Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Varşava İqtisadiyyat Universitetində sərgi keçirilib
14 oktyabr 2024-cü ildə Polşanın nüfuzlu ali təhsil ocaqlarından olan Varşava İqtisadiyyat məktəbində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərginin açılışı baş tutub. Sərgidə Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova, Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – mətbuat katibi Ülviyyə Zülfiqar, Varşava İqtisadiyyat Universitetinin rektoru Piotr Vaxoviak, Polşa – Azərbaycan Parlament Qrupunun sədri Pşemıslav Vitek, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, incəsənət və mətbuat nümayəndələri, akademik dairələr, habelə Azərbaycan diasporunun nümayəndələri iştirak edib.
Qərbi Azərbaycan mədəni irsi ilə bağlı Avropada ilk dəfə keçirilən sərginin açılışını edən rektor P. Vaxoviak, rəhbəri olduğu ali məktəbdə belə bir sərginin keçirilməsindən məmnun olduğunu bildirərək sərgiyə uğurlar arzulayıb.
Səfir N.Qurbanova çıxış edərək dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biri kimi ölkəmizin ərazisində minilliklər ərzində yaradılmış zəngin mədəni irsə malik olduğunu bildirib. O, qeyd edib ki, İrəvan xanlığı təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində mühüm rol oynayıb. Bu Azərbaycan dövləti 19-cu əsrin əvvəllərində ölkəmizin regionun böyük dövlətləri arasında qanlı müharibələr teatrına çevrildiyi zaman öz müstəqilliyi uğrunda yadelli işğalçılara qarşı qəhrəmanlıqla mübarizə aparıb.
Səfir İrəvan xanlığının tarixi barədə ətraflı məlumat verərək xanlığın tarixinin Azərbaycan xalqının zəngin maddi və qeyri-maddi mədəniyyət tarixinin tərkib hissəsi olduğunu vurğulayıb. N.Qurbanova davam edib ki, xanlığın paytaxtı İrəvan şəhərinin adının orta əsr yazılı mənbələrində “Rəvan”, “İrəvan”, “İrivan” kimi çəkilib, şəhər 4 məhəllədən – Qala, Şəhər, Təpəbaşı və Dəmirbulaq yaşayış massivlərindən ibarət olub. Səfir İrəvan şəhəri və onun ətrafında hidronim və oykonimlərin mütləq əksəriyyətinin Azərbaycan dilində olmasının bu ərazinin azərbaycanlıların qədim yaşayış məskənlərindən olduğunu sübut etdiyini diqqətə çatdırıb.
O, Avropalı səyyah və səlnaməçilərin, o cümlədən Jan Batist Tavernye, Jan Şarden, Dübua de Monper, Avqust fon Haksthauzen və digərlərinin əsərlərində İrəvan şəhərinin səciyyəvi müsəlman şəhəri kimi təsvir olunduğunu qeyd edib.
Səfir 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində İrəvanda Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa Xan və s. kimi çoxlu sayda Azərbaycan adına küçələrin mövcud olduğunu bildirib.
Səfir 20-ci əsrin əvvəllərinədək İrəvan qalası, onun daxilində yerləşən Xan Sarayı (Sərdar Sarayı) və Abbas Mirzə məscidinin şəhərin tarixi-memarlıq inciləri hesab olunduğunu diqqətə çatdırıb və Xan Sarayını tikdirən İrəvan sərdarları barədə məlumat verib.
Səfir indiki Ermənistan ərazisində mövcud olmuş 3500 tarixi və mədəni abidə, 500 qəbiristanlıq və 391 məscidin Qərbi Azərbaycanın tarixi irsinin tərkib hissəsi olduğunu vurğulayıb və 1905-1906, 1918-1920, 1948-1953 və 1987-88-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən deportasiya və qırğınlarin nəinki azərbaycanlıların indiki Ermənistandan kütləvi surətdə köçürülməsi ilə nəticələndiyi, həm də minlərlə tarixi abidə, məscidin yerlə-yeksan edildiyini təəssüflə diqqətə çatdırıb.
Sonda səfir qeyd edib ki, abidələri məhv etmək asan olsa da, tarixi ümumi yaddaşımızdan silmək mümkün deyil və öz soyunu Qərbi Azərbaycandan götürən azərbaycanlı gənclərin sərginin açılışında iştirakı bir daha sübut edir ki, gec-tez həqiqət üzə çıxır.
Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – mətbuat katibi Ülviyyə Zülfiqar çıxışı zamanı sərgiyə gələn bütün qonaqlara təşəkkür edərək bildirib ki, Qərbi azərbaycanlılar ötən əsr ərzində bir neçə dəfə deportasiyaya məruz qalıb və nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistanın Qərbi azərbaycanlıların zəngin mədəni irsinə ağır zərbələr vurduğunu, azərbaycanlıların yaşayış məntəqələrini xarabalığa çevirdiyini, əsrlərin sınağından keçmiş abidələri yerlə yeksan etdiyini qeyd edən İcma rəsmisi, Ermənistanda azərbaycanlılara məxsus 300-dən çox məscidin, yüzlərlə qəbiristanlığın məhv edildiyini bildirib. O, Göyçə aşıq məktəbinin tanınmış siması Aşıq Ələsgərin doğma kəndindəki qəbirüstü abidəsinin Ermənistan tərəfindən məhv edildiyi haqqında məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Bakıda Aşıq Ələsgərin abidəsinin açılışını həyata keçirməsini xalqımızın mətanətinin, mədəni dayanıqlıqlılığının və qayıdışa inamının simvolu olduğunu vurğulayıb. İcma rəsmisi mədəni irsə edilən hücumun həm də bütövlükdə bəşəriyyətə qarşı yönəldiyini qeyd edərək, beynəlxalq ictimaiyyəti, İcmanın ədalət yolunda apardığı mübarizəyə dəstək verməyə çağırıb.
Qeyd edək ki, oktyabr ayının 25-dək davam edəcək sərgidə Qərbi Azərbaycanın zəngin irsini əks etdirən şəkillər, eksponatlar, kulinariya nümunələri əks edilib. İrəvan xanlığının bayrağı, Qərbi Azərbaycanlıların deportasiyası, dağıdılmış məscidlərimiz, abidələrimiz, qəbiristanlıqlarımız, Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin fotolarının əks olunduğu sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb, soydaşlarımızın başlarına gətirilən müsibətlər barədə onlara ətraflı məlumat verilib. Tədbirdə həmçinin Qərbi Azərbaycan mətbəxindən təamlar nümayiş olunub.