ANALİTİK MƏQALƏLƏR

Professor: Ortaq Türk Əlifbasına keçid edildikdə Azərbaycan əlifbasında heç nə dəyişməyəcək

Sentyabrın 9-11-də Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasında Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olunub. Maraqlıdır, Ortaq Türk Əlifbasından necə istifadə olunacaq? Bu əlifbanın Türk dünyasına hansı faydaları var?

Mövzu ilə bağlı AZƏRTAC-ın suallarını cavablandıran Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev bildirib ki, 2022-ci ilin sentyabrında Bursada keçirilən konfransda Türk Dövlətləri Təşkilatı Türk Dünyası Ortaq Əlifbası Komissiyasının yaradılmasına qərar verilib. Onun sözlərinə görə, qərara əsasən, komissiyanın işinin təşkili Beynəlxalq Türk Akademiyasına tapşırılıb: “2023-cü ilin əvvəlində Beynəlxalq Türk Akademiyasında bu mövzunu müzakirə etdik. Türk Dünyası Ortaq Əlifbası Komissiyasının birinci iclası ötən il Qazaxıstanın paytaxtı Astanada baş tutdu. Mayın 6-da və sentyabrın 9-11-də isə komissiyanın ikinci və üçüncü iclasları Bakıda keçirildi. Türk Dünyası Ortaq Əlifbası Komissiyası bir neçə türkdilli ölkələrin nümayəndələrindən ibarətdir. Hər bir Türkdilli dövlət 2 nümayəndəsini komissiyaya üzv kimi təqdim edib. Bu, rəsmi dövlətlərarası komissiyadır. Beynəlxalq Türk Akademiyası bu komissiyanın katibliyi vəzifəsini yerinə yetirir. Komissiyanın əsas vəzifəsi Ortaq Türk Əlifbasının yaradılması idi. 1990-cı ildə İstanbulda Ortaq Türk Əlifbası Simpoziumunda Türk dünyasının tanınmış dilçi alimləri 34 hərfdən ibarət bir layihə hazırlamışdılar. Bu layihədə bütün Türk dillərinə məxsus səsləri əks etdirən hərflər var. Komissiya əlifba layihəsini əsas kimi götürdü və onun üzərində işlər getdi. Birinci layihədə bir neçə dəyişiklik edildi. Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasında əlifbanın son variantı təsdiq olundu. Artıq təsdiq olunmuş layihə Türk Dövlətləri Təşkilatı vasitəsilə üzv dövlətlərə, Xarici İşlər nazirliklərinə, əlaqədar qurumlara göndərilib”.

Şahin Mustafayev bildirib ki, hər bir dövlət öz dilinə uyğun olaraq əlifbanı qəbul edəcək: “Bəzən elə düşünülür ki, əlifba 34 hərflidirsə, bütün Türk dövlətləri onu olduğu kimi təsdiqləyəcək. Lakin elə deyil. 34 hərfli ortaq əlifba bir çərçivə əlifbasıdır. Məsələn, Azərbaycan əlifbasında heç nə dəyişməyəcək, əlifbamızda olan bütün hərflər orada var. Orta Asiya Türk dövlətləri, məsələn, Qazaxıstan, Qırğızıstan hələ latın əlifbasına keçid etməyiblər. Özbəkistan latın əlifbasına keçsə də, əlifbasında natamamlıqlar var. Bu əlifbaya uyğun şəkildə digər Türk dövlətləri də öz əlifbasını dəyişəcəklər. Məqsəd ondan ibarətdir ki, bütün Türk dillərində səslərin eyni hərflərlə ifadə olunmasıdır. Ortaq Əlifba Komissiyasının öz vəzifəsini yerinə yetirmiş hesab edə bilərik.

Son illərdə Türk dövlətləri arasında ciddi şəkildə yaxınlaşma, birləşmə, inteqrasiya prosesi gedir. Elm, təhsil, mədəniyyət sahəsində də inteqrasiya prosesi intensivləşir, güclənir. Yəni Türk xalqları eyni əlifbanı yazıda işlədərlərsə, Ortaq Türk Əlifbası ünsiyyət vasitəsi kimi bir-birimizin yazılarını daha aydın şəkildə anlamağımız üçün çox böyük bir kömək olar. Ortaq Türk Əlifbası dil, ədəbiyyat, mədəniyyət baxımından Türk dövlətləri arasında yaxınlaşmanı asanlaşdıran çox ciddi alətdir”.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva hesab edir ki, Ortaq Türk Əlifbası Türkdilli dövlətlərin layihələrinin həyata keçirilməsi, ortaq lüğətlərin hazırlanması, mədəniyyətimiz, ədəbiyyatımız dilimiz naminə ümumtürk abidələrinin tətbiqi işinə öz töhfəsini verəcək: “Latın qrafikalı Azərbaycan əlifbası Ortaq Türk Əlifbasında bütünlükdə öz əksini tapıb. Türk dillərində, o cümlədən Azərbaycan dilində geniş istifadə olunan “ə” səsinin yazıda işarəsi olmalıdır. “X” səsi varsa, onun yazıda işarəsi olmalıdır. Burada öz dilini, öz əlifbasını görmək istəyən bütün Türk xalqları üçün əlifba işlək olacaq. Müstəqil Azərbaycan dili də bütövlükdə burada təmsil olunacaq. Hesab edirəm ki, Birinci Türkoloji Qurultayın keçirildiyi Bakıda Ortaq Türk Əlifbasının təsdiq olunması qürurverici, tarixi hadisədir”.