ELM VƏ TƏHSİL

“Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsi üzrə test imtahanı keçirilib

“Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsi üzrə test imtahanı keçirilib. Müsabiqə 4 mərhələdən ibarətdir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) məlumat verilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün təşkil olunan bu müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı gəncləri aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaqdır.

Test imtahanında 448 nəfər iştirak edib. Onların ümumi dünyagörüşü səviyyəsini yoxlamaq üçün suallar təqdim olunub. Suallar arasında dünya və Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, müasir trendlər, hüquq və iqtisadi həyat, eləcə də ali təhsil və Pedaqoji Universitetlə bağlı mövzular yer alıb.

Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, layihə rəhbəri Cavid Hüseynov imtahanların gedişini izləyib, iştirakçıların təəssüratlarını dinləyiblər.

“Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin 10 qalibinin hər birinə 1000 manat məbləğində pul mükafatı və digər hədiyyələr, xarici dil və informasiya texnologiyaları üzrə ödənişsiz kurslar, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla birillik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim edilir.

Həmçinin müsabiqənin finalçılarının adları kadr bankına əlavə olunmaqla onlara müvafiq sertifikatlar və hədiyyələr təqdim olunacaq.

Müsabiqə BP şirkətinin, “Prestij-S” Tədris Mərkəzinin və “IT Brains Academy”nin sponsorluğu ilə keçirilir.