GÜNDƏM

Putin yenə “sağ göstərib, sol vurdu”: İstanbul görüşü nə üçün lazım idi? – ŞƏRH

Nəhayət, bu gün İstanbulda Ukrayna-Rusiya nümayəndələri arasında görüş keçirildi. Lakin görüşdə yeni xəbər atəşkəs yox, əsir mübadiləsi ilə bağlı razılaşma oldu. Belə ki, tərəflər “1000-1000” düsturuna uyğun əsir mübadiləsi aparacaq.

Lakin Ukrayna tərəfinə bu razılaşmadan daha çox atəşkəs lazım idi. ABŞ lideri Donald Trampın təklif etdiyi həmin o 30 günlük atəşkəs. Putin İstanbul görüşünü təklif edəndə hamı düşündü ki, yəqin atəşkəsi qəbul etmək üçün bu addımı atdı, lakin Putin yenə “sağ göstərib, sol vurdu”.

Maraqlıdır görəsən Putin Ukraynanın atəşkəs istədiyini bildiyi halda niyə bu görüş təklifini irəli sürdü? Daha doğrusu Putin niyə atəşkəslə razılaşmaq istəmir? Turkustan.az olaraq bu suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov

Putinin İstanbulda görüş təklifi əslində bir taktiki gediş idi. O, hesab edirdi ki, Ukrayna tərəfi bu görüşə qatılmayacaq. Onu bu qənaətə gətirən Zelenskinin Putin ilə görüşünü qadağan edən fərman idi. Rusiya lideri düşündü ki, Zelenski bu fərmanı əsas turaraq birbaşa danışıqlardan imtina edəcək. Amma fərqli bir mənzərənin şahidi olduq. Zelenski dərhal görüş təklifinə reaksiya verdi və bildirdi ki, mayın 15-də Putini İstanbulda gözləyəcək. Şübhəsiz ki, Putin bu addımı atmaqla həm də özünün guya sülh tərəfdarı olduğunu göstərməyə çalışdı. Bu hərəkəti ilə o, həm Trampın nəzərində həm də, Çin rəhbərinin nəzərində müəyyən qədər savaşı durdurmaq istəyən lider görkəmini yaratmaq istədi. Amma bu səmimi bir gediş deyildi, sadəcə olaraq bir manipulasiya idi. Rusiya tərəfi ümumiyyətlə son bir neçə ayda, xüsusilə də Amerika ilə birbaşa danışıqlar prossesi başlayandan maksimalist tələblər irəli sürərək, savaşın dayanmasına yox, davam etməsinə stimul verir. Hətta vəziyyət o yerə çatdı ki, Amerika rəhbərliyi Rusiyanın qəbul edilməsi çətin olan şərtlər irəli sürdüyünü etiraf etdilər. Bu görüş onu göstərdi ki, İstanbul görüşünə Rusiya hazır deyildi. İki liderin görüşünün mümkün olmamasının digər tərəfi də texniki heyətlərin görüşü hazırlaması üçün fürsət tapmaması oldu. Sanki hər şey çox tələsik baş verdi. Adətən liderlərin görüşü üçün bir çox məsələlər müzakirə olunub həllin tapır, həll olunmamış məsələlər onların iştirakı ilə həll olur. Amma bu periodda biz bu prosesi görmədik. Digər tərəfdən tərəflərin prosesin gedişatına və savaşa münasibəti də fərqlidir. Əgər Ukrayna dərhal qeyri- şərtsiz bir ay sülh razılaşması istəyirsə və bunun ardında danışıqları təklif edirsə, Rusiya təmamilə əks mövqedə dayanır. Rusiya öncə danışıqlar, sonra atəşkəs təklifi ilə prosesə qatılmaq istəyir. Bu da danışıqları əngəlləyən əsas amil hesab oluna bilər. Putin bu addımı ilə son anda bütün prossesi blokladı. Əslində özünün savaşı davam etdirməkdə maraqlı olduğunu nümayiş etdirdi. Bugünkü danışlarıqlarda hərbi əsirlərin dəyişdirilməsi onu göstərir ki, orada başqa fundamental məsələlər müzakirə olunmayıb.

Aytən Yaşar/ Turkustan.az









Mənbə: Turkustan.Az