ELM VƏ TƏHSİL

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi beynəlxalq elmi konfransda təmsil olunub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Ürgənc şəhərində Xarəzm vilayət hakimliyi və Ürgənc Dövlət Pedaqoji Universitetinin birgə təşkil etdiyi “Təhsildə türk xalqları milli mentalitetinin möhkəmləndirilməsinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransda təmsil olunub.

Elminfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Konfransı açan Ürgənc Dövlət Pedaqoji Universitetinin rektoru dosent Firuzə Madraximova tədbirə qardaş türk dövlətləri ilə yanaşı Malayziya, Hindistan, ABŞ, Rusiya və Almaniyadan da alimlərin qatıldığını bildirərək müzakirəyə təqdim olunmuş mövzunun aktuallığından danışıb.

Sonra çıxış edən Xarəzm vilayət hakiminin birinci müavini Sənət Salayev belə tədbirlərin qardaş xalqlar arasında elmi, mədəni, ədəbi əlaqələrin möhkəmlənməsində böyük əhəmiyyəti olduğunu vurğulayıb.

Konfransda Türkiyə Cümhuriyyəti Ondokuz Mayıs Universiteti rektoru professor Yavuz Ünal çıxış edərək təhsildə milli mentalitetin əhəmiyyətindən söz açaraq ibtidai siniflərdən başlayaraq ali təhsil pilləsinə qədər milli kimliyin təbliği və qorunmasının hər kəs üçün vacibliyini vurğulayıb.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə çıxışında milli dəyərlərin təbliği, qorunması, gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edərək bu işdə təhsilin xüsusi rolunu diqqətə çatdırıb. Azərbaycan və Özbəkistanın təhsil müəssisələri ilə Azərbaycan Mədəniyyət Mərkəzinin sıx əməkdaşlığından söz açan Kərimulla Məmmədzadə bu sahədə həyata keçirilmiş layihələrdən bəhs edib. Qeyd olunub ki, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın ondan artıq ali təhsil ocağında Azərbaycan milli mədəni mərkəzləri açılıb.

İlk təhsil pilləsindən etibarən milli kimlik immunitetinin güclənməsinin vacibliyini vurğulayan Kərimulla Məmmədzadə qardaş türk dövlətləri arasında təhsil sahəsində əlaqələrin daha da möhkəmlənməsinin vacib olduğunu söyləyib.

Konfransda, həmçinin Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov, Xarəzm vilayəti hakiminin müavini, Ailə qadın-qızlar işləri üzrə şöbənin müdiri Niqora Masharipova, Ürgənc Dövlət Pedaqoji Universitetinin prorektoru professor Sərdar Xocaniyazov, Ondokuz Mayıs Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Mustafa Səid Kurşunoğlu, Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri professor Qəhrəman Rəcəbov, hindistanlı alim Vasim Salim Tamboli və başqaları müvafiq sahədə mövcud aktual problemlərdən söz açıblar.

Beynəlxalq elmi konfrans plenar iclaslarla davam edib.