QƏRBİ AZƏRBAYCAN

Paşalı Rayonu, Gabud kənd icmasının ilk iclası keçirildi

08 mart 2025-ci il tarixində Qərbi Azərbaycan Paşalı Rayonu, Gabud kənd icmasının Beynəlxalq Diaspor Mərkəzinin ofisində icmanın ilk iclası keçirildi.

bdmxeber.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Gabud kənd icmasının sədri Tural Abbasov icma üzvlərini salamladı və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdı. Tədbir iştirakçıları şəhidlərimizin ruhunu ehtiramla yad etdilər.

Daha sonra Tural Abbasov icmanın qarşısında duran əsas vəzifələr və perspektiv fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdi, icmanın qarşıda duran məqsədləri və görüləcək işlər barədə iştirakçıları məlumatlandırdı. İclasda kəndin tanınmış ziyalıları, ağsaqqalları və fəal icma üzvləri iştirak edərək vacib məsələlər ətrafında geniş fikir mübadiləsi apardılar.

İclasda müzakirə olunan əsas məsələlər bunlar olmuşdur:

  1. İcmanın strukturunun formalaşdırılması – İcmanın təşkilati quruluşu, fəaliyyət prinsipləri, idarəetmə və daxili nizam-intizam qaydaları barədə təkliflər irəli sürülərək müzakirə edilmişdir.

  2. Regionda dayaq məntəqələrinin yaradılması – Ölkənin şəhər və rayonlarında icmanın təmsilçiliyini təmin etmək və təşkilatlanmanı gücləndirmək məqsədilə dayaq məntəqələrinin təsis olunması məsələsi müzakirəyə çıxarılmışdır.

  3. Gabud kəndinin maddi və mənəvi irsinin qorunması və gələcək nəsillərə çatdırılması – Kəndin tarixi, mədəniyyəti, adət-ənənələrinin toplanaraq gələcək nəsillərə ötürülməsi məqsədilə kitab nəşri, qısa metrajlı filmlərin hazırlanması və digər maarifləndirici layihələrin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur.

  4. Qərbi Azərbaycan İcmasının (QAİ) yeni vəsiqələrinin təqdimatı – İclasda icma üzvlərinə rəsmi vəsiqələr təqdim edilmiş və onların hüquqi statusları rəsmiləşdirilmişdir.

Tural Abbasov tədbirin sonunda çıxış edərək bu ilk görüşün əhəmiyyətini xüsusi vurğulamış, icma üzvləri arasında birlik və həmrəyliyin qorunmasının vacibliyini qeyd etmiş, belə görüşlərin mütəmadi keçirilməsinin önəmini diqqətə çatdırmışdır.

İclasda, həmçinin tədbirin məruzəçilərindən biri, tanınmış alim və tədqiqatçı, “Şərur-Dərələyəz qəzasının kameral təsviri” kitabının müəllifi, Gabud kəndindən olan Nazir Əhmədliyə də söz verilmişdir.

İcma sədri Tural Abbasov Nazir Əhmədlinin Qərbi Azərbaycanın tarixi və ictimai-siyasi gerçəkliklərinin araşdırılmasında göstərdiyi misilsiz xidmətləri xüsusi qeyd edərək, onun çıxışının tədbirin məqsədinə əlavə dəyər qatacağını vurğulamışdır.

Nazir Əhmədli çıxışında Qərbi Azərbaycanın, o cümlədən Gabud kəndinin tarixindən, mədəni irsindən və xalqımızın üzləşdiyi ictimai-siyasi məsələlərdən bəhs edərək, tarixi ədalətin bərpası naminə aparılan elmi və ictimai fəaliyyətlərin vacibliyini diqqətə çatdırmışdır.

İclas xatirə şəkilinin çəkilməsi ilə başa çatmışdır.