş nitqlə çıxış edən və Dövlət Miqrasiya Xidmətinin çoxşaxəli fəaliyyətinə nəzər salan Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi tələbələrlə bağlı mövcud miqrasiya qaydaları və bu kateqoriyadan olan əcnəbilərin yol verdikləri hüquqpozmalar barədə danışıb.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin Miqrasiya proseslərinin təhlili idarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Sunay Quliyev və Miqrasiya nəzarəti baş idarəsinin Ölkə daxilində miqrasiya məsələlərinə baxılması şöbəsinin rəisi Rüstəm Rəhimov təhsil alan əcnəbi tələbələrlə bağlı miqrasiya qanunvericiliyinin müxtəlif aspektlərini və elektron resurslardan istifadə qaydalarını əhatə edən təqdimatlarla çıxış ediblər.

Görüşdə iştirak edən Odlar Yurdu Universitetinin ümumi işlər üzrə prorektoru Taleh Qələndərli və “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədri, Miqrasiya Əməkdaşlıq Platformasının Təhsil üzrə İşçi qrupunun rəhbəri Vidadi Fətullayev əcnəbi tələbələrlə bu kimi maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər və görüşün keçirilməsinə təşəbbüs göstərən və dəstək olan bütün tərəfdaşlara dərin təşəkkürlərini bildiriblər.

Tədbirdə əcnəbi tələbələrin və Odlar Yurdu Universitetinin əcnəbi tələbələrlə iş üzrə məsul əməkdaşlarının sualları Dövlət Miqrasiya Xidmətinin nümayəndələri tərəfindən ətraflı cavablandırılıb, miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı müddəalarına dair geniş izahatlar verilib.